Yücəlin can alan şeirləri... - "İlla ki, sağlıq olsun" - DİLSUZ

Can Yücəl poeziyası - Dilsuzun təqdimatında...

DİLSUZ

Modern türk ədəbiyyatının ən böyük nümayəndələrindən biri - Can Yücəl 1926-cı ildə İstanbulda ziyalı ailəsində anadan olmuşdur. O, Atatürk liseyini bitirdikdən sonra təhsilini Ankara və Kembric universitetlərində davam etdirmiş, latın və yunan dillərini mükəmməl öyrənmişdir.
Can Yücəlin əmək fəaliyyəti son dərəcə rəngarəngdir. O, müxtəlif  səfirliklərdə tərcüməçilik etmiş, eyni zamanda, Londonda BBC-nin türkcə bölümünün aparıcısı olmuşdur. Vətənə qayıtdıqdan sonra isə Bodrum və Marmarisdə turizm sahəsində çalışmışdır. Lakin zaman keçdikcə, ədəbiyyata daha çox meyl etmişdir.

Can Yücəl onlarla şeir kitabının müəllifidir. O, Uilyam Şekspirin, Federiko Qarsiya Lorkanın, Bertold Brext, Pol Elüarın, Mao-Tse-Dunun və Çe Gevaranın əsərlərini türk dilinə tərcümə etmişdir.

 

 

İNSANIN ANAYASASI

Pol Elüara

Qan yasasıdı bu, insanın:

Üzümdən şərab

               əmələ gətirəcək,

Çaxmaq daşından od

Və öpücüklərdən insan!

Can yasasıdı bu, insanın:

Müharibələrə, yoxsulluqlara

Və min bir bəlaya qarşı

İllə də yaşayacaq,

                     yaşayacaq!

 

Ağıl yasasıdı bu, insanın:

Suyu şəfəqə döndərib.

Yuxunu həqiqətə döndərib,

Düşməni dost edəcək,

                      dost edəcək!

 

Anayasasıdı bu, insanın:

İməkləməkdən başlayıb,

Kosmosda uçanadək

Durmadan,

      durmadan

             çalışacaq hər zaman!

 

BAŞQA CÜR BİR ŞEY

Başqa cür bir şeydi

                mənim istədiyim:

nə ağaca bənzər,

nə buluda.

Başqa cür bir yerdi

             gedəcəyim məmləkət:

dənizi tamam başqa dəniz,

havası tamam başqa hava.

 

Hardadır, harda,

                   düşündüklərim,

Hardadır, harda,

                    gözlədiklərim -

o rəngi bambaşqa olanlar,

o dadı bambaşqa olanlar.

 

Rüzgara aşiq olub,

budağından qopan yarpağın

yolculuğundan gözəl nə ola bilər -

düşəcəyi yer

              yamyaşıl çəməndisə,

yaşayacağı ömür

              yaşadığından gözəldisə

                və uzundusa…

 

HƏR ŞEY SƏNDƏ GİZLİ

Yerin səni çəkdiyi qədər ağırsan,

Qanadların çırpındığı qədər xəfif.

Qəlbinin döyüntüsü qədər canlı,

Gözlərinin

         uzağı gördüyü qədər gəncsən.

Sevgin qədər xeyirxah,

Nifrətin qədər bədxahsan.

Nə rəngdə olur-olsun qaşın-gözün,

Qarşındakının gördüyüdür rəngin.

 

Gülə bildiyin qədər xoşbəxtsən,

Üzülmə,

bil ki, ağladığın qədər güləcəksən,

Düşünmə ki, bitdi hər şey,

Sevdiyin qədər seviləcəksən.

 

Ay işığındadır

            sevgilinə duyduğun həsrət

Və sevgilinə

            həsrət qaldığın qədər

                                   ona yaxınsan.

 

Unutma,

       yağışın yağdığı qədər islaq,

       günəşin isitdiyi qədər istisən.

Özünü yalnız

     hiss etdiyin qədər yalnız,

            Özünü güclü

            hiss etdiyin qədər güclüsən.

 

                       Və budur həyat!

            Və budur yaşamaq!

Bunu xatırladığın qədər yaşayırsan,

Bunu unutduğun qədər üşüyürsən.

Çiçək sulandığı qədər gözəldir,

Quşlar

oxuya bildiyi qədər sevimlidir,

Çağa ağladığı qədər çağadır

Və hər şeyi

            öyrəndiyin qədər bilirsən.

Bunu da öyrən:

Sevdiyin qədər sevilirsən…

 

 

KİBRİT ÇÖPÜ

 

Dənizdə -

      sahildən çox-çox uzaqda

                        ikiadamlıq tək qayıqda

martın iyirmi birinci günü

     bir kibrit çöpü yandırdın -

            badam çiçəklərinə baxmaq üçün.

