***
Yenə yağış yağır bu boş şəhərə,
Yenə ağacların duası çindir.
Adamsız şəhərdə bir ağac olmaq
Susuz səhralardan daha çətindir.
Meyvəsi kölgədir, kölgəsi meyvə,
Uduzur ömrünü gündə bir yoxa.
Bu ağac bəxtindən haçan yarıya,
Öyrənib, ümidi hey boşa çıxa.
Göylər... ümid yeri... son güman yeri,
Göylər əl uzadar yerdəkilərə...
Yarıyolda qalmaz göydən gələnlər,
Gec də olsa çatar yerdəkilərə.
***
Hər gedən ayağında bir az ömür apardı,
Tükətdilər, tükəndik bir uğursuz andaca.
İçimizə qısılıb susacaqdıq, bəlkə də,
Bir udum xoşbəxtliyi, dadardıqsa sondaca.
Nəfəs-nəfəs ərimək yaşamaq adlanırmış,
Hamı kimi bizi də bizə verən olmadı.
Bəxtdən başımız üstə hansı bulud düşdüsə,
Elə qalın oldu ki, bizi görən olmadı.
Ümid bilib böyütdük, seçdi dönük çıxmağı,
Sinəmizdə gəzirmiş ömrümüzün yağısı.
Hər gecə zümzümədi, hər səhər oxşamadır,
Bu gün ürək ağrısı, sabah ölüm ağısı.
Yaddaş qeydi
Mən səni də hardansa tanıyıram, hardansa,
Xəyalların dənizdə batan yeri olmasın?
Mən səni də hardasa unutmuşam, hardasa,
Yaddaşımın ağrıdan itən yeri olmasın?!
Can üstündə ümiddir yaşamağın bir adı,
Kölgələrin altına min bir arzu cəm olur.
Günəşə gülümsəmək bəzən olur, bəzən yox,
Bəzən də ümidlərin gözü elə nəm olur.
Günahkar axtarmağın zamanı çoxdan keçib,
Barışmışıq necə var, elə ömür sürürük.
Yaşamağa hələ ki zamanımız çatışmır,
Hələ bikar deyilik, hələ ömür sürürük.
Üşüyən heykəl
Üşüyən heykələm yağışın altda,
Sinəmdə ürək yox isinə canım.
Kim ayaq saxlayar, kim hal soruşar,
Adamsız şəhərdə adam dörd yanım.
Gözümdən min sual tuşlanıb göyə,
Sual yağışıyla cavab verirəm.
Yağış altda qalmaq bilirəm, nədir,
Tanrı, mən sənə çox əzab verirəm.
Mənim bağışlanmaq istəyim yoxdur,
Son nöqtə torpaqdı, daşdı uzağı.
Bir gün biri çıxıb soruşacaq ki,
Niyə yağış altda qoydun uşağı?
***
Ömürdən uzaqda bir kirayə tut,
Qapını tanıyan kəsin olmasın.
Divarlar ardında həmişəlik sus,
Kiməsə çatası səsin olmasın.
Səni sən olmaqdan çoxdan çıxarıb
Bu fil yorğunluğu, bu zindan acı.
Oxşa, oxşadıqca o sərt süngünü,
Sol köksün üstünə tuşlanıb ucu.
Ömür çox qısadır, dar ipi kimi,
Həyatla aranda bir kötük qalır.
Yaxud da divara çiyin verirsən,
Yadında bir o səs, bir tətik qalır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
