Biz - köçərilər
A.Voznesenskiyə
Mənə belə gəlir:
Məhəmməd Çin divarında ox kimidir,
qafası dirənib kərpicə,
məxməri şalvarı-tüklücə.
Yavuz Məhəmmədim,
sən çoxdan operetta personajısan,
sənə həsədim yox,
sənin də mənə yox həsədin.
sən bizim qəribə dilimizi
anlamağa çalışma,
bu çətin.
Çıx üçqat divarın içindən,
divarlar çat verib,
kitabxanaların dəbilqəsinə gir,
sualların qəddini düzəldə-düzəldə
metaforanla dayan qoşa,
və nəsrin çarlığında eposla yaşa.
Andrey! Biz səninlə köçərilərik,
aramızdakı kültür və dönəm boşluğu
dayanıb üzü göyə,
biz allah və din sayaq
gəzirik dünyanı belədən-beləyə.
Mən öz bilgilərimlə,
böyük qayələri çəkəcəyəm sınağa,
bu qayələr mənim məğrur ərənimin
şüuruna çətin sığa.
Mən etruskca danışıram gələcəkdən
pıçıltıyla,
sən şifri aç.
Talelərin qıyyasını
runaların divarına sanc.
sonra, yarımçıq alimlərə ver
sərsəm fikirlərin təfsirini.
onlara müdriklik gətirər
öyrənilən hər ziyanlı yeni.
Mən gəzirəm bozqır boyu,
şəhadət barmağı tək əyilmədən,
(şəhadət barmağını yalnız tətik əyir hərdən.)
Mənə belə gəlir:
Az i Ya - Aziya deyil yalnız,
biz köç eləyirik öz üstümüzə
və başqa cür olur tanınmağımız.
Köçəri
Qanun var yazılmamış,
səni daim çəkir yol.
Könlün varsa kef elə,
amma öncə qoca ol.
Qoca yaşar Ay altda,
günəş nuru lap gözəl,
o düşmənə gülümsər,
gözüylə qorxu kəsər,
və onu toz kimi əzər.
Hər evdə məni çay gözləyir,
xoş yataq və çörək istisi.
Əgər ər kar və kordusa,
həm də bir sevimli qadının
isti və ətirli nəfəsi.
Hamı mənə əl verir, əhval soruşur,
atımın boynunu sığallayırlar.
Mənə ki, bu qədər hörmət edirlər,
Allahım, mənə də bunca sayqı ver.
Gözlərim oynayır. Sanki civədi,
görkəmim bezdirir - hirs görününcə.
İstəyin var isə, bir az qəmgin ol,
bir az da əclaf ol, hər şeydən öncə.
Və məni yellədir bu yollar,
və məni tərpədir bir törə,
içini yeyəndə bir kədər,
vur öz yumruğunla sağ gicgahına,
vur öz yumruğunla ağ gicgahına,
bıçaqla sinənə vur çırtma - çırtma,
yıxıl və ölməyi heç vaxt unutma.
Falçı
Gəl mənim evimə,
gəl, nəfəsləşək.
Qapı açdığıntək,
içini də aç.
Tozlu əlbissədən
təmizlə canı,
sən mənə inan ki,
mən də inanım.
Rəqqassansa, nə durmusan,
rəqs elə,
Qoy falçıxanamın
tavanı çöksün.
Şairsənsə, qəlbim üçün
Sədidən bir şey oxu,
oyansın icimdə bir səfər ruhu.
Sən sönmüş atəşi oyat içimdə,
neynirəm pəncərə parıltısını,
bizim tərəflərə yolun düşəndə
tənha mənzilimdən yan kecmə sən də.
Burda bir nəfərə yer varsa əgər
ikinci adam da yəqin yerləşər.
Pıçıltı
Misirin səmasında gündoğuşa bax,
şəffaf örtü altda üzlər əriyir.
Səhrada, dünyada...
- Nə üçün?
- Bu da bir örnək.
Piramidalar üzür
qız məməsitək.
Karvan başı, karvan başı...
Dəvələr kölgədə üzgülü əriyir.
Zəvvarlar?
Tacirlər?
Kim gəlir bu karvanda?
- İnsan oğlu...
Çoxnöqtə qumunun üstüylə
cavab quyusuna doğru.
Kuman nəğməsi
Əcdadlarım,
yapışın döyüşdə qollarım altdan,
yerə yıxılmağa qoymayın məni.
Yanından ötmərəm yalnız ağacın,
Əyri bir budaqdan kəmənd asaram.
İlkin yıxılmaram mən son doyüşdə,
bunu yaxşı bilir məni tanıyan.
