"Həyati seçimlər" seriyasından - Kənan HACI

 

Nə olsun ki, zənginlər siyahısında

adım yoxdur?

Gözüm toxdur,

divar boyu düzülən

cild-cild kitablar

mənim var-dövlətimdir,

qutulara yığılan, banklarda qorunan

dollar dəstləri

rəflərə düzülən kitablara uduzub həmişə...

Beynimdən nə üçünsə

bu fikirlər keçdi sübh tezdən, tələsəndə işə...

Dollar xəyanətkardır,

kitab sadiq dost,

bu gün sədaqət insan üçün

ən vacib keyfiyyətdir,

əsas niyyətdir,

niyyətin təmiz olsun,

qalanı təfərrüatdır,

zəngin dostlarım,

sizə peşkəşdir bütün kitablarım!..

 

 

Əhya gecəsi

 

Yasəmən rəngli gecə,

bu gecənin lüğətində yuxu sözü yoxdu...

Əhya gecəsidir,

dualar çiçək açır dodaqlarda,

Tanrı bəndələri ilə danışır

sükut dilində,

bu gecənin sükutu

möhürə əyilən alınlarda pozulur,

canamaz əməl dəftərimizdir,

işarələrin fəhmində

Qünuta açılan əllərimizdir.

İmanımızın sınaq gecəsidir

yasəmən rəngli gecə...

İlk dəfədir ki, məsciddə şeir yazıram,

sülh sözünü vird edirəm,

bu da Tanrıdan başqa bir kimsəsi

olmayan bir bəndənin ibadətidir...

Ey Yaradan!

Sənə pıçıldayıram buradan,

müstəcəb et dualarımı,

hifz elə məmləkətimi...

 

 

Kədərin ayaq izləri

 

Bu soyuqqanlı tənhalıq

daha xəfiyyə kimi

ardımca sürünmür,

addımlarıma çevrilib artıq...

 

 

Ehtirasın yaddaşı

 

Ehtirasın yaddaşı çox zəifdir,

xəyanətin palçıqlı cığırlarını

çox tez unudur,

o da gənclik kimi yaman bədxərcdir,

arzuları toz burulğanı yaradan qadınlar,

indiki zamanın sıxıb şirəsini çıxaran kişilər

fosfor kimi tez parlayıb tez sönən şəhvətin

qurbanlarıdır,

kaş gəncliyimizdə anlayaydıq

bu həqiqətləri,

boğardıq içimizdən baş qaldıran

xəyanətləri...

 

 

Unutqanlıq vadisi

 

Şəhərdə qoyub yaddaşımı,

unutqanlıq vadisinə

köçmək istəyirəm biryolluq...

ağır yükdür

yaddaşı üzərində daşımaq,

yaddaşından şikayətlənənlər

bilmirlər ki, necə xoşbəxtdirlər;

onları tez-tez narahat etməyəcək

arzuların məyusluğu ilə bəzənmiş

xatirələr...

 

 

Qorxulu nağıllar

 

Bayatı ilə dil açıb

nağılla kiriyən Gülzaman nənənin

xəbəri olmadı milyarderlərin

Qiyamət bunkeri yaratdığından,

Epşteyn apokalipsisindən,

dünyanı xaraba qoyanlar

yerin dibində özlərinə sığınacaq qururlar

saray misalı,

onlar bu dünyada Tanrını görmədi,

başqa bir dünyanın cəhənnəmində

özlərinə cənnət qura bilməyəcəklər...

Gülzaman nənə

uçan xalçaların,

Simurq lələyinin adamı idi,

Allah adamı idi,

"əl mənim deyil, Fatimeyi-Zəhranın əlidir" deyib

sığal çəkərdi kürəyinə,

bütün ağrıların çəkilib gedərdi işinə,

Seyid qızıydı,

cəddinin bütün pis adamlara

qənim olacağına inanırdı,

danışdığı bütün nağıllar

xeyrin şərə qalib gəlməsiylə sonuclanırdı,

xeyir-duası yolumuzu

günəş kimi işıqlandırırdı...

biri vardı, biri yoxdu,

bir Gülzaman nənə vardı,

indi isə yoxdu,

qorxulu nağıllar gerçək oldu...

