Bəlkə də
sıfırdan başlayarıq yenidən
Sədəflərə cila verərkən ay işığı
Bu səssiz-səmirsiz qürbətin tənhalığında
masmavi göy üzünü arzulayarkən,
bəlkə də...
Şəfəqin gülümsəməsində qeyb olan qağayıların gülüş saatında
Sunamilərin sahilə eşq etirafında...
Ansızın
Sakit okyanına düşən şimşəklər kimi ağappaq...
Ağappaq bir kağız götürüb
Yenidən başlayarıq,
yenidən...
Məsəla, yağış altında gözləyərkən yolu
Qəfildən içimdən bir qatar sənə doğru,
sənə doğru gələrsə...
Məsəla, xoşuna gələrsə buludların səs tonu,
Qəfildən əllərin əllərimə dəyərsə...
Bəlkə də,
Yenidən başlayarıq,
yenidən...
Hər şeyin bitdiyində,
Səhnələrdə ümid tamaşasının pərdələri çəkiləndə
Məsəla, bir ildırım çaxarsa gözlərin...
Tanrısız saatlarda bir ayə göndərərsə əllərin...
Sıfırdan başlayarıq yenidən...
Bəlkə də...
Bəlkə də...
***
Hansı müharibə üçün ağ kəfən geyinir saçlarım?
Eşq hayqıran əsgərlər yaşayırmı hələ?!
Sakitlikdir cəbhədə.
Ağ bayrağı qaldıran dişlərim ağrıyır,
Ağrıyır Vətən,
Ağlayır İnsan.
Alnıma düşən cizgilər hansı ölkənin məftilli simləridir?
Ayırır sevgini ayrılıqdan,
Ayırır ümidi ölümdən,
Ayırır gündüzləri,
Ayırır gecələri...
Alatoranlıqda birisi silir alın tərimi,
Birisi oxuyur Saat meydanında Azadlıq nəğməsini,
Birisi, reanimasiyada nəfəs çəkir hələ də,
Sakitlikdir cəbhədə...
Sakitlikdir...
***
Kölgəmizdə bəslədiyimiz ölümcül inqilablar
Arzularımızın sonbeşik övladıdır,
biz öləndə gəncliyini görər...
Cibimizdə gəzdirdiyimiz divar yazıları
buludların məktubudur,
bir gün azadlıq yağışı yağar...
Küçələri boyadığımız qırmızı rənglər
Tanrıların öpüşü idi...
Qaranquşların ölümü idi,
His-pas içində,
Dimdik Azadlığın gözlərinə baxmaq...
Hər kəsin şeiri, heç kimin şeiri
Bir adamlıq darıxmaqdır adım
Axşam çökəndə bu şəhərə,
gecəyə yuvarlananda eşq saatım,
gicgahıma sıxılanda sürgünlüyün mərmisi
pasportumla silərəm alın tərimi.
Radiolarda Təbriz nəğməsi,
Üfüqlərin gözləri yaş,
Məndə yoxdur təlaş,
Məndə yoxdur həyəcan.
İliyimə qədər qaranlıqdır hər addım...
Bir adamlıq darıxmaqdır adım!
Paralel
Əli çatmadan göy üzünə,
ucalıb-ucalıb öldü ağaclar.
Quşlardan öncə buludlar çatdı mənzilə.
Relslər üzərində
Yolçular çatdılar,
Yollar çatdılar.
Qatarlar çatdı məqsədinə...
Biz paralel çəkilən iki dəmir yoluyuq,
uzanmışıq bu yollara...
Hara çatsaq da,
bir-birimizə yetişə bilmirik...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