Vallah, bir iş açacaqsan başımıza,

Yanıb kül olacağıq,

yoxsa bahar gələcək?

Bilmirəm…

 

AĞILLI ASLANLAR

Romalılar

            aslanlara atarmışlar

                                        xristianları,

O xristianları ki,

romalılardan daha ədalətli,

                            daha mədəni

bir dövlətə

              inanmaqdan savayı

                             günahları yox idi…

 

Romalılar

            aslanlara atarmışlar

                        səni kimi, məni kimi,

            Mehmet Uyar kimi insanları,

O Mehmet Uyar ki,

                  işsiz olmaqdan savayı

                        bir günahı yox idi…

 O Mehmet Uyar ki,

                  işsiz-gücsüz,

                             pulsuz-parasız,

                                   evsiz-eşiksiz

və aslanın qəfəsinə girdiyini

       fərq etməyəcək qədər yuxusuz idi…

O Mehmet Uyar ki,

Liviyaya getmək üçün

                        növbə gözləyən

                                   bir əsgər idi…

Amma aslanlar

      özünü yesələr də,

           dəymədilər, qardaşım, dəymədilər

Mehmet Uyarın

            köksündəki

                    Silver Star nişanına!

Aslanlar ağıllanırlar - nədi?..

 

ARXAMCA DANIŞMASINLAR DEYƏ

            Hər Don Kixotun

                          bir yeldəyirmanı var,

            Mənimki Heybəlidədi -

            yarı uçuq-yarı sökük,

            Qıpqırmız pərlərinə

                   ağappaq hərflərlə

               Türkiyə Xalq Bankası yazılıb.

            Vallah-billah,

                        bir qruş da almadım

                        bu reklam üçün -

arxamca danışmasınlar deyə…

 

GÖRÜŞMƏK ÜZƏRƏ

Deyək ki, yağışa düşmüsən.

Yağır, həm də necə!

Xəlbirdən süzülürmüş kimi,

mübarək-mübarək!

Və bir addım o yanda

            günəş öz kefindədir.

Nə də olsa, yaz yağışıdı,

pırıl-pırıl düşür damlalar,

üzün-gözün islanır,

nazik, çit donun islanır…

Qaça-qaça özünü

  üzbəüzdəki evin

         eyvanına atırsan

və qarşında məni görürsən…

Deyək ki, bir səhər erkəndən

dənizə girmək keçdi könlündən.

Sən əl-qol atdıqca

            yastıq kimi ortasından

                        yırtılır su.

Egey dənizi -

            dənizlərin ən əfəndisi -

            səsini də çıxarmır.

Bir az da dərinə

                  enim deyirsən -

Dörd yanın çil-çil balıqlar,

            saçaq-saçaq yosunlar,

Bax, onların arasında

            məni görəcəksən …

Deyək ki,

            təpədən-dırnağa

                               şair birisi

                   ortaya çıxmış,

Gözləri çaxmaq-çaxmaq!

Meydan Taksimdi,

            ya da Bəyazid…

Hər kəs ordadır,

Şair bizdən -

bu ölkənin çocuqlarından

                        danışır,

Deyir, yüyürək,

               qardaşlarım, yüyürək,

özgürlüyə, mutluluğa doğru,

Hər işin başı sevgidi, deyir.

Gözlərin

       yağışdan sonrakı

                        yarpaq yaşılı,

Bir də başını çevirirsən ki,

yanında mən varam…

 

AY İŞIĞI

Göyərtdi biləklərimizi

            Almaniyadan alınmış

                        təzə qandallar,

Avtobusumuz xarab oldu

              Kamanı keçər-keçməz.

Səkkiz saatdı

       karbonatlı bir çay

                         belə içməmişik.

Başımızın üstündə

kor-kobud bir çavuş

Niğdədən

    Adana həbsxanasına gedirik…

 

Bir sən əskik idin, Ay işığı,

Bir sən əskik idin, gümüşü nisgil!

 

DİBÇƏKDƏKİ GÜL

O bir güldü, saxsı dibçəkdə,

Havası - pəncərə ağzında,

Suyu - xidmətçilərin əlində…

Günlərin bir günü

açıq havanı gördü,

şapır-şapır yağışlı gördü…

Düşündü:

"Ey dad-bidad,

necə olub

    indiyə qədər

        ağzımın dadını bilməmişəm:

Pəncərə ağzı hara, çöl hara?

Əl suyu hara, yağış hara?"

