Pis yaxşının yalan sözü doğrudu,
Düz də desə, yaxşı pisə inanma.
Ocaqların isti közü doğrudu,
Qalan külə, çökən hisə inanma.
Yaz yolları gedər ömrün qışına,
Yaşın çatmaz bu dünyanın yaşına.
Yolçu gərək dönsün ömrün başına,
Kim deyirsə, yol var kəsə, inanma.
Gözlərindən səhra eşqə bulaq ver,
Söz ömründən öz ömrünə calaq ver.
Göydən gələn dərin səsə qulaq ver,
Küydən gələn şirin səsə inanma.
Təklər dönüb iki heçdən yüz olur,
Üz aldıqca astar dönüb üz olur.
Yalan insan o dünyada düz olur,
Bu dünyada heç bir kəsə inanma.
Vəfalı dost-torpaq səni qucursa,
Əcəl tərin üzdə puçur-puçursa,
Qol cismimdən qanad ruhun uçursa,
Qalxan duman, enən sisə inanma.
Kürəyində sındı sınaq, sınandın,
Azalmadı, milyon oldu min andın.
Tanrı susub, varam, - dedi inandın,
Bir gün dinib yoxam desə, inanma.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
