Məndən torpaq ətri gəlir deyəsən
Bir gündə düşürəm neçə hala mən,
Ümidlər yavaşca ölür deyəsən.
Çıxmışam qüruba gedən yola mən,
Məndən torpaq ətri gəlir deyəsən.
Yaralı durnadı adam elə bil,
Həsrətlə baxırsan göyün üzünə.
Nə vaxtdı toylara yadam elə bil,
Məni yas yerləri çəkir özünə.
Bilmirəm, nə göyəm, nə yerəm indi,
Vurulmaz bəxtimə naxışlar daha.
Düz yolu birtəhər gedirəm indi,
Gözləməz yolumu yoxuşlar daha.
Arzuna çatmırsan, gəlib keçir il,
Necə düşməyəsən yaz həvəsinə?!
Demirəm nəğmələr könlümcə deyil,
Meylimi salmışam əzan səsinə.
Bir gündə düşürəm neçə hala mən,
Ümidlər yavaşca ölür deyəsən.
Çıxmışam qüruba gedən yola mən,
Məndən torpaq ətri gəlir deyəsən.
Bir xonça şeir
Ürəyi daşlara sözüm toxunmur,
Yağır söz yağışı ilham arxıma.
Nə vaxtdı deyirlər şeir oxunmur,
Elə bil söyürlər yeddi arxama.
Hər kəs ola bilməz nəfsinə ağa,
Şərə uymusansa, xeyir neyləsin?
Başın qarışıbsa pul qazanmağa,
Könüllər oxşayan şeir neyləsin?
Sevgi ürəklərdə çağlayan dəniz,
Qoymayın qurusun, haray qoparın.
Deyirəm böyüklər, elçi getsəniz,
Qızgilə bir xonça şeir aparın.
Bəlkə köç eylədim söküləndə dan,
Ölümün ətrini qoxuyacağam.
Məzarım başında, durub tabutdan
Sonuncu şeirimi oxuyacağam.
Sözün haqqı
Əzəldən səs verdim dostun səsinə,
Yuxum dar günündə ərşə çəkildi.
Dedim xoş sözündən qəlbim isinər,
Gözlərim dost gələn yola dikildi.
Ruhun gülər, gülü, çiçəyi sevsən,
Könül pəncərəmi açmağın nəydi?
Mən elə bilirdim sözü bütövsən,
Söz verib, sonra da qaçmağın nəydi?
Nə çox kölgəsində yatan gümanın,
Dünyada ümiddən min-min qısır var.
Hər kəsdən kişilik, mərdlik umanın,
Bəlkə də özündə elə qüsur var.
Ha gəzdim, tapmadım ürəyimə tay,
Baş əydim dərdimi bölüb gedənə.
Könlümün qapısın açdım taybatay,
Qadağa qoymadım gəlib gedənə.
Bahar ürəyimi görə bilmədin,
Eləcə gözündə duman-çən oldum.
Sözünün haqqını verə bilmədin,
Yanan da, yaman da yenə mən oldum.
Ana
Yenə çağır məni, səsinə gəlim,
Necə mehribandın, necə də həlim.
Nə yaxşı çörəyə çatmışdı əlim,
Keçirtdim yasını toy kimi, ana.
Şəklin başdaşında yandırıb yaxır,
Elə bil gözümdə şimşəklər çaxır.
Nə vaxtdı həsrətin sinəmdən axır
Çağlayan sel kimi, çay kimi, ana.
Dəstədən, cərgədən çıxılmadım mən,
Adınla ucaldım, sıxılmadım mən.
Həyatda büdrəyib yıxılmadım mən,
Sənin hər öyüdün pay kimi, ana.
Dərdin ümmanında hər gün üzürəm,
Görən, yoxluğuna necə dözürəm?
Mən səni yerdə yox, göydə gəzirəm,
Çıx bulud dalından Ay kimi, ana.
Ürəyimin rəngi
Mənim ürəyimin rəngi qaradı,
Ümidim, arzum da sarı rəngdədi.
Altından qəm axır, üstü yaradı,
Məni çalan dərdim arı rəngdədi.
Ürək də Tanrının verdiyi paydı,
Bir ömür bəsidi abrı, həyası.
Qayğılar içində boğulmayaydı,
Kaş ki, daş olaydı himi, mayası.
Bir zülmət gecənin səhəri varmış,
Nə yaxşı sevgidi yükü, kin deyil.
