Şeirlər - Yusif NƏĞMƏKAR

 

Ucalıq yolunda

 

Zirvələrə səmt olub,

Çıxıram dolaylara,

Çıxıram, pillə-pillə.

Qalxıram bu inadla,

Bu ürəklə, bu dillə...

Yoxuş yolu çıxınca

Nə ayağım büdrəyir,

Nə də ki, yıxılıram.

Heyf ki, ucalığa

Çıxdıqca, çıxılıram!..

 

Asılıb

 

Əli od səpən qəzəbin

Qulağından buz asılıb.

Bişməmiş, alaçiy təbin

Şit küyündən duz asılıb.

 

Çox niyyət şərə bükülüb,

Xeyir ki, başa tökülüb!..

Niyə qaş əyri çəkilib,

Ətəyindən göz asılıb?!

 

Astar qəmi üzə de, sən,

Astar - üzü asta deşən...

Sevgimizdir üzə düşən;

astarından üz asılıb.

 

Yandıq dünyanın sirrindən;

kürəsindən, təndirindən.

Bir yalanın kəndirindən

Min-min doğru, düz asılıb.

 

Məni bölün

 

Dərdim məni əzizlər,

Əziz olun dərdimə.

Təki, ey dərdbilməzlər,

Dərdsiz gülün dərdimə!

 

Göz yaşlarımı çöllər

İçirkən açmış güllər.

Əl aparmayın, əllər

çatmaz, bilin, dərdimə.

 

Tapılmaz, dünyanı gəz;

birdi, iki bölünməz.

Kənardan ki bilinməz,

Yaxın gəlin dərdimə.

 

Zaman düsturlar qurub;

məlum-məchulu sorub;

məni şeirimə vurub,

Sonra bölün dərdimə.

 

 

Bayraq kölgəsi

 

Od ələyən günəşin altında

yanmaq istəmirəm,

Heç kəsin,

heç nəyin kölgəsində

dayanmaq istəmirəm.

Vətənim Azərbaycanın

bayrağından savayı...

Yurdu nura qərq eləyən

bayraq sayəsidir əzəl.

Bayraq kölgəsində,

Bayraq ölkəsində

yaşamaq gözəl.

Üç rəngində

dünyanın əlvanlığı.

İnsanlığın sifəti

Rənglərin insanlığı.

Duruşu əzəmətli,

Dalğası yaraşıqlı.

Bayraq kölgəsidir

Hər aydınlıqdan işıqlı!..

 

 

Gerçək görən...

 

Nədəndir, aləmə bahar gələndə

Zimistan yerini vermək istəmir?!

Göydə ulduz axır bəşər öləndə,

Ay da buludlara girmək istəmir?!

 

Həsrətdən çırpınır ürək qan içrə,

Zaman həm hüdudsuz, həm bir an içrə...

Bülbül dustaq olur gülüstan içrə,

Uçub qanadını gərmək istəmir.

 

Gəzdim oymaq-oymaq bu doğma yurdu,

Önündən ötdüyüm arxamda durdu.

İpəkdə gizlənib barama qurdu,

Sirrini aşkara sərmək istəmir.

 

Eşqim - könüllərdə açan gül-çiçək,

Sinəm od; üstünə Araz, ya Kür çək.

Bəs niyə bu dünya hər şeyi gerçək

Görən Nəğməkarı görmək istəmir?!.

 

 

Uğur olmur

 

Həyat qananlarındır,

Qanan kəs qansız olmur.

Atəş yananlarındır,

Yanan imansız olmur.

 

Göylər göz yaşı tökür,

Yerlər köksünə çəkir...

Aləmə zülmət çökür,

Üfüqsə dansız olmur.

 

Ulu dünya qos-qoca,

Əyilməz taxtı-taca.

Zaman hər şeydən uca;

o da məkansız olmur.

 

Ötmək - qəlb təntənəsi,

Susmaq - ürəyin yası.

Söz - hikmət arabası;

fikir sükansız olmur.

 

Nəğməkar, saf könül seç,

Ruh pak deyilsə, sən heç!..

Lap gül ömür yolu keç;

uğur tikansız olmur.

 

 

Götürməz

 

Meşəni qara yel tutar,

Yaşılı yarpaq götürməz;

ərlər çiynindən yük atar,

Başından papaq götürməz.

 

Düz axarda qoşa bulaq -

Xətt kəsiyində düzbucaq.

Qazanı qaynayan ocaq

Qapanar, qapaq götürməz.

 

Həsrət - canda yanıq yeri...

Yandınsa, əriyib kiri.

Elə dərd var - dərdəcəri

axtarıb tapaq - götürməz.

 

Şeh ləçəkdə şit olmayan,

Doğruya şahid olmayan,

Sözündən şəhid olmayan

Şairi torpaq götürməz.

 

 

Qar

 

Dünyamıza yağmasın qar,

Dünya tək dağ, aran deyil.

Okeanlar, dənizlər var,

Təkcə İran, Turan deyil...

 

Qar yağır gecə gözünə,

Bu dünyanın gündüzünə.

