Şeirlər - Söhrab TAHİR

 

Yaxşılıq

 

Bir Allah var, yaxşılıqdır gözümdə,

O var olub hər bir kəsin özündə,

Gəz Allahı sən yaxşılıq sözündə,

Kasıbların pənahıdır yaxşılıq,

Allahların Allahıdır yaxşılıq.

 

Yaxşı olma yaxşılıqdan ötəri,

Yaxşılıq et, qoy olmasın xəbəri,

Ək, dünyada birə yüzdür səməri,

Qızıl taxıl dənəsidir yaxşılıq,

Kimə versən dönəsidir yaxşılıq.

 

Ay acı dil, şirin söz qoy dilinə,

Əl uzatdım, əlini ver əlimə,

Sən də əl tut öz xalqına, elinə,

Əl atmaq yox, əl tutmaqdır  yaxşılıq,

Öz-özünü unutmaqdır yaxşılıq.

 

Yaxşılığa qoyulmayıb tərəzi,

Yaxşılıq et, sil qəlbindən qərəzi,

Böyüklükdə yoxdur onun əvəzi,

Arşın ilə ölçülməyib yaxşılıq,

Pislik ilə kiçilməyib yaxşılıq.

 

Pislik etmə, heç vaxt üzün ağ olmaz,

Pislik gəzən yaxşı olmaz, sağ olmaz,

Eşələrsən, dərə olar, dağ olmaz,

Dərələri nurla doldur, yaxşılıq,

Yaxşı olmaq çətin yoldur, yaxşılıq.

 

Yaxşılıqla yola gətir hər pisi,

Qızıl elə qara daşı, göy misi,

Al tənbəli, ev yıxanı, hərisi,

Bu dünyaya layiq elə, yaxşılıq,

Layiqləri ayıq elə, yaxşılıq.

 

Mən xalqımdan çox yaxşılıq görmüşəm,

Öz payımdan hamıya pay vermişəm,

Yaxşılıqdan qızıl saray hörmüşəm,

Qal baxtımın sarayında, yaxşılıq,

O tayında, bu tayında, yaxşılıq.

 

 

Birinci

 

Düşünən bəşərin,

Qoca dünyanın

Hərlənən təkəri birincilərdir.

Güllə sıxımının asan hədəfi,

Yükün fil çəkəri birincilərdir.

 

İnqilab hayqırdı,

Tufan bağırdı!

Birinci oğlunu tarix çağırdı!

Zəif birincilər ikinci oldu;

Bir gün gecikənlər

Üçüncü oldu.

Dünya öz hökmünü elə dəyişdi -

Birinci adamdan birinci oldu!

 

Birinci intihar,

Birinci ölüm!

Birinci ölümün ağzından dönüm!

Ömrün gödəkliyi,

Yolun təkliyi,

Böhtan kələfçəsi,

Yalan yumağı,

Başının üstündə düşmən çomağı

Birinci olmağın yol yoldaşıdır,

Birinci - sabahın vətəndaşıdır!

 

 

Anam Nəsibə - qızım Nəsibə

 

Yuxuda ağlayıb - gülürsən bu gün,

Ay qızım, nigaran qoymusan bizi.

Sən gözəl Bakını yuxuda gördün,

Yoxsa həbs olunan ana Təbrizi?!

 

Gözü qamaşdırır dişinin ağı,

Yanağın Şirvanın ağ pambığıdır.

Araz qundağının qırmızı bağı,

Göygöl bələyinin göz muncuğudur.

 

İki vətən olub bir xalqımızdan,

İki sərhəd olub vətənə bir çay.

Elə gülməlisən, danışmalısan -

Nə o tay incisin, nə də ki bu tay.

 

Mən bir güllə idim, tüfəngə doldum,

Hədəfə dəymədim - çıxdım hədəfdən.

Arazın içində bir ada oldum,

Nə o tərəfdənəm, nə bu tərəfdən.

 

Boy at, körpə balam, qovuş vətənə,

Ömrünü o taya-bu taya bağla.

Qızım, nə versələr bu tayda sənə,

Götür, o tayın da payını saxla!

 

Qızım, mühəndis ol - su mühəndisi,

Dünya çaylarını Araza içirt.

Yaxşı seç dünyada yaxşını, pisi,

Arazı Culfadan, Salyandan deyil,

Arazı Zəncandan, Qəzvindən keçirt.

