***
İşıq da gözümdə adi su kimi,
Keçsə sərhədini xətərdi, xətər.
Bəzən gözlərimə düşən işıqlar
Yarğandan qorxuncdu, uçqundan betər.
Hər gələn işığa getməz ürəyim,
Yadıma dolaşıq yalanlar düşər.
Nədənsə yadıma soyuq işıqlar,
Dərisi bəzəkli ilanlar düşər.
"Bizim günəşimiz şimaldan doğar",
Gör nəyə aldandı haqdan dönüklər.
İşıq var, cırtdan da "getməyək" deyib,
Gedib, aldanıbdı ona böyüklər.
Günəş Şərqdən doğar, bəzər ömrümü,
Nə ruh incidər, nə könül qırar.
Dünyaya nur çilər, hərarət yayar,
Yaşıl dan yerindən gələn işıqlar.
Artır çığırtılar, qəribsəyirəm
Yaşıl meşələrin xışıltısını.
Heyif, nadanlığın acı tüstüsü
Boğur ümidlərin işıltısını...
Yenə üz-üzədi işıq, qaranlıq,
Yollara çıxmışıq biz sınaq üçün.
İşıqlanmalıyıq, özgə yolmu var,
Gələn işıqları tanımaq üçün.
***
Dağlara söykənər bir el birliyi,
Bəs hardan atıldı fələyin oxu?
Qaraca Çobanın gözü yol çəkər,
Hələ Qazan xanın gözündə yuxu.
Səslənər tütəkdə "Çoban bayatı"
Qovar gözlərimdən çəni hardasa.
Enişi-yoxuşu adlayar o səs,
Səsləyər dağlara məni hardasa.
Dağlara üz tutub... səsi, sədası
Üfüqlərin üstə, qaşların üstə.
O səsi hiss edən ilan - qorxusuz,
Çıxıb xumarlanar daşların üstə.
Billəm, tariximə ayrı dad verib
Qaymaq çiçəklərdən gələn bayatı.
Hanı o dağ ətri, o yaylaq ətri,
Mən susum, sən danış, dillən, bayatı!
Səsə, ünə dönüb adi qarğı da,
Həyat nəfəsi var düzümün üstə.
Tütək də o əli qiymətləndirib:
Babamın əli var gözünün üstə.
Dağlara söykənən o birlik hanı?
Gör hardan atıldı fələyin oxu...
Qaraca Çobanın gözü yol çəkər,
Hələ Qazan xanın gözündə yuxu.
BU YOLDA
Ruhumu əzmirsə, ayaqlamırsa,
Ötənlə-keçənlə barışmağım var.
Duman var, sürünür üzü yurduma,
Sürünüb dumana qarışmağım var.
Haqqa, həqiqətə qul oluram mən,
Bir şeh damlasıtək duruluram mən.
Hərdən arılara qoşuluram mən,
Hərdən çiçəklərlə danışmağım var.
Bilirəm, qarışır durum hardasa,
Çətin yalanları udum hardasa.
Bəlkə də azalıb nurum hardasa,
Yenidən üfüqdə alışmağım var!
Biçili-biçisiz xəyallar çoxdu,
Qayğılar qış olsun, ya bahar... çoxdu.
Hələ ki cavabsız suallar çoxdu,
Hələ ki, bir üzdən çalışmağım var.
Ən saf niyyətlər var, alınmır nəsə...
Sən yaxşı nələr var, öyrən, mənimsə!
Şərdən, haqsızlıqdan qorxan mənəmsə,
Bu yolda özümlə vuruşmağım var!
***
Xəyalım süzüb gedir
Qoşulub buludlara.
Məni sən aparırsan
Bir de, əzizim, hara?
Bu buludlu, günəşli
Göy üzü bizdən keçir.
Salam verək beləcə
Biz gələcək çağlara...
Buludların ardından
İşıq süzülüb gələr.
O işıq bizdən keçib
Dönər yaşıllıqlara!...
***
Buludlara çilənən
Bir qürub işığıtək-
Sən niyə belə qəmli,
Sən niyə belə kövrək?
Ömrün qürub çağımı,
O, bir zamanmı, dindi...
O buludlar da bizim,
O işıq da bizimdi.
O işıqla bəzənmiş
Buludlarda yox ləkə.
Onlar bizlə yol gedir,
Ya biz onlarla bəlkə?
...Ən gözəl duyğulardan
Göylərə belə pay var.
Ömrüm, sənə boylanıb
Nura düşüb buludlar.
GÖR NƏ ÇƏTİNLİKDƏ
Gör nə çətinlikdə, keşməkeşdəsən,
Bu ömrün bəhrəsi, barı nədir ki?
Çoxmuş başqatdısı-bu dünya belə,
Yoxu bir heçliksə, varı nədir ki?
Üz tutum qəlbimdə xal olmuşlara,
Çırpılım daşlara, lal olmuşlara,
Yadın boğazında bal olmuşlara
Tapdanan güllükdə arı nədir ki?
İntizar içində bu bağça, o bağ,
Yandırır gözləri şorlaşan torpaq.
Var şirincə səsin, avazın, ancaq
Səhraya bir ovuc darı nədir ki?
Bildin zülmətdəsən, alış, yan, ömür.
Gəz, axtar hardadı gerçək can, ömür...
Harama, tamaha bağlanan ömür,
Alçaq qul ömrüdü, ayrı nədir ki?
Hanı üfüqlərə yayılan səslər,
Yurdsevən kimlərə gör ümid bəslər...
Mənən bütöv deyil axı o kəslər
Yarı biganəsə, yarı nədir ki?
***
Əriyib yox olmaq
Bu genişlikdə...
Əriyib yox olmaq
Bu aydınlıqda...
Göylər ulduz-ulduz,
Ay da sınayıcı baxışlarıyla
Mənə yoldaş olub
Bu kənd yolunda.
Səssizlik yaşayır işıq halında...
İşıq səssizliyə dönüb elə bil.
Bəlkə də bir ömür
Qazancım olar:
Acı söz demərəm
Bu həyat haqda.
Əriyib yox olam
Bu genişlikdə...
Əriyib yox olam
Bu aydınlıqda...
ÖMRÜ QATAM...
Gedəm çıxam ruhum qalan
O yurdlara, o yurdlara.
Gör nə vaxtdı bağlanmışam
Umulara, ümidlərə...
Ömür - yuxu, mühit gecə,
Kədərim də döndü heçə.
Qəhərimi verim necə
De, ünvansız buludlara...
Yolumuzda sərt daşlar var...
Nə çox susqun yaddaşlar var...
Şoranlıqda qamışlar var,
Öyüd verir palıdlara...
Turan varmı? - var, çıxış var,
Bir güc, bir yol, bir baxış var!
Qurddan gələn qurtuluş var,
Yavuqlaşım boz qurdlara.
De, yasdımı, düyündümü,
Bu şər yerin, göyündümü?..
Ömrü qatam, mümkündümü?-
Metelərə, Qorqudlara!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!