Yaxşılara tapşır məni
Ürəyimi məndən yaxşı tanıyan olmaz,
Çiçək açar taxta çıxan düzlük görəndə.
Yəqin belə zəifliyi qınayan olmaz -
Üşüyürəm pis görəndə, pislik görəndə.
Pis adamlar imtahana çəkirlər kimi?
Ömür yolu itirər də, tapar da məni.
Məndən yaxşı kim tanıyır mənim qəlbimi? -
Yumşaqlığı az qoymayıb hamarda məni.
Məğrurlara eləmədi pislər pisliyi;
Pis azdırar pis aldarar yumşaq ürəyi.
Göy üzündə axtarmayaq müqəddəsliyi,
Müqəddəsdir bir balaca uşaq ürəyi.
Biganəlik elə pislik, pislər gərəyi;
Həzər etdim biganənin xoş qılığından.
Mənim qəlbim təzə açan ilham çiçəyi,
Çiçək açar yaxşıların yaxşılığından.
Ey taleyim, məni itir pislər yanında,
Yaxşılara dönə-dönə sən tapdır məni.
Pisin adı elə pisdir - pislik qanında,
Bu ürəklə yaxşılara sən tapşır məni!
Sabah atama deyəcəklərim
Atam hərdən telefonda soruşardı:
"Yazı-pozularından nə xəbər var, oğul?"
Min ilin şairidi dünya,
Hər yazıya yazı demir,
Hər şeiri bəynəmir, ata.
Bir yanda da
Sözüm qəribsəyir sözlər içində,
Adam bildiyini deyəmmir, ata.
Doyunca yanmağa da qoymurlar adamı,
Soyuq-soyuq baxışla
Söndürürlər adamı.
Odur ki,
Mənim şeirlərim yazı ola bilmir,
Mənimkilər pozudu hələ.
Min ilin şairidi dünya,
Kəndimiz dünyaya uzaqmış, ata
Kəndimiz dünyaya gəlib çatınca
Dünyanın min illik sözü yazılıb,
Astarı yazılıb, üzü yazılıb,
Odur ki, için-için yanır könlüm...
Bir də ki,
Mənimki yanmaqdı,
Sonra nə olacaq,
Nə bilim.
Bir yandan da
Söz bəyəndirmək olmur dünyaya,
Ayın görünməyən tərəfidi Söz,
Nizami, Füzuli şərəfidi Söz,
Allahın, Gözəlin tərəfidi Söz,
Qüdrətim çatırmı tərif eləyim?
...Nə deyim,
Telefon söhbəti deyil,
Gələrəm danışaram...
Sabir Rüstəmxanlıya
Sabir Rüstəmxanlı Bakıda ilk şair dostumdur...
Alar meşəsinin o üzündəki qonşu kənddə
Sabir Rüstəmxanlı varsa,
Gəncəsər dağının o üzündəki qonşu kənddə
Ağacəfər Həsənli varsa,
Dağın bu üzündən şair olmazmı?
Mən necə şair olmayım?
Neynirdim sevginin sinə dağını,
Alışa ürəyim,
Alışa ömrüm.
Xəyalı dolaşıq, ruhu dağınıq,
Eşqi rədd olunmuş cavanlar gördüm,
Sevən ürəyimə acığım tutdu,
Oturdum başladım şeir yazmağa.
Qarlı Savalanın qənşəri Dağım -
O Dağdan bu Dağa çağıran səsəm.
Alışar iç dağım, içəri dağım
O Dağın şeirinin yaza bilməsəm.
O Dağın şeirini yazacağam mən.
Ayaq üzəngidə, diz qabırğada,
Ömrümün yolunu yormağa çıxdım.
Nahaqdan söylənən söz qabağında
Sussam, vicdanımdan utanacaqdım.
Bilmədim ilk sözüm haçan doğuldu,
Yapışdım qolundan haçan ilhamın.
Bir üzü həmişə ümidli oldu
Şəhərli dünyamın, kəndçi dünyamın.
Qəmi də görmüşəm,
zalım olur qəm
Qəm mərdi namərdə təslim eləyər.
Gümanları girinc, bəxti daşqədəm,
Sevinci açılmaz tilsim eləyən
O Qəmin şeirin yazacağam mən.
Can əsirgəmədim sözü duyana,
Əhdə, etibara vuruldu könül.
Güllə mənzilində - təlaşlı durna,
Mağar qəndilində nur oldu könül.
Könlümün şeirini necə yazmayım?
Məni duyğu-duyğu gətirdi dilə,
Eşqim
dərdimə də bal qatdı mənim.
Günəşə ucalan ümidlərilə
Bir az Məmməd Araz aldatdı məni.
Bir az Xəlil Rza aldatdı məni,
Dedilər, "Yaşamaq gözəldir, qardaş,
Şeirlə yaşamaq ondan da gözəl!"
Mən də bu gözəlin eşqinə düşdüm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
