Xalq şairi Səməd Vurğunun "Gələcəyin böyük şairi" kimi qiymət verdiyi Asim Qazıyevin (Sevdalının) anadan olmasının 100 illiyi tamam olur
İllərdir oxucularının ürəyində taxt quran şair, tanınmış pedaqoq Asim Qazıyevin (Sevdalının) may ayının 10-da anadan olmasının 100 illiyi tamam olur. Onu bir az da yaxından tanıyaq...
Asim İsa oğlu Qazıyev 10 may 1926-cı ildə Samux rayonunda anadan olub. Kirovabad (Gəncə) 3 nömrəli Tibb Məktəbində (indi Gəncə Tibb Kolleci) oxuyub. 1946-1950-ci illərdə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda dil-ədəbiyyat ixtisası üzrə təhsil alıb.
İnstitutu bitirəndən sonra doğma Samux rayonuna qayıdıb, orta məktəbə direktor təyin olunub. 1954-cü ildə Mingəçevir su anbarının tikintisi ilə əlaqədar Samuxun bir neçə kəndi Bərdə rayonuna köçürülüb.
Asim Qazıyev fəaliyyətini Bərdə rayonunun Leninabad (Samuxlu) kəndində davam etdirib. Çiy kərpicdən, sonra ağ daşdan məktəb binası tikdirib. Qabaqcıl məktəb direktoru, ictimaiyyətçi, el ağsaqqalı, şair kimi tanınıb. 1960-cı ildə Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən ona "Metodist müəllim" adı verilib və "Qabaqcıl maarif xadimi" döş nişanı ilə təltif olunub.
1999-cu il fevral ayının 19-da Gəncədə vəfat edib. Gəncənin Səbiskar qəbiristanlığında dəfn olunub.
Asim Qazıyev özündən sonra zəngin ədəbi irs qoyub. O, 14 yaşından şeir yazmağa başlayıb. Özünə Asim Sevdalı təxəllüsü götürüb. Tələbəlik illərində institutda fəaliyyət göstərən ədəbiyyat dərnəyinə rəhbərlik edib. İlk dəfə "Mənim yurdum" adlı şeiri 1948-ci ildə "Ədəbiyyat qəzeti"ndə çap olunub.
Azərbaycan Yazıçılar İttifaqının (AYB) Kirovabad (Gəncə) filialının üzvü və fəallarından olub.
Vaxtilə xalq şairi Səməd Vurğunun "gələcəyin böyük şairi" kimi qiymət verdiyi Asim Qazıyevin 1996-cı ildə "Qələmin qüdrəti yaz, deyir mənə" adlı birinci, 2016-cı ildə "Xeyli sözüm var" adlı ikinci, 2018-ci ildə "Ürəkdən soruş" adlı üçüncü, "Ürək o ürəkdir" (2025-ci il) adlı dördüncü kitabı çap olunub...
Asim Qazıyev xalq artisti, bəstəkar və dirijor Nəriman Əzimovun bəstələdiyi sevilən "Gözəl Gəncəmiz" və "Ümid çırağı" adlı mahnıların mətninin müəllifidir.
Asim Qazıyevin "Xeyli sözüm var" adlı kitabına Ön söz yazan xalq şairi Nəriman Həsənzadə qeyd edir: "Samuxda dünyaya göz açan Asimin də ilham pərisi onun üzünə gülüb. Gözəl lirik şeirlər yazıb. 1947-ci ildə gənc yazıçıların Bakıda keçirilən Respublika müşavirəsinə Gəncə filialından nümayəndə seçilib. Yazıçılar İttifaqının sədri böyük Səməd Vurğunun məruzəsinə qulaq asıb, Gəncə filialının üzvlük vəsiqəsini ona Səməd Vurğun təqdim edib. Asim Qazıyev bu qürur hissini yaşayıbdı".
Asim Qaziyev 1949-cu ildə qrup yoldaşı Fəridə Əzimova ilə ailə həyatı qurub. Bir oğlu, üç qızı var. Oğlu və bir qızı həkim, bir qızı müəllim, o biri jurnalistdir. Fəridə xanım 2004-cü ildə vəfat edib.
Mayın 10-da şair, pedaqoq Asim Qazıyevin 100 illik yubileyi tamam oldu. Şairin yubileyi münasibətilə onun bir neçə şeirini oxuculara təqdim edirik.
Vasif SÜLEYMAN
Asim Qaziyev
Yaşadım
Mən yaxşını, yamanı
Seçə-seçə yaşadım.
Xoş ümidi, gümanı
İçə-içə yaşadım.
Məhəbbətin yolunu,
Sədaqətin yolunu,
Həqiqətin yolunu
Keçə-keçə yaşadım.
Dost seçmişəm hər yerdən,
Nur almışam səhərdən.
Nişan qoyub şeirdən,
Heca-heca yaşadım.
Daşıyır
Dünyada əzəldən belə qayda var:
Kiçiyin dərdini böyük daşıyır.
Günəş yüz ölkəni işıqlandırır,
Ürək bu dünyada min yük daşıyır.
Həqiqət yoludur hər şirin nağıl,
Saf-çürük eyləyir fərasət, ağıl.
Nə ola, olmaya dünyada paxıl,
Kimi saf-saf, kimi çürük daşıyır.
Kim ki düz danışsa, düşməz hörmətdən,
İnsan tamah salmaz, keçər sərvətdən.
İnsan var, dad alır, təptəzə ətdən,
İnsan var, yonulmuş sümük daşıyır.
Qanmayan cana dərddir, azardır,
Yarımçıq əlindən aləm bezardır.
Deyirlər, dəmiri kömür qızardır,
Demirlər havanı körük daşıyır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
