Şeirlər - İbrahim YUSİFOĞLU

 

Qıymayın uşaqlara

 

Ay-Günəş istəyirlər,

Nur ələnsin cahana.

Şeh, yağış diləyirlər,

Təbiət gəlsin cana.

İstəyirlər gül, çiçək

Ətri çöksün hər yana.

Raketləri, topları

Tuşlamayın onlara.

Tanrıdan gələn səsdi:

- Qıymayın uşaqlara!

 

Uşaqları gül üstə

Kəpənəklər gözləyir.

Səkilərdə gəzişən

Göyərçinlər səsləyir.

Bülbüllər, qaranquşlar

Şux nəğmələr bəsləyir.

Bu rəngarəng dünyanı,

Boyamayın siz qara.

Ey faşist-terrorçular,

- Qıymayın uşaqlara!

 

Arzuları tumurcuq,

İstəkləri qönçədi.

Yaşamaq həvəsləri

Hər istəkdən öncədi.

Baxışları ovsunlu,

Gülüşləri incədi.

Dünyanın sinəsinə

Vurmayın ağır yara.

Ey faşist-terrorçular,

- Qıymayın uşaqlara!

 

Əl boyda uşaqların

Ömrünü söndürdünüz.

Gecə şirin yuxuda,

Yataqda öldürdünüz.

Neçə məsum körpəni

Ölümə güldürdünüz.

Bu vəhşi əməllərdən

Dünya gəlibdi zara.

Daha yetər, son qoyun,

Son qoyun terrorlara.

Bu, Tanrının səsidi:

- Qıymayın uşaqlara!

 

 

Cır tut

 

Budağa yapışıbdı,

Nə suyu var, nə dadı.

Xoşlamırlar uşaqlar,

Cır tutdur onun adı.

 

 

Ağ tut

 

Yaxına gəl, çəkinmə,

Ağ tutdan ye birini.

Çox xoşuna gələcək,

Bal kimi şipşirindi.

 

 

Xar tut

 

Köməyə çat, babacan,

Barmaqlarım oldu qan.

Dəcəllik etməmişəm,

Dərib yedim xar tutdan!

 

 

Nar

 

Babanın narı vardı,

Ortadan narı yardı.

Uşaqlar daddı nardan

Çoxlu giləsi vardı.

 

 

Akvariumda balıqlar

 

Akvariumda

Balıqlar üzür.

Asəf onları

Heyrətlə süzür.

 

Rəngarəngdilər

Burda balıqlar.

Qara, qırmızı

Göy, narıncı var.

 

Fere balıqlar

Şux dəcəldillər.

Dəniz meləykə,

Kəpənəyilər

Çox gözəldilər.

 

Hələ bir baxın

Qara neona.

Üzüb çatammır

Astronaot ona.

 

Asəf deyinir:

- Balıqlar suda

Nədən boğulmur?

Suda onlara

Bəs, soyuq olmur?

 

Yeməyi necə

Suda yeyirlər?

Hələ şənlənib

Nəğmə deyirlər.

 

Baxmaqla doymur

O özəlliyə

Asəf vurulur

Bu gözəlliyə.

 

 

Dovşan bərəsi

 

Şabranda örüşü,

Çəpərə alıbdılar.

Dovşalara çox geniş

Bir bərə salıbdılar.

 

Dovşanların rəngləri

Ağ, qaradı, boz, sarı.

Hər cürə yaşdadılar,

Bərənin dovşanları.

 

Qaldıqları yuvalar

Dayaz deyil, dərindir.

Qış çağları istidir,

Yay günlər sərindir.

 

Bərədə cərgə-cərgə

Ot tayası qurublar.

Yorğun düşmüş dovşanlar,

Burda mürgü vurublar.

 

Bəziləri dəcəldi.

Yerli-yersiz dalaşır.

Dinclik nədir bilməzlər

Bərə boyu dolaşır.

 

Çox incə olsalar da,

Dovşanların dişləri,

Kələm, kök, ağac şiri,

Çeynəməkdir işləri.

 

Yolunuz düşsə əgər,

Ay uşaqlar, gələrsiz

Bu dovşan bələsini

Heyranlıqla süzərsiz.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!