Lap yağsın şair sözünə,

Könüldə ki, boran deyil?!

 

Tər lopalar necə pakdır!

Zərif, islaq kəpənəkdir.

Bu yağmur da yalan rəngdir,

Gerçəyin çoxu ram deyil.

 

Qar düşüb, yollar bükülüb -

Sanki bəyaz gül əkilib.

O qədər qara çəkilib,

Yer üzü ağaran deyil!..

 

 

Sübhün sorağı

 

Hər gecəm - bir qan işığı,

Hər işıq da - qan savaşı.

Qaranlıq qan damarıdır -

Can evinin al qumaşı.

 

Gündüzlər üzümdən keçib,

Ciyərim içir gecədən...

Daha gündüzümdən keçib,

Gündüzüm keçir gecədən.

 

Zamanın axşamı ağır,

Vaxt hara, qara bəxt hara?!

Göz yaşımız qara yağır

Ağ gün axtara-axtara...

 

Qara zülmət çırağıdır,

Qaranlıq - nuru haqlayan.

Məni sübhün sorağıdır

Gecələr oyaq saxlayan.

 

 

Tək olmuram

 

Çəkdiyimi tək çəkirəm,

Çəkənə yedək olmuram.

Gözümdən qan-yaş tökürəm,

Gülümsər tütək olmuram.

 

İki yoldan keçir yolum:

Biri ölüm, biri qalım...

Gərək xəyalımla olum,

Düşünməsəm, pak olmuram.

 

Tənha orman qalar viran,

Dağlıq olsun, ya da aran.

Sözünün üstündə duran

Zirvəyəm, ətək olmuram.

 

Məni sormayın bu dağda,

Bu düz, bu dərə, bu dağda.

Qoyun, tək gəzim bu bağda,

Tək olanda tək olmuram...

 

 

İtirdin...

 

Ay əzizim, əzizinə tapındın,

Nə tapmışdın - xətərində itirdin.

Nəfsini gül eləməkdən sapındın,

Ləl-gövhərin betərində itirdin.

 

Axarından bulandırıb dəhnəni

Təpərlədin təzələnən köhnəni.

Kişnərtiyə çapmalıydın köhləni,

Sən atını it hürəndə itirdin.

 

Mən yazdığım yazı haqdan yazıldı,

Sən söyləyən həqiqətlər nazildi...

Nə görmüşdün, yaddaşından pozuldu

Xəyalında, xatirəndə itirdin.

 

Yar olmadın, yar misallı yaradın,

Yardan yana yamanlara yaradın...

Bir düz yolda yüz bihudə aradın,

Bu cəhdində, bu tərində itirdin.

 

İtirməzdin o ürəyin odunu,

İtirməzdin o saflığın adını,

Həm dünyanın, həm ağzının dadını

Nəğməkarı itirəndə itirdin.

 

 

Boyu gödək şeirlərim

 

Sözüm var, gəlin yaxına,

Boyu gödək şeirlərim.

Aldanmayın boy-buxuna,

Boyu gödək şeirlərim.

 

Ucalarla girdi bəhsə,

Zirvəyə saldı vəsvəsə...

Ömrü uzun, yolu kəsə,

Boyu gödək şeirlərim.

 

Sanlı sözlər say vermədi,

Ha çağırdım, hay vermədi.

Elə söz var, boy vermədi,

Boyu gödək şeirlərim.

 

Can odundan düşən tərdən

Şirə çəkib qalxdı yerdən.

Başından basdılar hərdən

Boyu gödək şeirlərim.

 

Göz yaşına sel çatmadı,

Bu, nə boydu - mil çatmadı?!

Ətəyinə əl çatmadı,

Boyu gödək şeirlərim.

 

Xəyal yığdım - dağılmadı,

Elə söz var - dağ olmadı...

Dili gödək doğulmadı

Boyu gödək şeirlərim.

 

Çəkin sədd, dərini yazın,

Biçin kədərini, yazın.

Ölçün, qədərini yazın;

boyu gödək şeirlərim.

 

Harayımda lüzum oldu,

Sükutumda buzum oldu.

Eh, deyəsən uzun oldu

Boyu gödək şeirlərim!..

 

 

İnsan ağaclar

 

İnsana bənzəyir bu yaşıl ağac,

Eynən, insandır ki, bu yaşlı ağac.

Tənha bir adamdır - ülfətə möhtac,

Bu qollu-budaqlı, göz-qaşlı ağac.

 

Budaqlar baş qoyub balaqlarına,

Yarpağı tökülən çılpaqlarıyla.

Bu ağac dünyanın qulaqlarına

Nəsə pıçıldayır yarpaqlarıyla.

 

Palıd duruşuyla təmkinli, müdrik,

Söyüdlər əyilmiş salxım boyunlar.

Dəndə, qızılağac boylanır dik-dik

Bu, saç darayası ağcaqayınlar...

 

Ağaclar bəzəyə dərəni, dağı,

Çöl susuz, dağ yoxsul, bağ ac olmaya.

Yaxşıdır ağacın insanlaşmağı,

İnsanlar çevrilib ağac olmaya.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!