Hörmətli Sabir müəllim!
Sizi - ədəbiyyatımızın görkəmli nümayəndəsi, tanınmış ictimai-siyasi xadimi, vətən sevdalı ləyaqətli şəxsiyyəti anadan olmağınızın 80 illiyi münasibəti ilə təbrik edirəm. Bu əlamətdar gündə təbrik üçün ürək sözlərimi yazmaq istəyərkən nədənsə ilk əvvəl yadıma bizim tərəflər, uşaqlığımızın, yeniyetməlik illərimizin keçdiyi, elə mənə də doğma, əziz olan Yardımlının dağları düşdü. Bir də elə sizin özünüzün bir ad gününüzə yazdığınız şeirdən misralar:
Elə sehir var ki, bu ucalıqda
Ürəyi dəyişir, vaxtı çaşdırır.
Dağlar ad günümə hədiyyə kimi
Ruhumu yenidən cavanlaşdırır.
Qoy ruhunuz 80-dan, 90-dan sonra da həmişə cavan olsun!
Uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları!
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə haqq edib təltif edildiyiniz "Şərəf" ordeniniz də mübarək!
90 illik yubileyinizi də təbrik etmək arzusu ilə.
...Mən şairliyə iddialı deyiləm, ancaq poetik sözün, düşüncənin tərəfindəyəm. İllər əvvəl Sizin əlçatmaz poetik dünyanıza "qibtəmin", həm də vurğunluğumun ifadəsi olaraq şair dosduma, yəni sizə "Bir sətir söz" başlığı ilə şeir yazmışdım...
Bir sətir söz...
Şair dostuma
Bir torpağın oğluyuq -
Buludlarla öpüşən
Dağların sinəsində
İki kənd, iki təpə.
Göylərin göz yaşıtək
Aradan bir çay axır
Suyu ağ, günü qara!
O çayın sahilində
Sağ tayda sən yeridin,
Sol tayda mən yürüdüm.
Dil olub ötmək üçün,
Niyyətə yetmək üçün,
Bu yurdun, bu ocağın
Rişəsindən güc aldıq,
Güc aldıqca ucaldıq...
Əmmaməsi ağ duman,
Ağ saqqalı qırov, çən
Başı qarlı dağların
İlahi qüdrətindən
Sənə sözdən səltənət,
Hikmətdən pay düşübdür.
Mənə qaydasız oyun,
Bol hay-haray düşübdür...
Qalıb, ya getməliyəm?!
Sahilində durduğum,
Bu çay yaman dərindir!
Ürəyim atəşlidir,
Ayaqlarım yalındır...
Bir körpü at o taydan
Qoy bu çayı keçim mən.
Səndən umacağım var!
O tayda yol gözləyən,
Yurdum var, ocağım var.
O üstündə gəzdiyin,
Səmasında süzdüyün
Göy Tanrıdan pay olan -
O göyümsov buluddan
Bir azca pay ver mənə.
Bir çəngə ver, bir əlçim,
Gözüm üstə qoyum mən.
Şehə dönsün, ərisin,
Qarışsın göz yaşıma,
Damcı-damcı yaş olsun
Qətrə-qətrə içim mən.
Bir balaca söz olsun,
Lal olub qalmayım mən.
Taxtın nəyimə gərək?
O baxt da səninkidir,
O taxt da səninkidir.
Duyğunsa söz mülküdür,
Havasında üzürsən.
Üzdüyün o havadan
Bir udum ver, udum mən.
Bircə kəlmə söz olsun,
Dolum, qürrələnim mən.
Bulaqsan, qaynayırsan,
O çeşmə çox tanışdır,
Bulağından su ver ki,
Bir qurtum da içim mən.
Gəldi-gedər dünyadan,
Nisgilli getməyim mən.
Daha bir xahişim var -
Ölümümə bir sətir,
Bircə bənd yaz, sən Allah!
Qoy əbədi yaşayım,
Daha heç ölməyim mən!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
