Məlikməmmədin ölümü
Məlikməmmədi hamı sevər... Axı o güclüdür, hamıdan, hamıdan güclüdür... Məlikməmmədin ətini duz yandırar - dinməz, qəlbini söz yandırar - dinməz... Divin əsir etdiyi qız qorxusundan səsini çıxarmaz. Hər dediyini edər... Məlikməmməd qurtarar onu əzabdan. Bir qəhrəman kimi sevər Məlikməmməd. Amma bircə an belə sevməkdən yorulsa, üzərinə hücum çəkər ordular...
Hamı, hamı küsər ondan. Və beləcə, məhv edərlər bir qəhrəmanı qəlbiqara adamlar. Qınaya-qınaya, əzə-əzə... Div isə nağıllarda pis olar. Şüşəsi qırılsa, içindən çıxan göyərçinə "sülh rəmzi" deyər adamlar, adamcığazlar...
Real həyatda qəhrəmanları heç vaxt bağışlamırlar...
***
Duyğusal asılılıqla sevmək bir-birindən o qədər uzaqdırlar ki... İnsanların "olmazsa olmaz"ı olmaq faciədir... Qarşındakı insanı gücləndirməkdir sevgi, zəiflətmək yox. Kimsə səndən asılıdırsa, deməli, onu sevmirsən, ona yazığın gəlir sadəcə... İnsanları özünə bənzətməksə ayrı bir faciədir... Hamı özü olsun... İnsanların dahası olmaq gözəldir... Sevdiyini düşündüyün adam sənsiz də yaxşıdırsa, deməli, sevi(li)rsən...
***
Özümüzdən daha çox sevdiyimiz adam yenə də özümüzdür. Ən işıqlı gündüz hüzurumuz, ən qaranlıq gecə özümüzdən uzaqlaşmağımızdır... Özümüzdən asılı hala salmağa çalışmadığımız hər bir adam doğmamızdır...
Bilirəm, sevdalar şəhərinə çatmaq asan deyil. Ölümə gedərkən, eşqimizi özümüzlə aparmaqdan savayı nə edə bilərik?
***
Yollar, yollar... Səpələnər, şaxələnər, çözələnər... Sevinər qəlblər şəhərinin aşağımərtəbəli arzuları...
Yollar, yollar, saxlar keçmişi gələcəyin ümidgahında... Kələ-kötürləri həyat rəngində. Zolaqları abdal düyününə bənzər.
Hara gedirik? Sonuncu mənzildə mələklər bizi gözləməyəcəkmi? Bəlkə də şeytanı yarı yolda düşürtməli olacağıq...
Ayna qırılsa, səni itirməmək üçün hər şeyə getmərəmmi?!
Sevgili qəlbim, gəl barışaq, iş-işdən keçməmiş...
***
İçimdə qəribə bir təlatüm var. Təlatümün ağına da, qarasına da lənət deyən nəfsim ilan kimi qıvrılır içimdən çölümə doğru. Beynim ürəyimin üzərində o qədər hakimiyyət qurub ki, eşq yadıma düşəndə utanıram.
Ağıllı olmasam, öləcəyimdən qorxuram.
Sevsəm, bağışlarmı məni beynim? Ah, bu nə gözəl ritorik sualdır...
Müqəddəs nöqtəni tapacağım günə qurban demişəm...
Canımı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
