Füzuliyə qəzəllər - Mahir N.QARAYEV

"Qəm mülkünün hərifləri" silsiləsindən

 

Birinci qəzəl

 

Heyrət, ey büt,

surətin gördükdə lal eylər məni...

 

Neyləyim ki?!

Ney bilib avazını mən sən bütün,

Heyrət, ey büt!

Heyrətimdən heysiz oldum mən bütün!

 

Büsbütün heydən düşən bir naləyəm neydən düşən,

Naləsiz bir ney kimi həm büsbütün heydən düşən,

Nalətək neydən qopub, yerdən çıxan, göydən düşən,

Nalə tərkin qılmayan neydən yapılmış surətin!

 

Heyrət, ey büt!

Heyrət, ey büt! Heyrət, ey büt! Ey bütüm!

 

Surəti-halım ki,

ey zalım, mənim neydən betər -

Bəs yetər 

mat qalmağım bir key kimi, keydən betər!

 

Mum kimi şamdan qırılmaq yox, hekayət söyləyim,

Nalə tək neydən sorulmaq yox, şikayət söyləyim,

Mən gəda sən şaha yar olmaq yox, amma neyləyim,

Neyləyim ki, ney kimi bənd-bənd kəsilmiş mən yetim?!

 

Heyrət, ey büt!

Heyrət, ey büt! Heyrət, ey büt! Ey bütüm!

 

Surətin gördüm -

məni lal etmədi, məst etdi, məst,

göz qaçırmaq surətindən bir xəyaldır, xam xəyal.

 

Büsbütün

surətpərəstəm şimdi mən, surətpərəst -

üz çevirmək surətindən bir riyadır, bir riya!

 

Ney də sənsən -

naləsindən yer qopan, göy titrəyən!

Şam da sənsən -

mum kimi gah titrəyən, gah kükrəyən!

 

Büsbütün süst düşmüşəm bir nalətək neysiz bu cür,

Naləsiz bir ney kimi süst düşmüşəm heysiz bu cür,

Mədəd et ki, dərd əlindən, saqi, mən meysiz bu cür

Dərbədər bir dərdməndəm, yoxdu tabım-taqətim!

 

Heyrət, ey büt!

Heyrət, ey büt! Heyrət, ey büt! Ey bütüm!

 

 

İkinci qəzəl

 

Ey mələksima ki,

səndən özgə heyrandır sənə...

 

Mən sənin surətpərəstin -

surəti-halım budur!

Ey mənim çarəm, təsəllim!

Ey pənahım! Ey bütüm!

 

Pir də sənsən,

nur da sən, surə də sənsən, sur da sən;

sirr də sənsən,

zor da sən, Hira da sənsən, Tur da sən!

Ta səninlə üzbəüz, surətbəsurət, tənbətən,

Neyləyim ki, mən yetim, mən gorbagor, mən tünbətün,

Tövratımdan, İncilimdən, Quranımdan keçmişəm -

Heyrətimdən anbaan, saətbəsaət, günbəgün?!

 

Ün yetilməz

dağ da sənsən, əl çatılmaz dağ da sən,

Ən keçilməz

dağ da sənsən, ən çapılmaz dağ da sən!

 

Yaylağı dərd dağı da sən,

dırnağı sərt tişə də -

dırnağından tişətək min dağ qopan bir dağçapan;

 

bağçası gül bağı da sən,

taxçası lal guşə də -

guşəsindən gül qoxan sən bir füsunkar bağça-bağ!

 

Zirvə yetməz zirvəsindən ay batıb, ulduz çıxan,

aydan-ulduzdan qənirsiz cilvəsindən gün doğan

bir sütunsuz zirvəsən sən -

zirvəsiz bir Bisütun;

Zirvəsiz sən bir sütunsan -

bisütundan bir sütun!

 

Yer deyilsən,

çox iraqsan - ən iraq yer kimisən;

Göy deyilsən,

çox uzaqsan - ən uzaq göy kimisən!

 

Yer sənin bir surətindir,

Göy sənin bir surətin -

yerlə göy surətbəsurət surətindir büsbütün!

 

Heyrət, ey büt!

Heyrət, ey büt! Heyrət, ey büt! Ey bütüm!

 

Sən o şeysən -

ən iraq yer, ən uzaq göy səndədir,

Və o şeysən -

varsan hər şeydə ki, hər şey sən dadır!

 

Dad da sənsən,

duz da sənsən, tam da sənsən, tüm də sən,

Can da sənsən,

söz də sənsən - cümlə sənsən, cümlə sən!