 

HƏRZƏ

Qayıqda

            bir ilan

                 düşdü yanıma,

Üzmək bilməsəm də

  atdım özümü dənizin qoynuna…

Necə olsa da,

                  dəniz dənizdi,

çalmaz məni…

 

İKİMİZİN ARASINDA

Bir gün mən, şayət,

çərçivəsiz, şüşəsiz

        pəncərəmdəki bezin

toz-torpaq olmuş

     türküsünü çırparkən

          ürəyimin önündən

            gəlib keçəcəksən -

Yaşaracaq gözlərim,

Bir mənəm baxa-baxa qalan

keçib gedən son baharın arxasınca…

 

Bir gün, şayət,

            ürəyinin önündən

            gəlib keçəcəyəm.

Anladacağam necə, nə zaman

Bir ulu çinarın

            budağında ilişib qaldı

            quyruqlu ulduzumuz,

Göy üzündə -

         gömgöy bir ləyənin içində

                        qızıl balıq kimi

            çırpınır işığımız.

Sonra əyilib

                 qulağına deyəcəyəm:

gözlə,

            gələcək uşaq vaxtı

            uçurtduğum çərpələng!

 

 

HƏSƏN CAN DEDİ Kİ...

Basmayın məni yatağa,

Yuxum-filan yox,

Görəcəyim işlər isə hələ çox…

Hər sözünüzə qarışacağam,

Televizoru söndürəcəyəm,

Günəbaxan şəkli çəkəcəyəm,

Çeçələ barmağıma

şeir oxuyacağam,

Fit çalacağam,

Kütahya

      saxsısından düzəldilmiş

           güldanınızı sındıracağam.

Vaxtsız

       basmayın məni yatağa,

Yuxum-filan yox,

Görəcəyim işlər isə hələ çox…

 

ÖNCƏ VƏ İLLA Kİ, SAĞLIQ OLSUN

Bir az  əvvələ qur saatın zəngini,

Oyanar-oyanmaz

            çıxma yerindən,

Pişik kimi gərnəş yatağının içində,

"Of, nə gözəl, yenə oyandım" -

                                               deyə sevin.

Qar-yağış, tufan da olsa,

Pəncərəni aç,

            nəfəs al dərindən,

tələsmə, arxayın-arxayın yu üzünü.

Yəqin, nə geyinəcəksənsə,

            axşamdan seçmisən ki,

yuxudan oyananda vaxtın bol olsun...

Bir dilim çörək qızdır -

ətri bürüsün otağını,

Sonra bax, qardaşım,

            qəhvəaltının ləzzətinə.

Ayaqqabıların

         mütləq rənglənmiş olsun,

Gözünə gözəl görünsün

                  aynadakı əksin.

Evdən çıxarkən

      ilk rast gəldiyin

              adamın salamını ver,

                          üzünə gülümsə.

Sonra çıx get işinə:

       dünəndən,

             sırağagündən,

                      hətta ondan da

      əvvəlki gündən

yarımçıq qalan

     nə qədər işin varsa, tamamla.

Sonra

      bir gözəl qəhvə

               sifariş ver özünə,

Telefonda

            səni xoşbəxt edəcək

            səsi duymaq üçün

"Alo!" - de.

İşin olmasa da,

      günortadan sonra eşiyə çıx -

Yağış varsa - islan,

Günəş varsa - isin,

Hava soyuqdursa - üşü...

Yeriyərkən sağa-sola bax,

            elə yox, diqqətlə:

Çiçək görsən - iylə,

İt görsən - oxşa,

Çocuq görsən -

       yanağından bir çimdik al...

Tək-tənha

            qaldığın vaxtlarda

                kimlər qapını döydü,

                    sevindirdi səni?

Çoxdandı

     yada salmamısan,

          aramamısan onları, deyilmi?

Bir ara, əhvallarını sor,

    amma elə-belə yox,

         bağrına basıb, qucaqlayırmış kimi sor!

Bu, yalnız onların deyil,

      Sənin də qəlbini xoş edəcək.

Günün gözəl keçdi, deyilmi?

Axşamın da gözəl olsun...

Yeməyin, dəxli yoxdu,

              nə olur-olsun,

                        masanın üstünə

                                   qumaş süfrə sər.

Qonaq üçün

aldığın boşqabları,

             fincanları çıxart,

Belə, borcun kimi yox,

              kefinə kef qatar kimi.

Dadını çıxart axşamının

Sağında, solunda dostların...

Söhbət - məzən,

Qəhqəhən - meyin olsun...

Qardaşım, həyat bu. Daha nə olsun?

Amma öncə və illa ki, sağlıq olsun.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!