Şeirlər - Faiq HÜSEYNBƏYLİ

 

***

Gözüm yoxdur özgələrin işində,

Öz işimlə məşğul olan adamam.

Sevdalanıb Məhəmmədin yaşında,

İçdən-içə işğal olan adamam.

 

Çıxmayacaq yaxşılıqlar yadımdan,

Dirilmişəm yollar kimi addımdan.

Öz sözümdən, öz səsimdən, adımdan

Adam kimi məsul olan adamam.

 

Naxışım bu, çalarım bu, boyam bu,

Çəmənim bu, düzənim bu, qayam bu...

Beş aşağı, üç yuxarı buyam, bu,

Qəbullanıb məqbul olan adamam.

 

Yol çəkəcək şairlərin gözləri,

Addım-addım göyərəcək izləri.

Ovuclayıb şeir-şeir sözləri,

Bir ümidlə qəbullanan adamam.

 

Boy atmışam, boylanmışam yurd ilə,

Soylanmışam sevinc ilə, dərd ilə.

Qiyamətə qalmamışam qurd ilə,

Sərgilənib məhşər olan adamam.

 

Libas kimi gah geniş, gah dar olub,

Yaranışdan ruh bədənə yar olub.

Səcdə edən mələklərə var olub,

"Ol" sözüylə məşhur olan adamam.

 

 

***

Gəldim ah ilə dünyanı,

Yandırıb-yaxdığım günə.

Yağıştək yağdığım günə,

Şimşəktək çaxdığım günə.

 

Öyrəndim, tək də olurmuş,

Sevgi, istək də olurmuş...

Sözsüz, gəlmək də olurmuş

Sənsiz darıxdığım günə.

 

Oldu gecə gündüz kimi,

Ürəklər dondu buz kimi,

Qanadlandım bir söz kimi,

İçimdən çıxdığım günə.

 

Gələn mənəm, yaratdığın,

Durultduğun, arıtdığın -

Bir gün özümü tapdığım,

Bir gün karıxdığım günə.

 

Dustaqdır fikrim, xəyalım,

Fəsillə dəyişir halım...

Qara daş düşəydi, zalım,

Qarşına çıxdığım günə.

 

 

***

Azı azdan bilmişəm,

Çoxunu çox görmüşəm.

Gözləri ac canavar,

Toxunu çox görmüşəm.

 

Həmdəm olar kim təkə,

Mən çəkəni kim çəkər?!

Gözlərində səksəkə,

Qorxunu çox görmüşəm.

 

Söz ürəkdə xal kimi,

Keçib getdim yol kimi.

Şirin-şirin, bal kimi

Yuxunu çox görmüşəm.

 

Buza tutdum sazağı,

Söylədim bir az ağı...

Qırx yaşımda uzağı,

Yaxını çox görmüşəm.

 

Hərdən yad et, ay adam,

Keç bu tənha adadan.

İçimdəki odada,

Qırğını çox görmüşəm.

 

Hər nə var ürəyimdə,

Qərarımda, rəyimdə...

Dostların kürəyimdə

Oxunu çox görmüşəm.

 

 

***

Məni çox da belə ciddiyə alma,

Mən sevgi şeiri yazan Faiqəm.

İynəylə gor eşən, ümid səfili,

Özü öz qəbrini qazan Faiqəm.

 

Mən xəyal düşkünü, azru xəstəsi,

Yazdığım şeirlər qəm şikəstəsi...

Özümə aiddir sözü, bəstəsi,

Mən aşiq Faiqəm, ozan Faiqəm.

 

Tanrıdan süzülən nur, işıq olan,

Umduğu yerlərdə barışıq olan,

Həyatı, taleyi qarışıq olan,

Alın yazısını pozan Faiqəm.

 

Bir şirin, xoş sözə meylini salan,

Şeir gülüstanı viranə, talan...

Özünü axtaran, qərarsız qalan,

Misralar içində azan Faiqəm.

 

Gün gələr, yollardan yığışar izim,

Qırxıma boylanar yetmişim, yüzüm.

Məni ram etməyə nə var, əzizim?!

Mən çətin insanam, asan Faiqəm.

 

Çox çaba göstərdim unutmaq üçün,

Arzunu, ümidi yarıtmaq üçün.

Gözümün yaşını qurutmaq üçün,

Qara kirpiyimdən asan Faiqəm.

 

Xoş sözə dodağın büzənlər bilir,

İşıqda kölgətək gəzənlər bilir,

Yaxşını yamana yozanlar bilir,

Yamanı yaxşıya yozan Faiqəm.

 

Məni çox da belə ciddiyə alma,

Mən özüm özümdən bezən Faiqəm.

 

 

***

Bəlkə də bir qışı heç çıxammadım,

Bəlkə də görmədim bir yazı, getdim.

Götürüb özümlə əməllərimi,

Dinləyib İlahi avazı, getdim.

 

Həqiqət öyrədib ta ki, bətindən,

Tanrı agah etdi söz sənətindən.

Şikayət eylədim ədalətindən,

Getdim bu dünyadan, narazı getdim.

 

Hardandır bu sevda, bu istək, nəşə?!

Hər səhər əl açdım nura, günəşə.

Tapşırıb havaya, suya, atəşə -

Sözə iki oğlu, bir qızı, getdim.

 

Bir insan ömrüdür hər kəsin payı,

Söz ilə ucalar sevgi sarayı.

