Şeirlər - Həmid HERİSÇİ

 

Ol da

 

Aqşin Evrənə

 

Gəl geyək köhnəni,

köhnə çəkməni,

gəl gedək xoşbaxt olaq...

Bakının "Kofe-mofe" antikafesində

bu mümkündü

Əgər

özümüzdən, kölgəmizdən, ölkəmizdən,

Bütün öyrəndiklərimizdən

bir masa uzaqda otursaq.

Bu mümkündü,

Əgər yağışda çətirini açmayan əcaib adam

Ətrafına yığılsa,

sıx kütləvi izdiham.

Yaysa bu görüşün fotolarını

Sosial şəbəkələrdə

İnstagram.

Və sən bu axşam

taksidən düşsən payıza...

Xoşbəxtliyə gedən bu ən qısa

Yolda

Kimsə olmayacaq

qırmızı yanan işıqforda

nə sağda, nə solda.

Hamı futbolda olacaq o vaxt,

Futbolda.

Qarşı səkidəki Fast-footda

Bir gözəlçə ancaq üzümüzə qiymət oxuyacaq

orda

Dollarda.

Gözlərin ulduz istəyəcək,

Köynəyi, qolsuz istəyəcək,

Musiqim tam yeni, daha geniş əhatəli,

Blutuz istəyəcək,

Orda.

Allah bunu göstərməsin

Geniş ekranlı monitorda!

Ol da, xoşbəxt orda.

Ol da.

Orda xoşbəxt olaq,

Orda.

 

 

Antişeir: bu axşam ölürüm

 

Bu axşam ölürüm, məni kimsə tutamaz,

Sən məni tutamazsan, ulduzlar tutamaz...

Səninçün ağlamaz,

Qılmaz namaz, yerə atmaz canamaz,

Parisdəki Monparnas!

Gecikəcəkmi bu dəfə də

Hamletin dostu Fortinbras?

 

Sussaz,

bir az,

dodaqlarım üzərinə son sözlərim,

Qan kimi sıçramaz!

 

Gör nə günlərə qaldın, öz bəlandır,

Çək, Balaş.

Bu axşam ölürüm,

kimsə məni tutamaz.

Hətta uşaqlıqda gördüyüm

Kinoqəhrəman Fantomaz

məni sabaha saxlamaz.

 

Bu kimyavi parçalanmadan

ayrılan qaz,

Hətta Qazprom qaz ambarlarına belə sığmaz!!!

 

Öz bəlandır, çək, Balaş!

Bu axşam ölürüm, kimsə məni tutamaz.

 

Polislərin gözyaşardıcı qazı olmasa

bu insanlar heç ağlamaz!

 

Gör nə günlərə qaldın, öz bəlandır,

Çək, Balaş!

 

Boynumu bir iti ülgüc imzalayar-imzalamaz,

Əfv fərmanımı oxuyacaq

Stiven Kinq kimi, Jül Vern kimi

bir başqa yazıçı fantast!

Bu axşam ölürüm,

kimsə məni tutamaz...

 

Bu kimyavi parçalanmalardan ayrılan yüngül qaz

 

Mənim balonumu doldursa

Şarım havaya qalxmaz!

 

Bu axşam ölürüm,

kimsə məni tutamaz.

TRT-Avaz

məni tirajlamaz.

 

Məni sizlər kopyalamaz.

 

Gecikəcək bu dəfə də

Hamletin dostu Fortinbras...

 

 

Qoqolsayağı

 

Gürcüstandaydım.

Özümü, velisopedimi küləyin tam ixtiyarına

buraxdım...

Bir xarabalığa catdım...

Cibimdə silah axtardım.

"Xortdanın cəhənnəm məktubları"

Yazılan bu evdə

Gördüm Haqverdiyev də

Danışır mənimlə!

Elə bil Azneftdə!

Sonra əbədiləşir

Bürünc barelyefdə!

Qəpiklərimi saydım.

Xortdanın evinə

İndi də bilmirəm

Necə gəlib çıxmışdım.

Bilirəm,

Axtarmamışdım.

Bütün gecə qanımı sovuran ağcaqanaddan

səhərin ilk nurunda

            intiqamımı aldım.

Divarı al qana boyadım.

Dərhal geriyə adladım.

Nəsə anladım.

Anladım.

Qorxdum baxam həyətdəki itə,

Bilirdim çevrilib olacaq yırtıcı ifritə!

Girmişdim çox qəliz qorxulu süjetə...

Qoqolun yazdığı vəsiyyətə.

Qəfil peyda olan bir dəli Afət də

Çəkirdi məni ağır cinayətə.

Qan sıçrayırdı bu mifdən.

Heç nə məni qoruya bilməzdi

Qoqol kimi müəllifdən!

"Viy" romanın tam mətnini oxumalıydım

Bu apokrifdən!

Səhər məsləhətlər alırdım

Psixoterapevtdən!

 

 

"X Lady"

 

Striptiz klubdamı?

Youtubdamı?

Səni lüm-lüt gördüm?

Başqasıyla cüt gördüm,

Həyat süjetini çox şit gördüm

Lap axırda...

Bizim nağılda?

Uşaqlıqda gördüyün

hər köhnə, unudulmaz film,

naxışları itmiş hər əziz kilim

öz axırını, öz son naxışını

mütləq sənə yazdıracaq.

Bəlkə hələ pozduracaq...

Həyat bir gün mütləq öz süjetindən

kənara sıçrayacaq

Bahalı qolf kluba gedib burulan yolda

Bankomatlardan azca solda.

Niyə, qara eynəyin gözündən sürüşdü?

