***
Üzüm Allaha tərəfdi,
ürəyim sənə.
Bu gün ağzı dualıyam,
de, nə diləyim sənə?
Kəpənək dalınca yola çıxmışıq,
Qismətə bu yolu haqlamaq düşür.
Ordan bir şıdırğı ağla, sevgilim,
İndi sümüyümə ağlamaq düşür.
Nə yas halvasıyam, nə toy xonçası,
Hamıdan bir qarış kənar durmuşam.
Heç kimin dilinə düşməyən ağı,
Sənin əllərinə həsrət alqışam.
Ya meyvə yığmağa, ya gül dərməyə
Dayansam, nəfəs də dərərdim bir az.
Özümdən getməyin yolunu tapsam,
Gedib sənə tərəf gələrdim bir az.
Ayılıb görərdim eyni evdəyik,
Özümü qapıda qarşılayıram.
Baxıb pəncərədən göyə deyirəm:
Qonaq Allahındır, bağışlayıram.
***
Gəl ki, eşq əhli üçün zövqü səfa göstərəsən,
İstəməz ömrünü bir ləhzə qəra göstərəsən.
Bir qələtdir, dedilər, səndə vəfa görməmişik,
Səni kim gördü məgər, sən də vəfa göstərəsən?
Sənə çatmaq dilədim, qoymadı nəfsim, yoxsa,
Heç qoyardımmı mənə bunca cəfa göstərəsən?!
Din, dedim, eşqdi, gör zahid inandı? Ay-hay,
Öyrənib, əldə Quran, başda həva göstərəsən.
Cəmi vəssaflərin hicrini vəsf eylədilər,
Bir macal vermədilər başqa bəla göstərəsən.
Dildə, Naib, çoxu vallahi, həyadan danışır,
Şərt odur, yar hüzurunda həya göstərəsən.
***
Gəl, üzümə sığal çək,
gözünü dik gözümə.
Ürəyində nə varsa,
hamısın de üzümə.
De ki, sənə gəldiyim
günə qara daş düşə,
həmin vaxt kirpiyindən
yanağına yaş düşə.
Mən də düşəm gözündən,
itəm, itəm hardasa,
bir vaxt sevdiyim qıza
yetəm, yetəm hardasa.
Yetəm bir vaxt dərdindən
öldüyüm həmin qıza,
at belində toyunda
ağlayan gəlin qıza.
O gün mən də ağladım,
ağı dedim, İlahi.
O qızı kim sevdisə,
yağı dedim, ilahi.
İndi görən mən kimin
yağısıyam, yadıyam?
Bir gözəlin qisməti,
bir gözəlin adıyam.
Bu dilimdən tökülən
söz nəyimdir, ilahi?
Xəyalımda ağlayan
qız nəyimdir, ilahi?
***
Qız sevəndə düşəsən
naz eləyən vaxtına.
Lal baxışın dindirib
söz eləyən vaxtına.
Dinc durmayıb ədası
gözlərini süzdürə.
Ən müqəddəs sözləri
dodağında gəzdirə.
Hər addımda bir qədər
naza qoya ayağın.
Yad baxışlar gəzəndə
utandıra yanağın.
Saçlarına toxunub
külək çıxa özündən.
Barmaqları ərincək
saçın yığa üzündən.
Kirpikləri yamyaşıl
gözlərini bağlaya.
Dodaqların səninçün
öpülməmiş saxlaya.
***
Bu həsrətin ölümlə arası bir qarışdı,
Qayıt, demək darıxmaq, bir az da yalvarışdı.
Bir az payızdı burda, bir az da qarlı qışdı,
Bulud həmin buluddu, yağış həmin yağışdı.
Əcəb maraqlı qışdı...
Bu həsrətin qəmindən sözüm qırış-qırışdı,
Bu qəm ki, köhnə qəmdi, bu qəm mənə tanışdı.
Xəyallarım səninlə qədəm-qədəm dolaşdı,
Yoruldu, bezdi axır, mənimlə razılaşdı.
Bu həsrət ilmə-ilmə düzəltdiyim naxışdı,
Zəhrimara soruşma, gözüm nə vaxt alışdı.
Bu həsrətin ölümlə arası bir qarışdı,
Qayıt, demək darıxmaq, bir az da yalvarışdı.
***
Səni unudaram bir axşamüstü
Kəndi azan səsi bürüyən vaxtda.
Ağlayıb-ağlayıb kiriyən vaxtda,
Sözüm ayaq tutub yeriyən vaxtda.
Səni unudaram, bəlkə, bu payız,
Nə bilim, bəlkə də, gələcək bahar.
Mən səni unutmaq istəsəm əgər,
Səni unutmağa neçə səbəb var.
Səni unudaram özgə dodaqda,
Səni unudaram özgə baxışda.
Səni unudacam bir axşamüstü,
Amma unutmasam, məni bağışla.
***
İlahi, bağışla məni, o qızın
Saçını qoxlayan çiçəyə xatir,
Üzünü oxşayan küləyə xatir,
Tək Səndən umduğu köməyə xatir.
İlahi, bağışla məni, o qızın
Ovcumda üşüyən buz əllərinə.
İlahi, ömrümün güllərini dər,
Dərib, ləçək-ləçək düz əllərinə.
Görməsin ağlayan məni, İlahi,
O qızın gözünü bağlayım gərək.
İndi öz dərdimə ağlamaq üçün
O qızın gözüylə ağlayım gərək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