Sən demə, ürəyin gözləri varmış,
Nə vaxtdı ağlayır, günü gün deyil.
Dünyanın dərdinə isinmək olmur,
Kimsə deməsin ki, gülür ürəyim.
Bu necə taledi, sevinmək olmur,
Qəzzada ölənlə ölür ürəyim.
Mənim ürəyimin rəngi qaradı,
Ümidim, arzum da sarı rəngdədi.
Altından qəm axır, üstü yaradı,
Məni çalan dərdim arı rəngdədi.
Lələk haqqında şeir
Səhər çağı lələk gördüm yerdə mən,
Hansı quşun lələyidi görəsən?
Qələm gəzdim, yazam sevgi məktubu,
Sevən qəlbin diləyidi görəsən?
Tər içində, puçur-puçur ürəyim,
Sinəm altdan hara köçür ürəyim?
Durna kimi göydə uçur ürəyim,
Qismətimin bələyidi görəsən?
Vurğunuyam hər gülüzlü səhərin,
Ağac ək ki, Tanrı versin bəhərin.
Əl çatmayan, ün yetməyən göylərin
Ağrısıdı, göynəyidi görəsən?
Göz oxşayır inci kimi, dürr kimi,
Bir ilahi düyün kimi, sirr kimi,
İndən belə bağım mənə pir kimi,
Həsrətimin mələyidi görəsən?
Tanrıya xoş getməz
Qardaşım, ustad şairimiz Əşrəf Veysəlli üçün
Ürəyim qoşular ürək ağrına,
Kükrəyən, çağlayan dənizsən mənə.
Məni qucaqlayıb basdın bağrına,
Dedin, nə doğmasan, əzizsən mənə.
Öz tamı, dadı var ahıl yaşın da,
Etibar, sədaqət adında qalıb.
Sənin ocağında, süfrə başında
Şeirdən söz saldıq, yadında qalıb?
Qəlbim tar, görən kim simini qoyub?!
Qışda da üzümə gülümsəyər yaz.
Göylər ruhumuzun himini qoyub,
Təbim də təbinə oxşayır bir az.
Axır üzümüzə gülər qızıl dan,
Qoymuşam arzumu hələ dincə mən.
Tanrıya xoş getməz, köçsəm dünyadan
Səni "Xalq şairi" görməyincə mən.
Əzan səsi
Oxşadı ruhumu sübhün əzanı,
İlahi bir sevgi duydum bu səsdən.
Mənə bəxt yazanı, tale yazanı
Necə inandırım doydum bu səsdən?
Bu səsdə atəş var, düşmən yanıbdı,
Gərək göz qalmasın özgə varında.
Bir vaxt atam, anam pərvazlanıbdı
Bu səsin sehirli qanadlarında.
İtmərəm dumanda, nə də çəndə mən,
Bu səslə bir ömür baş-başa qalım.
Səhər də, axşam da eşidəndə mən,
Tanrı dərgahına uçur xəyalım.
Göylərdi qışımı eyləyən bahar,
Kaş alın yazımı yazan eşidə.
Hər kəsin qəlbində öz arzusu var,
Dünyadan köçəndə əzan eşidə.
Tələsirəm
Saç ağarıb, demirəm ki, bu nə dəndi?
Çəkdiklərim, Tanrı verən əmrdəndi.
Nə gedirsə, bilirəm ki, ömürdəndi,
Gündən-günə, aydan-aya tələsirəm.
Görən nədən könlüm evi viran kimi?!
Kimsə yormaz həyat məni yoran kimi.
Gələn bahar gəlib keçir bir an kimi,
Qış ötməmiş, yenə yaya tələsirəm.
Mən sarıdan, ana kəndim, ağdı üzün,
Gəlləm sənin görüşünə dizin-dizin.
Ümmanları neyləyirəm, kəndimizin
Ortasında axan çaya tələsirəm.
Görmədim ki, biri verə haqdan soraq,
Tamahların tilsimini qıraq, qıraq.
Axtarsam da həqiqəti əldə çıraq,
Yalanlara uya-uya tələsirəm.
Ulduzların yanında yox, pir yerdədi,
Bəzən göydə, bəzən də ki, sirr yerdədi.
Kaş görəydim qurdla quzu bir yerdədi,
Kaş dünyada aclar doya, tələsirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
