Şeirlər - Rəsul RZA

 

Fikrim çırpınır

 

Görəsən, Bakıda xəzridir,

ya gilavar?

Görəsən, nə qədər hələ

sahilə var?

Görəsən, Mildə, Muğanda

novruzgülü açılıbmı indi?

Görəsən, burda okeanın dərinliyi

neçə mindir?

Görəsən, Neft daşlarında

qazım, dolum necədir?

Görəsən, Havanada indi işlər necədir?

Görəsən, üşümür ki, Bakıda,

Sahil parkında gəzişən körpələr?

Görəsən, Cakartanın

buxarlı havasında

yenə qar-qar qaynaşırmı

körpülər?

Görəsən, Bakıda, Qurucular

küçəsində

tikilib qurtardımı

o geniş pəncərəli bina?

Görəsən, bu il yenə

aclıq üz verəcəkmi Hindistana?

Görəsən, şair dostlarım

yeni nə yazıb?

Görəsən, Kəlküttədə o qoca riqşa,

nəfəsini dərə bildimi, yazıq?

Görəsən, qaranquşlar gələnə

nə qalır?

Zaman keçir,

"İndi"lər "bayaq" olur.

"Gələcək" yenə qalır.

Saat yeddidir - Moskva vaxtı.

Göylərdə qalmayıb gündüzün bir

əsəri.

Kainatı doldurub indi yəqin

vətənimin "son xəbərlər"i.

Heyf ki, cihazım yoxdur

onları tutam.

Beynimi incidən fikirləri

bir az unudam.

 

 

Unutmayın

 

Mən güllü bir may səhəri doğulmuşam,

Bəlkə, getdim bir yanvar axşamı.

Tabutuma ipək salmayın!

Dəfnimə toplamayın izdihamı.

Bir ovuc torpaq üstünə qoyun başımı.

Mən o torpağı sevmişəm.

Ancaq məhəbbətim

nə sərgiyə qoyulan bir tablo olub,

nə parıltısı diqqət çəkən üzük qaşı.

Mənim sevgim sevgi idi -

sadə, yaxşı...

Mən anamın südü kimi,

atamın öyüdü kimi,

sevdim bu torpağı.

Bir ovuc torpağı əsirgəməyin məndən.

Mən ancaq onu

aparacağam,

nəsil-nəsil insanlara

çeşid-çeşid nemət verən

bu vətəndən.

 

Mən öləndə ağlamayın!

Mən öləndə gülməyin!

Yox, nəyə gərəkdir!

Mən, sağlığımda çox gülmüşəm.

çox ağlamışam.

Ancaq o həzin axşam,

məni yalqız qoyub

əbədi sükut evində,

qayıdanda geri,

açın, taybatay açın,

otağımda pəncərələri!

Çıraq yanmasın.

Səssiz çıxın otaqdan

Elə çıxın ki, sükut oyanmasın

O səssiz, o qaranlıq otaqda

dincəlsin yalqızlıq, sükut.

Dincəlsin ruhum da

Ümidimi, arzumu,

sevincimi, dərdimi

görmüş otağımda.

 

Ölülər geri dönə bilsəydi,

mən bu otağa gələrdim.

Burda uzun bir dəqiqə

dincələrdim.

Cənnətdə işim yoxdur.

Getmərəm, dəvət etsələr belə!

Cəhənnəmi söndürüb,

bütün ölülər ora getsələr belə...

Mən xoşbəxt olardım,

tabutumu özüm apara bilsəm!

Adımı, xatirəmi

yazılı nitqlərdən,

sərin ahlardan qopara bilsəm...

 

Vətən torpağı genişdir,

qəlbim kimi...

Demirəm, Göyçayda basdırın məni,

Ancaq ki, riyakar gözlərdən uzaq,

aparın, bir çayda basdırın məni!

Tabutumu örtsün sərin sular.

Qəbrimi görüb kədərlənməsin

sevinclilər, arzulular.

Qəbrimin üstündən sular çağlasın.

İnsanlar sevinsin, gülsün

işıqlı gündüzlər.

Gecələr də mənə

yaşıl saçlarını

sulara sallayan,

salxım söyüdlər ağlasın...

 

1947

 

 

Məndə ixtiyar olsa

 

Mən istəyirəm:

buludlar ağlasın

uşaqlar ağlamasın -

analı, ya anasız.

Mən istəyirəm:

güllər açılsın,

güllələr açılmasın -

amanlı, ya amansız.

 

Mən istəyirəm:

qapılar qapansın

soyuq olanda hava.

Gözlər qapanmasın,

sözlər qapanmasın.

Mən istəyirəm:

yanğınlar sönsün,

ümidlər sönməsin.

Meyvələr dəysin öz fəslində.

Ürəklərə söz dəyməsin.

