Şeirlər - Məmməd TAHİR

 

Müharibə

 

Üzür isti sularda

Gəmilər ağır-ağır.

Soyuq yağış yerinə

İsti mərmilər yağır.

 

Dildə kəlmə-şəhadət,

Hər kəs ölümə hazır.

Göydən üzülən əllər,

Yerdə məzarlar qazır.

 

Bağçalar qan içində,

Məktəblər qan gölüdü.

Dünən diri gördüyün,

Bu gün təzə ölüdü.

 

Cin şüşədən çıxıbdı,

Həyat-ölüm dib-dibə.

Evləri, küçələri

Öldürür müharibə.

 

Mərmi alıb aparır,

Öldürür axşam-sabah.

Yeni doğan körpənin

Alnına yazı yazmaq

Fürsəti tapmır Allah.

 

Deyən, daha gərək yox,

Nə dərmana, təbibə.

Deyəsən, yer üzündə

Allahın kölgəsini

Öldürür müharibə.

 

 

Təsəlli

 

Ağlama, dərdini torpağa söylə,

Ya oda, ya közə, ocağa söylə.

Əyib bir budağı, yarpağa söylə,

Biri səni anlar.

Bir az həvəs verər,

Sənə nəfəs verər.

Səsinə səs verər əlbət, birisi.

Ya cini, şeytanı, ya bir dəlisi,

Yerdə adamı yox, göydə pərisi,

Alıb qanadına ovudar səni.

Çəkdiyin acıdan çovudar səni.

Durub yol getməyə heyin yox isə,

Başını qoymağa çiyin yox isə,

Üzünü bir daşın üzünə söykə.

Mən də darıxıram, gör nə zamandı,

Qoy gəlim, başını çiynimə söykə.

 

 

Gecələri günəş olmur

 

Bir çiçəyin ləçəyində yaş olmağı,

Bir namərdə atılacaq daş olmağı,

Küsdürəndə uçub gedən quş olmağı

Öyrət mənə.

Olum hərdən ya bir yoxuş, ya bir təpə,

Mən də hərdən uyum dəbə.

Nə yaş olum, nə quş olum, nə daş olum,

Gedən səsə, gələn sözə yoldaş olum,

Gözlərində gah həyəcan, təlaş olum.

Dağda duman,

Dənizlərdə olum ləpə,

Mən də hərdən uyum dəbə.

Sərçə dəni görərsə dən olan deyil,

Yaşamalı, gün görməli dövran deyil,

Nə söyləsə, kim nə desə, yalan deyir,

Yüz gün belə qar ələyə, yağış səpə,

Könlüm uyan deyil dəbə.

İşığı yox

Nə o yanın, nə bu yanın,

Mən aldandım qışın isti yağışına,

Günün soyuq baxışına,

Gecələri günəş olmur bu dünyanın.

 

 

Sən bir solğun şəkil

 

Durnalar Bağdaddan döndüyü kimi,

Pərvanələr oddan döndüyü kimi,

Dönüb gəlmisən.

Bir şamın əriyib söndüyü kimi,

Sönüb gəlmisən.

Solub təbəssümün, sönüb baxışın,

Havan da əvvəlki o hava deyil.

Köhnə xalı kimi solub naxışın,

Könlün hər quş üçün bir yuva deyil.

Eh, doğmur günəşin, yağmır yağışın,

Gözün soyuğunu gətirib qışın.

 

Sən köhnə bir zərfin içindən çıxan,

Kağızı saralmış solğun bir şəkil.

Neçə bahar görmüş, neçə qış görmüş,

Yarpağı tökülmuş quru bir çəkil.

Nə hava qurudur, nə gün isidir,

İllərin yorduğu bu yorğun şəkli,

O köhnə yerində başqa biri var,

İndi hardan asım bu solğun şəkli?!

 

 

Unudub getdiyin yer

 

İllərdi unudub getdiyin yerdə,

Yanından sakitcə ötdüyün yerdə.