 

Ortadan açılmış kitab kimidir,

Baxır Astarlar sərhəd tirinə.

Söykənir Culfalar sərhəd tirinə,

Mənim qollarımı iynə-sap edin,

Tikin Astaranı biri-birinə.

Çayları, yolları iynə-sap edin,

Tikin Culfaları biri-birinə.

 

Sabah sən vətənə getmək istəsən

Gərək nə icazə, nə izn olsun!

Xalqın birləşməsi elə indidən,

Qızım, qoy gəlinlik cehizin olsun!

 

 

Sağ ol

 

Gətirdiyin bu hədyədən nə qəsdin? -

Mənə sağ ol deyibsənsə, bu, bəsdir,

Bundan sonra nə versən də əbəsdir,

Mən "sağol"un qurbanıyam, sağolmuş,

Sağ olmayıb kim "sağol"a ağ olmuş.

 

Babam pula "can" deyənə qul dedi,

Qul nədir ki, iki üzlü pul dedi,

Mal-dövlətə palan dedi, çul dedi,

Sağol idi hər səfərdən sovqatı,

Sağol idi başdan-başa həyatı.

 

Saqqalının süd işığı bulaqda,

Əllərinin hərəkəti budaqda,

Alın təri dən-dən olub torpaqda,

Sağ ol, baba, əlin, qolun var olsun,

Allah sənə hər bir yerdə yar olsun.

 

Mən dadmışam xalqın "sağol" balından,

"Sağol" tutub hər bir yerdə qolumdan,

Neçə illik səfərimdən yolumdan,

Evə bir cüt qəşəng "sağol" gətirdim,

Hər şey verdi, mən "sağolu" götürdüm.

 

Mənim xalqın sağolluqdan doğuldu,

O, hər xalqa, hər millətə oğuldu.

Xalqın elə bir adı da "Sağoldu",

Xalq nədir ki, salamlardır, sağollar,

Bir sağola yüz yaşayan oğullar.

 

Atam düşdü dağa-daşa, meşəyə,

Qoymadı ki, möhtac olaq bir şeyə.

Bir yol sağol deməmişəm kişiyə -

Nə olar ki, mən gedənə sağ ola,

Gedib dönüm qabağında "sağola".

 

Mənim xalqım sağolluqda birinci,

Hər sağolu bir səadət, bir inci.

Mənəm onun sağolunun sevinci...

Mən xalqımdan bir "sağol" da alaram,

Qismət olsa, sağol baba olaram.

 

 

Öləndə...

 

Öləndə kəfənim ikiqat olsun,

Mən həm o tayınam, həm də bu tayın.

Qoy bütün dünyaya belə yayılsın

Öləndən sonra da birlik harayım.

 

Öləndə kəfənim ikiqat olsun,

Ruhum o taydadır, qəbrim bu tayda.

Dözümlü xalqıma heykəl qoyulsun

Ortadan qurumuş bir dəli çayda.

 

Bir gün xalqım üçün şairləşəndə,

Şair torpağıma quylanacağam.

Vətən birləşəndə,

Xalq birləşəndə

Mən də öz qəbrimdən boylanacağam.

 

 

Daha

 

Dərdi dərd olmuşdur elin də mənə,

Ağladım, bir naşı güləndə mənə,

Heç kəs ağlamasın öləndə mənə,

Mən heç vaxt, heç zaman ölmərəm daha!

 

Azad qardaşım var, onunla xoşam,

Mən gərək sahili sahilə qoşam,

İki bölünməkdən elə qorxmuşam,

Çöpü də ikiyə bölmərəm daha!

 

Dənizlər, dəryalar mənə dayazdır,

Ən dərin bir çay var, o da Arazdır.

Mənə görüş verin, azadlıq azdır,

Görüşsəm, ayrılmaq bilmərəm daha.

 

Ömrümdən qürbətlər, yadlar qovulsun,

Keçmişim yiyəsiz qaldı, qoy olsun!..

Ancaq gələcəyim mənimki olsun,

Mən onu ömrümdən silmərəm daha!

 

Mənim səadətim hardasa itdi,

O asan gəlmişdi, asan da getdi,

Mənə nə etdisə səadət etdi,

Bədbaxt səadətə gülmərəm daha!

 

Qorxaqlar önümdə çöküb əyilsin,

Vətənsiz vüqarım göyə dikəlsin;

deyin azadlığa, ardımca gəlsin,

Mən onun ardınca gəlmərəm daha.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!