Şeirlər - Vüqar ƏLİSOY

 

Yaz lövhələri

 

Yetişib ağacların fatasına

Bir arı oynayır yaz havasına.

Zümzüməylə dövrə vurur,

çiçəklərin nazını çəkir, başına dönür...

Bəmbəyaz, bəxtəvər gəlinciklər

hər biri meyvə olacağını düşünür...

 

Qoca çinar...

Kökü yerdən, tacı göydən üzülüb,

üzüqoylu nəm torpağa gömülüb.

gövdəsində bir tənha, körpə fidan

nəmyaşıl təbəssümlə günəşə gülümsünür.

 

 

***

Məni öldürsə, söz öldürəcək...

Danışanda başım ağrıyır,

Susanda ürəyim.

Məni öldürsə, söz öldürəcək,

Udanda əks göstərişdi,

Unudanda yan təsiri var.

 

Məni öldürsə, söz öldürəcək,

Görsən ki, səsim çıxmır,

Sözüm ürəyimdə qalıb, demək...

 

 

Dünya əcəlin tələsidir

 

Mən hər kəsin əvəzinə ağlamışam,

gördüklərimi anladıqca,

ağladıqca ağlamışam.

Hayqırmışam,

Hönkür-hönkür,

Həzin-həzin,

İçin-için ağlamışam.

Bəbəklərim quruyanacan,

gözlərimi yumanacan

ağlamışam.

 

anladım ki, siz,

xoşbəxtliyə israrlı olduğunuz üçün

bədbəxtsiniz...

anladım ki, şər, xeyirli əməldir,

onsuz

gecəniz xeyirə qalmaz.

Anladım ki, yağlı tikə sərmayədir,

acın qarnına yatırılmaz.

 

Anladım ki, insan

qorxunun kölgəsidir.

Dünya, əcəlin tələsidir.

həqiqət və ədalət,

uzaqda görünən ilğımdır,

cazibədir,

ümid, ölməmək üçün bəhanədir.

 

anladım ki, susmaq qızıl deyil,

özünü qoruma alətidir.

anladım ki, atəşfəşanlıq,

və alqış səsi

körpələrin naləsidir -

çır-çır çığırır,

köməyə çağırır...

ağladım ki, acizəm...

Ölüm, hələ ölmək deyil,

Gözlərinizi zorlamayın.

arxamca su atın,

ağlamayın...

 

 

Ayrılığın son zəngi

 

Sinif yoldaşlarıma

 

Dostlar, son zəngimiz yadınızdamı,

Kimin qulağında qalıbdır o səs?

Yolumuz bir idi, son zəng çalındı,

Bir anda yolunu ayırdı hər kəs...

 

Biz hardan bilərdik axı, o yollar

Yenidən birləşər bir yaz axşamı!?

Ağsaqqal yaşında, nənə çağında

Uşaqtək kövrəlib, sevinər hamı...

 

Hara getdi, harda qaldı o günlər?!

Nə sevinci, nə bayramı qayıtmaz.

Bufetdəki kakaonun, korjikin,

O günlərin dadı, tamı qayıtmaz.

 

Məktəbimiz ocaq idi, pir idi...

Müəllimləri biz övliya sayardıq.

Partaları sanki mesaj yeri idi.

Sevgimizi cızıb, orda qoyardıq.

 

Nə qayğımız, nə dərdimiz var idi,

Dalaşardıq, barışardıq bir anda.

Zəngin səsi gələn kimi qaçardıq,

Hara, niyə tələsirdik biz, onda?!

 

Sabahamı, bu günəmi qaçardıq?!

Böyüməyə can atardıq biz, yaman...

Qaça-qaça saç ağardı, indi də,

Məktəb üçün darıxırıq hər zaman.

 

Uşaqları aparanda məktəbə,

Duyğulanıb, kövrəlmişik hər dəfə.

Kaş ki, bir gün məktəb zəngi çağırıb

Bizləri də, doldurardı sinifə.

 

Ayrılığın son zəngidir bu axşam,

Vurun qədəhləri, qoy cingildəsin!

Ömür gedir, yaş da çatır altmışa,

İçək, bu ayrılıq bir də gəlməsin!

 

 

Anam üçün ağı

 

Səni düşünürəm

Səhər, axşam,

Gündüz, gecə...

Elə bilirəm,

Gələcəksən indicə.

Sənlə danışıram

Öz-özümə,

Gülə-gülə...

Səni gözlüyürəm,

Gəlməyəcəyini

Bilə-bilə...

 

 

Gedək, mən deyən yerə

 

Mahnı mətni

 

Gəl, görüşək, bu axşam,

Gedək, mən deyən yerə.

Gecələri alışan,

Bir də, sönməyən yerə.

 

Orda, bir tək oda var,

Nə istəsən, orda var.

Yaşıl meşə, bəyaz qar...

Ayaq dəyməyən yerə,

Gedək, mən deyən yerə!

Unudulsun qəm-kədər,

Deyək-gülək bir qədər.

Əlimizdə qədəhlər,

Bir-birə dəyən yerə,

Gedək, mən deyən yerə!

 

Bir ipək balış dərim,

Başının altda sərim.

Nəhayət ki, əllərim

Əlinə dəyən yerə,

Gedək, mən deyən yerə!

 

Duyğu varmı sevgitək,

Nə gözəlmiş sevilmək...

Gəl, əzizim, gəl, gedək,

Gedək, mən deyən yerə!

Gecələri alışan,

Bir də sönməyən yerə.

 

 

Ürək çatışmazlığı

 

Əzizim, d-r Həyat İslamzadə xanıma

 

Səni deyib gəlmişəm,

Salam, həkim, necəsən?

Bir təlaş içindəyəm,

Bəlkə, çarə biləsən...

 

Əvvəl sorğula məni,

Qəlbimi nə qanadır?

Hardandır bu vahimə,

Qanım niyə qaradır?

 

Nəbzimi yoxla mənim,

Bax gör, hara tələsir.

Nə baş verir dünyada,

Nədən ürəyim əsir?

 

Gözlərim də yol çəkir,

Dincəlmir sübhə qədər.

Yuxum da qaçıb məndən,

Yatammıram gecələr.

 

Sabah üçün qorxuram,

Ürək ver, bir az, mənə.

Götür qələm-kağızı,

Varsa, ümid yaz mənə.

 

 

Plan

 

Bütün yollar sıfırdan,

Heç neçədən başlayır.

Bir nöqtədə bitən yol

Bir nöqtədən başlayır.

 

Ha xəyal qur, plan cız,

Bir plan içindəsən.

Hara qaçsan, gec, ya tez

Plana düşəcəksən.

 

 

Haqq davası

 

Sən məni sevirsən,

Mən də səni.

Sən, məni

istədiyin kimi görmək arzusunda,

mən də səni...

o, sənin haqqındır,

bu da ki, mənim.

Ayrılaq!

sən öz haqqını sev,

mən öz haqqımı,

sən öz göz yaşını,

mən öz ahımı...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!