Səma kümbəzindən qopub bir ulduz,
başım da aşağı əyilir mənim.
sədaqət andını verdim qadına,
amma öz ovcumu öpürəm indi.
Hey aruax,
nə bayquşu incitmərəm, nə qarğanı...
Balaton yolunu göstərin mənə,
yanından biryolluq ötərəm yoxsa.
Dərin iz qoyaram insanlar üçün,
qoy mən keçən yollar yağışdan sonra,
piyalə görünsün düşmənlərimə.
Hey, kəhərim!
O qaz kimi qaqqıldayır,
nərsayağı nərildəyir,
dağ selinin qoxunc hızı
onun nəfəsinə çatmaz.
Mən düşmənin bağrını
Əlimlə qopardaram,
qaçırdıb bir ilxını,
kəhərə dəyişərəm.
Atımın yambızları
yumrudur ürək kimi,
yüzhörüklü gözəllər
paxıllıqdan ağlaşar.
Od və qorxuyla dolar
onların məmələri.
Mən cavan və kasıbam,
məni yığıb boğaza
yaşadığım it ömrü.
Xanı kölə eylərəm,
sındıraram belini,
ustünə işəyərəm,
duasız basdıraram.
Şütüyərəm dənizə,
qalxansız, yalınqılınc,
ver kəhəri, ver mənə,
verməsən qaçırdaram.
Qışqabağı köç
Sumbule ulduzu
şölə saçanda,
məməli madyanlar bəyaz süd verər.
Çölün səmasında ipincə qazlar
qəmli gecələrdə harayla uçar.
Demək, örüşlərin otu qocalıb,
Qıpçaq, yola çıx.
Sumbule ulduzu şölə saçaraq
qoy mənim əlimdə ölsün astaca.
Arqamak
Hey, poloves yurdu,
ilxıların şöhrətlidir.
Quru otlar yağışında
kəhərlərin dolaşırlar.
Mənə cavan at verin,
qanım oynayır, qanım.
Sonsuzluğa çaparam
köyü- kəndi qatlayıb.
Arqamakın qanı qızmar,
alovunu yel yelləyər,
otlar yanar altımızda,
toz bələyər nal səsini.
hucum nədir?- atak.
Nal səsinin nərəsini
uzgün cığırlara ataq.
Uralın sahilində aldığı yaradan can verən
Məhəmbətin son düşüncələri
Yaman maraqlıdır, kefim kökdüsə
nəyi istəyirəm, onu verirlər.
Qəmli havalara qəribsəyəndə
həvəslə yanıqlı türkü deyirlər.
İçim şad olanda, şad olur hamı,
mən qaçsam, bilirəm, hamı qaçacaq.
Ural susuz qalsa gun qızmarında,
dənizlər gözümdə bomboz olacaq.
Tayfam köç eşqinə düşüb gedəndə
çirmənib, torpağı tənha əkərəm.
Heç kim dinməyəndə, lap ağzı yumuq
sinəmdən bir topa sözlər tökərəm.
Eh, əgər desələr mənə - ey böyük,
bunları bağışla, suçdan keçən ol,
urəyim açılar, könlüm xoş olar,
dünya məsud olar təbəssümümdən.
Qəlbi düz ərənlər belə söyləyər:
" eşit böyük ər,
Uralda su varsa, dəniz qurumaz,
əgər sən sağsansa, bizlər də sağıq".
O zaman mənim də ölümüm olmaz.
Batır Məhəmmədin edamönü duası
Bismillah!
Uzaq axınlarda tapdım özümü.
İl boyu cəngdəyəm,
düşmənim xirtdəyəcən,
Yəhərdə doğulmuşam,
qandallanmış ölürəm.
Məni ittək şəhərdə piyada gəzdirirlər,
köpüklənən atımın iyini unuduram,
cəng harayım zindanda yadımdan çıxıb gedir.
Bədənimi doğrayıb atəşə atacaqlar,
qafam xatırlamır öz vüqarını.
Unutmuşam məndən hürkən qadınları da.
Mən qınından qəfil çıxan yalın qılıncam,
canıma hopan pas yeyir içimi,
urək boğazımda yanır tiyə tək.
Hey! Belə, hey!
Ürəyim tükləri yolunmuş şahin,
heç nə xatırlamır dualarım da.
Yanğınlar, savaşlar, ...Allah anılmaz.
Aruax!
Ay doğur səhrada, tərtəmiz bir Ay,
barxanlar mayanın ardınca qaçır,
Qazax qazanında süd köpüklənir,
və itlər gön cırır darıxmasında.
Uzanmışam oturmanın dərinliyində,
Əllərimə tərəf gəlir qoğalsifət Ay.
Dilimizə çevirdi: Elxan Zal QARAXAN
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