Yazda yaşıllaşıb,

Payız yarpağını tökən bir ağac -

O mənəm.

Yazın yağışından qaçıb durduğun,

Yayın istisində kölgəlik olan,

Sinəni bir az da açıb durduğun

O budaq mənəm.

Bilirəm, dərdin var, bir az qəmin var,

Ömrün quzulayıb, bir az nəmi var.

Dərdini pıçılda yarpaqlarıma,

Qoy soyuq əlini dodaqlarıma,

De, kimsə bilməsin.

Eh, bu nə sözdü?!

İllərdi bu sirri saxlayan torpaq -

O mənəm.

Yəqin soruşmazlar,

Kimdi o, kölgəndə dayanan qadın.

Soyuq saçlarını

İsti nəfəsinlə niyə daradın?!

Yəqin heç bilməzlər ağrın, acın var,

Kişi nəfəsinə ehtiyacın var.

Darılma, sıxılma,

Yeri, yıxılma.

Bir yaşıl ağac var,

Sən varsan bir də

İllərdi unudub getdiyin yerdə.

 

 

Kəndim, gülə-gülə

 

Kəvəkə evləri bir-birinə bənd,

Məndən uzaqlarda sevgili bir kənd.

Uzaqdan-uzağa soyuq könlümü

İsti nəfəsiylə hərdən isidir.

Düzü, hərdən mənə elə gəlir ki,

Burda pıçıldasam, orda eşidir.

Hərdən yelpikləyir yuxularımı,

Yel olub dağıdır qorxularımı.

O kənd güvənc yerim, güvəndiyim yer,

Saf, duru adıyla öyündüyüm yer.

Dodaqlar adını pıçıldayanda,

Qəlbin rahat-rahat döyündüyü yer

Nə yazıq, qoynunda bir yuvam yoxdu,

Sanmıram ayrılıq uzun sürəcək.

Bilirəm, nə vaxtsa isti qoynunda

Mənə də bir məzar yeri verəcək.

İsidir könlümü bu şirin ümid,

Hərəni bir istək aldadır elə.

Bu gecə yarısı səni düşündüm,

Kəndim, gülə-gülə, yat, gülə-gülə.

 

 

Hərəyə bir məktub

 

Qulu Ağsəsə

 

Bir gün, bir səhər

Payıza düşmüşdü yolu.

Getmişdi əlidolu.

Hamıya xoş üzü vardı,

Şairdi, sözü vardı.

Vaxtı yox idi amma.

Ürəyində hədiyyəsi çox idi amma.

Şair düşündü:

Neyləməli?

Ürəyinə getdi əli.

Çıxaranda

Hərəyə bir məktub vardı.

Burnunda mürəkkəb qoxusu.

İstərsə,

Hər kəs könlündə oxusun.

 

 

Bir oğul dağı

 

1992-ci ildə Sədərək döyüşlərində qəhrəmancasına  həlak olan

şəhid Məhəmməd Nurəddin oğlu

Əliyevin əziz xatirəsinə

 

Bu səhər önümdə

Əl boyda şəkli,

İllər aramızda payızdı, qışdı.

Bizim aramızdan keçən o ay, il,

Ay deyil, il deyil, bircə qarışdı.

Çökür ürəyimə havanın nəmi

Ruhumu titrədən neçə səs dinir.

Sərilir gözümdən üfüqə kimi,

Şəklin işığına könlüm isinir.

Günəş sığallayır əl boyda şəkli,

Bəbəklər bir anda canlanır, axır.

İgid, cəsarətli, qorxmaz, ürəkli

Bir şəhid boylanıb şəkildən baxır.

Xökdə bir məzar var, üzü qibləyə,

Yanında nə qədər şəhid məzarı.

Yox, onlar ölməyib, dönüb mələyə,

Hər gün qanad çalır göylərə sarı.

Sədərək, Mil dağı,

Həyata göz yumub bir payız çağı.

Ən uca dağlardan uca görünür

Bu yurdun qəlbində bir oğul dağı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!