Sükutlar məhləsində
Nə sükutdan səs gəlir,
nə gülüşdən bir səda.
Hər gün söz-söz danışan
baxışın düşür yada.
Qabarıb tez çəkilir
gözümdən keçən yollar.
Qatlayıb barmağını
danışır yoxlar, ollar.
Döyülməyən qapıda
üşüyür haray izi.
Çoxdandı qulaqlar da
unudub səni, bizi.
Xatirələr əlində,
xəyallar kölgəsində,
sərgərdan dolaşıram
sükutlar məhləsində.
Sükutun səsi
Səni göymü apardı
sevmədiyin bu yerdən?
Daha işığın gəlmir
qaranlıq gecələrdən.
Gecələr tam qaranlıq,
gündüz sükut içində.
Uçub, gedib səsin də
durnaların köçündə.
Boğur yeri qaranlıq,
boğur sükutun səsi.
Boğur səni içində
ayrılığın nəfəsi.
Sükutum
Gəl, səni bağrıma basım
mənlə danışan sükutum.
Üzünü yana çevirib.
tez də barışan sükutum.
Susur... danışır hələ,
sığmır göyə, sığmır yerə.
Sözünü kəsim necə
özüylə yarışan sükutum?
Məni əzabdan qurtaran,
içimdə rahatlıq yaradan,
məni özüylə aparan
sözə alışan sükutum.
Mən səni sevdim, sevirəm,
şəninə alqış deyirəm -
başı qarışan sükutum,
susan-danışan sükutum.
Sükutlu gecə
Göy üzü aram-aram
ulduzları qoparır.
Qolun boynuna salıb
bulud ayı aparır.
Yuxumu itirmişəm
bu darıxan gecədə.
Əlin qoynuna qoyub
mürgü vurur küçə də.
Ruhumu oyatmağa
bir təbəssüm bəs edər.
Umudum əllərimdə
sabahıma yol gedər.
Bu sükutlu gecədə
o sevdiyin mahnını
sənin təki oxudum
əyilib ürəyimə.
Qəm havası
Bir Ay doğar
yorulan buludlar arasından.
Bir Ay doğar,
işıqlanar gecələr.
Əllərimi, qollarımı görərəm,
sənə gedən yollarımı görərəm.
Qəribsəyən gecədə
yolların yanağından
tək ağlayan qəribin
göz yaşını silərəm.
Daş qolları qaldırıb oynayaram
içimdəki qəm havanın pəsinə,
diksinərəm lal sükutun səsinə.
Nə deyəsən,
gecənin bir küncündə
için-için oynayan
bu Allah bəndəsinə...
Gecənin sükutu
İşıqları o sönməyən tək evin
pəncərəsin bir göyərçin döyəcək,
dimdiyində gətirdiyi məktubun
hər sözündən sənin ətrin gələcək.
O ətirdən yuxu qalmaz gecədə,
O gecəni xatirələr alacaq.
O gecənin sükutunu pozacaq
adam gəlib düz önündə duracaq.
Gözlərinə dikiləcək iki göz,
Gözlərində o gözlərin öpüşü.
Lal divarlar yaddaşına köçürər
pərdələrin izlədiyi görüşü.
Bu gecəyə lap ömrünü verərsən.
Yalvararsan qaranlığa ilk kərə.
Bir ismarış göndərərsən Günəşə:
"Nə olar, sabah sən yuxula, yat", - deyə.
Göz yaşı
Səsində sözlər üşüyür,
baxışında baxışlar.
Axır, ovcuma axır
gözlərindən yağışlar.
Bu sükutun içində
döyür məni hıçqırıq,
Cüt dodaqlar qapalı,
hardan gəlir qışqırıq?!
Əlimdə əl danışır,
gözlərində baxışlar.
Əyil, bir ovcuma bax.
Barmağımız boğulur,
...damcı-damcı yağışlar.
Sevdirmə mənə
İlahi, bu qızı sevdirmə mənə,
pozma gecələrin sükut səsini.
İlahi, bu qızı sevdirmə mənə,
Bu qız dəli edər gecələrimi.
Bu qız dəli edər gecələrimi.
Səsimə səs verən Ay da yox olar.
O ağ buludların gözləri dolar,
Otağın düzəni dəm-dəm pozular.
Otağın düzəni dəm-dəm pozular,
Üzüm qara olar gecə yanında.
Səssizlik özünü gecədən asar,
Sakit gecələrin sükut anında.
Sakit gecələrin sükut anında,
Mənli gecələrin adı hallanar.
Daha gecələrim bakirə qalmaz,
Pərdələr çəkilər, qapı bağlanar...
Sükut
Qaranlıq gecələrin
qara sevdalarında
yenə sərxoş küləklər
üst-başımı arayır.
Nə gecəyə Ay doğur,
nə də bağlı qapılar
bir anlıq aralanır.
Bu gecəki sükutda
kimsə könül qapısın
üzümə açacaqsa,
kimsə "gəl, gəl", - söyləyib,
gözümə baxacaqsa,
halından sərxoş külək
bir anlıq dayanacaq,
sükut da dağılacaq.
Milyon-milyon insanın
hərəsində bir ürək,
hər ağızda bir dua,
hər ürəkdə bir dilək.
***
qapımın kandarında
qapımı döyməyənin
hənirtisin duyuram
bu sükutun içində.
Bu gecə Ay danışdı
kölgələrin halını,
pəncərəyə yapışan
baxışların sayını.
Bu yuxusuz gecədə
xatirələr oyaqdı,
sabahlara ümidli,
xəyallara dayaqdı.
Özümü ovuduram
yaddaşımın səsində,
içimi isidirəm
duyulan nəfəsinlə.
Qaranlıq və sükut
Bu gecənin sükutun
pozmağa haqlı adam.
Hənirtisiz gəzirəm
bu sükutun içində.
Qaranlığın yerişi
çubuqsuz kor yerişi.
Nə bir baxış görünür,
nə uzanan soyuq əl.
Sən ayrı bir aləmdə,
səs qaranlıqtək susur.
Ay gizlənən gecədə
nə səmada bir Ağ yol,
nə yerdə görünən var.
Udur bizi qaranlıq
uzanan dərə kimi.
Aparır uzaqlara
sahibsiz bərə kimi.
Sənsizlikdə hər şey
Sual...
Sənsizlik havası
Apardın hər şeyi,
apardın özünlə.
Küləklərə qoşulub
sözlərimi apardın.
Sənə zillənən baxışları apardın,
buludları, yağışları apardın,
ruhumun rahatlığını,
gecənin addım səsini,
sənə bağlı yaddaşımı apardın.
Unutdum sevgi dolu nəğmələri,
baxışlarda kəlmələri.
İçimin sükutuna
ayrılıq yağır
sənsizlik havasından...
Sükutun harayı
Sükut qəfil elə qışqırdı ki,
bir anın içində öldü gecənin sevinci,
dalğalar geri döndü,
Ay da küsüb getdi,
qərib bir sakitlik...
İşıqlı nə vardısa, çevrildi xatirələrə.
İtdim qaranlığın boşluğunda,
sükutun əli ağzımda...
Sənsizlik havası
Apardın hər şeyi,
apardın özünlə.
Küləklərə qoşulub
sözlərimi apardın.
Sənə zillənən baxışları apardın,
buludları, yağışları apardın,
ruhumun rahatlığını,
gecənin addım səsini,
sənə bağlı yaddaşımı apardın.
Unutdum sevgi dolu nəğmələri,
baxışlarda kəlmələri.
İçimin sükutuna
ayrılıq yağır
sənsizlik havasından...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