Verdim insanlara günəşi, ayı,

Apardım bir axan ulduzu, getdim.

 

Mürəkkəb eləyib axan qanımı,

Gizlədə bilmədim həyəcanımı.

Mən Tanrı sanmışam öz vicdanımı,

Getdim həqiqətə, diz-dizi getdim.

 

Könül gözəlliyə, eşqə təşnədir,

Eşq bəzən susdurur, bəzən kişnədir.

Anladım o dünya, bu dünya nədir,

Adladım gecəni-gündüzü, getdim.

 

 

***

Bu təlaşla nə xəbərdir,

Bilirəm, bəli, tapılıb...

Ağlı başında deyildi,

Havalı, dəli tapılıb.

 

Təzələyib yaddaşını,

Atıb özgə, yad daşını.

Adam itirib başını,

Ayağı, əli tapılıb...

 

İşıq tutub öz oduna,

Könül verib köz oduna.

Min il yanıb söz oduna,

Bir ovuc külü tapılıb.

 

Nə məqsəddi, nə qayədi,

Gələcəyə sərmayədi.

Şeir duadı, ayədi,

Şeirin dili tapılıb.

 

Ruhu küsüb bu şəhərdən,

Boğulub qüssə-qəhərdən.

Söz sarsılıb bir xəbərdən:

"O şair ölü tapılıb".

 

 

***

Mərhəba, ey Badi-Kubə,

Açıldı pərdən, oynadın.

Küçələr verdi əl-ələ,

Qədim şəhərdə, oynadı.

 

Bu dili bilməz hər adam,

Göstər də bir nəfər, adam...

Oynadı bəxtəvər adam,

Çəkdiyi dərdə oynadı.

 

Gedənlər hallı getdilər,

Qayda, üsullu getdilər.

Qayalar yallı getdilər,

Daşlar yerindən oynadı.

 

Göylərə yoldu əllərim,

Tanrıya quldu əllərim.

Havada qaldı əllərim,

Saçlarım dən-dən oynadı.

 

Könülləri iman aldı,

Küsən küsdü, uman aldı.

Dağ başını duman aldı,

Dərələrdə çən oynadı.

 

Nədir kafi, nədir əla,

Xoşdur haqdan gələn bəla.

Biri yüzünə mübtəla,

Yüzü birindən oynadı.

 

"Qızınmadıq istimizə,

Kor olmuşuq tüstümüzə."

Göylər uçdu üstümüzə,

Yer də yerindən oynadı.

 

Adımı unutdu həyat,

Bədrdi, Uhuddu həyat...

Və hərdən toy tutdu həyat,

Və lakin hərdən oynadı.

 

 

***

Bu ahıl yaşımda, ağıl yaşımda,

Yeddi sənin olsun, beş mənim olsun.

Qılıncım söz olsun haqq savaşında,

Qoy bütün dostlarım düşmənim olsun.

 

Yenidən tanısan sevməzsən məni,

Yenidən doğulsam ölmərəm, zalım.

Uzağı beş-altı şeirə dönüb,

Sözə çevriləcək arzum-xəyalım.

 

Göylər od tutanda, yer alışanda,

Qiyama qalxanda ruh bədəndə, get.

Getmək çox asandır, getməyə nə var,

Hamı üz çevirib gedir, sən də get.

 

Yeddi sənin olsun, beş mənim olsun,

Yeddisin birində axtaran tapar.

Qoyma bu həsrətlə baş-başa məni,

Gedəndə özünlə məni də apar.

 

 

***

Mən sənin gecə kimi,

Saçlarını sevirəm...

 

Kişi yıxılar ancaq,

Qadın dayaqlarından.

"Kişi qoldan güclüdür,

Qadın ayaqlarından".

Əl çəkdim məhəbbətin

Leyli sayaqlarından.

Səndən "beş" istəmirəm,

"Üç"lərini sevirəm.

Dəyanətli qadınsan,

"Güc"lərini sevirəm.

 

İnsan bir təbiətdi,

İnsan yağışdı, qardı.

Fəsillərlə dəyişən

Yaydı, qışdı, bahardı.

Bir payızın küncünə,

Daşıdıq hər nə vardı...

Puç olan arzulardı,

"Puç"larını sevirəm.

"Hər şey"lər aləmində

"Heç"lərini sevirəm.

 

Hər şey öz zamanında,

Hər şey anında gözəl.

Həyat sənlə üz-üzə,

Sənin yanında gözəl.

Sevgi öz yuvasında,

Öz ünvanında gözəl.

İnadını, əzmini,

"Öc"lərini sevirəm.

Sevgi günahlarını,

Suçlarını sevirəm.

 

Həyat fəlsəfəsində

Baxışların kəc olsun.

Yolun sərt döngəsində

Bir qəfil əyləc olsun.

Kim deyib gec yaxşıdı? -

Ya gec olsun, güc olsun...

Amma gücüm yetməsə,

"Gec"lərini sevirəm.

Mən sənin tellərinin

Uclarını sevirəm.

 

Sonun da bir əvvəli,

Əvvəlin də sonu var.

Sevənlərin əynində

Məhəbbətin donu var.

Sevməyin də təhəri,

Yöndəmi var, yönü var.

Mənə gələn ruhunu,

"Köç"lərini sevirəm.

Mən sənin gecə kimi,

Saçlarını sevirəm...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!