 

Bəhərdən budaqlar əyilsin,

İnsan başını əyməsin

xəcalətdən, ya gücsüzlükdən.

Axsın bulaqlar göz yaşı kimi,

torpağın üzərində.

Göz yaşı bulaq kimi axmasın

dünyanın heç bir yerində.

Hər şey insana baxsın,

İnsan ələ baxmasın,

Gecələr ulduzlar oyaq olsun.

İnsanlar yatıb dincəlsin;

qüvvət toplasın sabahın xeyirli işlərinə.

Açsın gözlərini gələcəyin ümidli səhərinə.

 

Mən istəyirəm:

sevinc, səadət bol olsun.

Ürəkdən-ürəyə,

ölkədən-ölkəyə

açıq yol olsun.

 

 

İnsan şəkli

 

Mənə bir sərgi salonu verin!

Nə geniş olsun dünya qədər,

nə elə hündür olsun ki,

ətəyində qala uzun kölgələr.

Mənə bir sərgi salonu verin!

Orda bir insan şəkli asacağam -

adi bir insan.

Nə elə kiçik ki, məhəl qoyan olmaya,

nə elə böyük ki, baxanda qorxasan.

Orda bir insan şəkli asacam,

görünsün dünyanın hər yerindən;

zamanın keçmişindən,

dövranın indisindən,

əsrin gələcəyindən

Bir insan şəkli asacam;

bir yanında Nəsimi -

dabanından soyulandan sonra,

Bir yanında

məşəl təki yanmış Azəri qızı -

tunc heykəli qoyulandan sonra.

Bir yanda Cordano Brunonun külü.

Bir yanında Məmmədhəsən kişi -

ömrü, günü yollara tökülü.

Yuxarıda kosmopolit göy

Aşağıda sərhədlə kilidlənmiş ölkələr

Bir yanda Osvensim -

minlərlə insan, beli bükülü.

Bir yanda yolları insanla döşənmiş -

Kalıma.

Bir yanda Xirosima - ölü.

Bir tərəfdə

Fərhad, Şirin,

Kərəm, Əsli,

Bir tərəfdə

İsrafil, Qafur

Qastello, Lorka -

prometeylər nəsli.

Bir insan şəkli asacam;

qapalı dodaqlarında söz yanığı.

Ətrafında bayram təntənələri.

Baxışında sınaq günləri,

dözüm sənələri.

Şəklin müəllifi - Zaman.

Adı - insanlığın ömür yolu.

 

1964

 

 

Tənhalıq

 

Göyün tənhalığı

nə yaman olurmuş.

Adamı dəli eləyər.

Göyün tənhalığı

hər sınaqdan yamandır,

hər qorxudan qorxuludur,

Min bir sualla doludur

göyün tənhalığı.

Nə bir insan səsi,

Nə bir ağac gölgəsi.

Ancaq nəhayətsizlik,

səssizlik...

 

 

İki nöqtə arasında

 

İnsan ömrü nədir?

İlk qışqırıqdan

son sükuta qədər bir yol.

Bu "ilk" və "sonun" arası doludur:

Ana şəfqəti,

vüsal,

intizar,

düşmən nifrəti,

məhəbbət acısı,

dost əlinin hərarəti,

arzuların ağrısı,

ümid qüvvəti.

Nə qədər çox olsa yenə,

az olan sevinclə,

nə qədər az olsa yenə,

çox olan kədərlə.

Nə bilim nələrlə.

Bəlkə sığallı, ətirli əllərin

unuduluşu qabil olmayan

təkrarsızlığı,

bəlkə bir sözün,

bir cüt mehriban gözün,

ağlı-qaralı ömrümüzün

təsəllisiylə, iynələriylə.

İlk qışqırıq

gələcək günlərin

vahiməsidir bəlkə?

Son sükut -

ömrün yorğunluğuna məlhəm -

sakit, sərin bir kölgə?!

 

 

Bağışlayın məni

 

Başımın üstündə

Heç kəsin olan göy.

Ayağımın altında

Heç kəsin olan okean.

Torpağın həsrətiylə -

bir yaşıl yarpağın həsrətiylə.

"Əzizim!" deyən

bir cüt solğun dodağın həsrətiylə,

o ki alış, o ki yan!

Yadıma dörd sətrim düşür:

"Mən hansı xanədə tutdumsa qərar,

Hər yetən piyadə bir şah elədi.

Neyləyim ki, belə kur taleyim var,

nadanları mənə ürcah elədi".

Hər sətrim, hər sözümçün

çəkin məni dara!

Ancaq qoparın məni

bu göylərin boşluğundan,

bu tənhalığın sərxoşluğundan!

Yetirin məni

yer üzünün yaraşığı,

gözlərində həyat işığı

insanlara!..

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!