Niyə, qəfil baxışlarımız görüşdü

Bu filmə, bu qədim kilimə,

Qiymətlərdəki endirimə

Baxdığımız zaman?

Heç...Mən indi

"X men" brendi reklamçısıyam, sən "X lady"

Mən indi Dartanyanam, sən Miledi.

Gəl dəyişək bütün romanların,

yalanların

Şit süjetini...

 

 

Maqnit qasırğası

 

Deyirdim, bu nə başağrısıdı?

Deyirdin, səbəb

            maqnit qasırğasıdı.

Deyirdim, baxdığımız filmlərdən o hansıdı?

Deyirdin, qurtar, gecənin yarısıdı...

Deyirdim,

Mənlə öpüşsən,

özü də, vəhşi-vəhşi...

Görəcəksən necə əriyəcək

Dağların,

dodaqların dəmir filizi...

Dəyişəcək həyatının ən azı

            otuz-qırx faizi...

Deyirdin, fəqət həyatımıza

            maqnit qasırğalarının təsiri

Edib bizi

tərs talenin əsiri...

Deyirdim, etsən bunun tərsini, əksini

Palçıq gölməçələrdən bir başqa cür

            görünəcək o gün

bizim şəhərin əksi...

Deyirdim ki,

Görəcəksən taksi gözləyir bizi orda,

Qırmızı taksi.

Fəqət telefonuna bu vaxt

bir mesaj gələrdi

çox şəxsi.

Ancaq bunun tam əksi, tərsi

baş verirdi həmişə,

Səni dəvət edirdilər axmaq bir televerilişə

Deyirdin,

uzaq planetlərdəki maqnit qasırğalarının təsiridi -

əsir saxlayır bizi...

 

 

Dirilmə

 

Mövludu diriltdim -

şeirin cadusuyla

 

"Qoy, bura tökdüyün zibil

Ölənlərinin ehsanı olsun!

Qoy, təzə taxma dişlərim

Çənəmdə yaxşıca bir oturuşsun!

Lənətlərim lap öldürücu olacaq!"

Kimdi?

Hansı yerimdi?

Hansı dissertasiyasız alimdı,

Radio FM-di,

Hansı ölümdü, hansı itimdi,

Hansı filmdi,

Kor mexanizmdi,

Məxfi, gizli daxilimdi,

Bu lənət dolu qraffitini köhnə Bakı divarına yazan?

Sonra azca fərqli incə hüsn-xətlə,

Azca ləzzətlə

öz diş həkiminin telefonunu

Bu lənətinə reklam kimi artıran?

Kimdi o?

Deyirsiz, müasir Dədəm Qorquddu?

Yox eyyy...

Yetim Mövluddu.

Bir də gördün yediyi xəngəl qurutu

Unutdu!

Çayını tam soyutdu.

Son tikəni diri uddu...

Sonra hamını qorxutdu

Öz yalançı ani ölümüylə.

Qəfil dirilib, qara kömürlə

Lənətlərini həkk etdi kirli divarlara.

Bir gün tiryəki artıq düşdü, necə deyərlər,

Doğrudan öldü.

Öləndə siqareti hələ də tüstülüydü.

Restorandaydıq.

Sahibi, cümlələrinin axırını yedi,

dedi, kəkələdi

qorxa-qorxa,

Görəndə qapıya necə yaxınlaşır

Qara "Volqa:"

"Aparın meyidini, burda qalmasın sizin sovxa!"

Müşahidə videokameralarını aldatmaqdan ötrü

Bildirmədik Mövlud ölüdü.

Əlləri çiynimizdə,

göz vura-vura bir-birimizə

Mövludu da qoşub yalançı söhbətimizə,

Çıxdıq restorandan.

Qəfil Mövludu tanıyanlardan

Bıri salam verdi Mövluda...

Aktyor dramatizmi lazımdı burda,

Nəsə dedim burnumda.

Tər vardı ey, vücudumda,

Day ilişmədik itə-qurda.

Güvənib Mövludun cibindəki xırda-mırdaya,

Mindik qara taksiyə.

Getdik bütün yolların əksinə, tam tərsinə.

Axır, çiynini silkələdim.

Mövludu, tək onun

            eşidə biləcək ahənglə səslədim:

"Ay yetim,

Dirildin?

Taksi pulunu indi necə, mənmi ödəyim?

 

 

Depresyondayım

 

Depresyondayım,

Düşdüm "black out"a,

Xəbər sızdı sarı mətbuata!

Bil, bu xarabada

elə bir foto çəkməlisən ki,

zibil vedrəsi düşməsin fotokadra!

Əks nəticəlidir burda

Reklam çarxlarındakı

"Sağlam qida!"

Çexovun yazdığı "6-cı palata" da,

Qollarımız mütləq

Çevrilməliydi ya qanada,

Yaxud paslı qandala!

Bu əlkimyanı rejissor

            Əlisəttar Atakişiyev yaxşı göstərib,

elə bil rəngləyib,

Rəndələyib

"Sehrli xalat" da!

Depresyondayım,

Depresyonda!

Futbolçularla cərimə skamyasını bölüşürəm

Alt şüurumda!

Bank soymaq girir hərdən ağlıma,

nələrsə yazılır alnıma...

Amma, amma...

depresyondayım, depresyonda,

unutuldum, aldatıldım...

Çox yalnızım.

Ancaq yenə də sən tərəfə

daranır mənim sevgim, mənim saçım!

Daxili duyğularım!

 

Depresyondayım,

Depresyondayım...

Unuduldum, aldatıldım!

Çox yalnızım.

Ancaq yenə də sən tərəfə

daranır mənim sevgim, mənim saçım!

Daxili duyğularım!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!