 

Canda sözsən,

sözdə cansan, qeyrilər bir nəsnədir,

Səndən özgə,

ey mələksima ki, hər şey özgədir!

 

Bəs nədir,

sorsan bu sevda və bu qovğa rüsxətim?!

Bir sözüm yox...

qismətimdir, qismətimdir, qismətim!

 

 

Üçüncü qəzəl

 

Can sözdür, əgər bilirsə insan,

Sözdür ki, deyərlər özgədir can...       

 

Heyrət, ey büt!

Heyrətimdən cismimdə can kütləşir!

Korşalır hissim,

şüurum - canımda qan kütləşir!

 

Qopduqca

candan sözüm, sözdən dəxi can qopmada,

Söz cana hopduqca -

billah, canıma qan hopmada;

 

çıxdıqca canımdan ağrı

ağrıdan canım çıxır -

həm ağrım cansızlaşır,

həm ağrısız can süstləşir!

 

Sızdıqca candan sözüm

billah, sözümdən can sızır,

Bu nə sirdi -

söz canı cızdıqca candan qan sızır?!

Qan sızır qanlı yaramdan ki

yaram qan ağlayır -

həm yaram qansızlaşır,

həm ağlayan qan sərtləşir!

 

Söz qanmaz,

hərf anlamaz qafil hərifdən əlhəzər -

Hərzənin

hər lərzəsi hər ləhzə candan can üzər!

 

Vay o dəmkeşdən ki

bilməz öz dəmindən qeyri qəm,

qələmindən - söz pərişan,

qəmindən - can pərtləşir!

 

O kəsdi şair ki

hər sözdən yana candan keçər,

Keçməyən candan

hərif ki - yan keçər, yandan keçər;

 

Bir sözə

min canı qıymaqdır mükəmməllik, dəxi

bircə canı

kəm qıyan xam mincə nöqsandan keçər!

 

Sözə can həkk etməyən

şəkk etməsin can hardadır -

Hər nə miqdar olsa söz,

can da həmin miqdardadır.

 

Can çəkib söz söyləyən

sözdən sözün canın çəkir -

həm candan can əskilir,

həm sözündən can ürpəşir!

 

Söz yox ki

əskik sözün, ey müddəi, can üstədir -

Söz üstə

can qoymayan kəs, şimdi qovğan bəs nədir?!

 

Şu hərif can çəkmədə,

ey mürdəşir, gəl çıx görək -

Gör zəlilin

qol-qıçı haqdan donub, ya tərpəşir?!

 

Sən o dərdkeşsən -

bilirsən dərd nədir, həmdərd nədir,

Min dərdi bir canda

həmdərd eyləyən həm gərd nədir!

 

Öylə bir gərdsən -

tozundan sovrulur min dərd-bəla,

Öylə bir dərdsən -

sözündən sovrulur min gərd-bəla!

 

Gərd-bəlasan -

hər tozu bir Kərbəladan sovrulan!

Kərbəlasan -

torpağı min dərd-bəladan yoğrulan!

 

Bir bəlakeşsən - hüzurundan deyil əskik bəla,

harda bir qəm itsə, sən zamin - sənin yanındadır;

dərd sənə gər mübtəladır, sən betər bir mübtəla -

can kimi cismindədir dərd, söz kimi canındadır!

 

Gah bəla

quldur sənə, qulsan bəlaya gahi sən -

Müxtəsər,

qəm mülkünün həm köləsi, həm şahısan!

 

Şahısan,

sultanısan söz mülkünün sən, ey fəda!

Mübtədasan söz kimi -

ilk söz kimi ilk mübtəda!

 

Dərd əlindən

birləşib canında dərdlər cütbəcüt,

Dərdinin,

ey dərdmənd, dörd dərdi birdən dərdləşir!

 

Ey qəribim!

Qəm hərifim!

Ey zəifim!

Ey zəman!

Ey olan bir bikəsü biçarəvü bixaniman!

 

Səndən özgə,

həq bilir, həm söz, həm də can özgədir -

Hər sözün

bir candadır, çün hər canın bir sözdədir!

 

Ey pənahım!

Qibləgahım!

Ey həbibim! 

Ey bütüm!

Ey Füzulim, ey ulu, ali Mühəmməd ümmətim!

 

Heç demə

kafər kimi, iblis də heyranmış sənə,

Bu nə sirdir -

səndən özgə hamı şeytanmış sənə?!

 

Heyrətimdən

cin kimi, şeytan kimi döndüm bütə,

Bir də baxdım -

bir olan büt dəxi cütdür... cütləşir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!