 

 

Yazmaq istədiyim post

 

Elvin Rizvangilə

 

Mən darıxan adamam,

güzgüləri tərlədir tənhalığın nəfəsi,

yuxum da səfil kimi

veyil-veyil dolaşır

20-ci sahənin zülmət küçələrində,

işıqlar da

lap çoxdan

öləziyib, soyuyub

küçə fənərlərində,

"Zara" kafesində

domino səsləri bəstələyir

tənhalıq nəğməsini,

sükut tez-tez diksinir

bu hüznlü kafedə,

pişik qıvrılıb yatıb

skamyanın üstündə,

nə görürsə yuxuda,

qulağı diksinir hey...

Mən biçarə Parisin səfillər məhləsində

sanki yorğun bir lakey...

Burda lövbər salıb tənhalığım,

soyuyur limonsuz çayım;

mənim tənhalıq payım,

istəyirəm o pişiktək

skamyada xoşbəxtlik yuxusuna dalım,

bax, indi, bu dəqiqə belədir halım,

yolunu gözlədiyim dost,

yenə şeirə çevrildi

yazmaq istədiyim post...

 

***

Duman yoruldu deyəsən,

Günəş ona qalib gəldi

bir aprel səhərində...

 

 

Hörmüz boğazı

 

Saat öz əbədi vərdişindədir,

baxıram, əqrəbin yönü beşədir,

xəbər axınları qoymur yatmağa,

Hörmüz boğazında düyünlənib

dünyanın ən yağlı tikəsi,

bəşərin ən uzun səksəkəsi...

dünya xəritəsinin tıxanma nöqtəsi,

Xeyir Tanrısının duaları

iki körfəz arasında asılı qalıb,

sual ver tarixə -

bu savaşda kim uduzub,

kim qələbə çalıb?

Tarix bu sualın cavabını

gələcəyə saxlayıb,

zaman əbədi vərdişindədir,

öz işindədir...

O kimdi, öz "qələbə"siylə öyünür?

Dünyanın nəbzi Hörmüzdə döyünür,

xəbər axınları qoymur yatmağa...

 

 

"Tanatos" kafesi

 

Qəhrəmanın kafesində

rastlaşdım arzuların külüylə,

çox adam rastlaşıb burda öz ölümüylə...

həminki "alkaş"lar yoxa çıxıb,

stollar həmindi, soba yerində,

yüz qramlıq adamlar çoxdan ölüblər yəqin,

araq şüşələrisə dipdiridi vitrində,

"zakuska"lar da yerində,

iki dilim limon, bir dilim pendir,

əyyaşlar burada necə də şəndir,

ölənləri əvəz edir təzə badəpərəstlər,

bu xərabatda,

talelər xərabəsində

gözümə dəymədi köhnə tanışlar,

təcrübəli əyyaşlar,

nəsillər burada sürətlə

bir-birini əvəz edir,

Tanatosun hökmündədir müştərilər,

Qəhrəman Dionis kimi

qərar tutub Olimpdə,

əzəli yerində...

 

 

Aprel tezisləri

 

Rütubət dövrünün ən münbit ayı,

küləklər gecə-gündüz zinhara gətirir şəhəri,

qara buludlar

mühasirəyə alır ayı,

bu şəhərin adamları

küləyin vəhşi bağırtıları altında açır səhəri,

aprel küləkləri

başdan alır papaqları,

uçurur havaya sərsəm fikirləri,

gecə yataqda qorxudur uşaqları,

tökür budaqlarda tumurcuqları,

qarderobun

ən çox ələk-vələk edildiyi

aydı aprel,

gödəkçə, ya pencək?

çox yorur adamı bu qlobal və qozbel

sual,

lap zəhləmizi tökdü bu aprel tanqosu,

deyirəm, bəlkə bu,

iqlim dəyişməsinə protestodu?!

 

 

Meteor yağışlarından əvvəl

 

Tarixin əvvəlini Herodot,

sonunu isə Fukuyama

yazdı guya,

hər dəfə sivilizasiyalar dəyişəndə

bəşər oğlu zənn edir ki,

tarixin sonudur,

hər zamanın öz Fukuyaması var,

İlon Maskısa yoxdur,

NASA münəccimləri

təhlükəli asteroidləri izləsə də

meteor yağışları

öz vaxtında yağacaq,

Tarixin üfüqündə

Günəş yenə öz taxtına çıxacaq

milyon illər əvvəlkisayaq.

Gəlin, tarixin ortasında

hoqqa çıxarmayaq,

süni intellektin başına

ağıl qoymağa çalışmayaq,

çat cpt-ni mənasız suallarımızla

yormayaq,

indi, bu dəm

odur sahibi qoca tarixin,

o həm Herodotdur, həm Fukuyama,

inanırsan inan, inanmırsan inanma...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!