Şeirlər - Abuzər TURAN

 

Azərbaycan gəncləri

 

Hərbin qan çanağından,

İgidlik sınağından,

Məğlubluq qınağından

Alnıaçıq çıxdınız,

Düşmən evin yıxdınız.

Ar-namusa doldunuz,

Elə arxa oldunuz,

Halaldır ana südü,

Ataların öyüdü!

Millət yaman böyüdü,

Azərbaycan gəncləri!

 

Kişi kimi durdunuz,

Yumruğu bərk vurdunuz,

Yurdda şənlik qurdunuz,

Üzü güldü millətin,

Sonu çatdı zillətin.

Dirçəltdiniz qeyrəti,

Qazandınız heyrəti.

Kafirin bitdi işi,

Çəkildi tamah dişi,

Sındı köşmər-kirişi,

Azərbaycan gəncləri!

 

Səngərləri eşdiniz,

Minaları keçdiniz,

Zirehləri deşdiniz,

Dərə-təpə qaçdınız,

Uca dağlar aşdınız,

Qayaları oydunuz,

İşğala son qoydunuz.

Qarabağı aldınız,

Dünyaya səs saldınız,

Ürəklərdə qaldınız,

Azərbaycan gəncləri!

 

Bu tayın işi tamam,

O tayda molla, imam,

Zəfərə çoxdu inam...

Dünya qarman-çormandı,

Sahibsiz bir xırmandı.

O tay, bu tay əl-ələ,

Aləmə salın vəlvələ,

Silahları yağlayın,

Güneyə gün ağlayın,

Yeni dastan bağlayın,

Azərbaycan gəncləri!

 

Çatanda sizə növbət,

Sizin olacaq dövlət,

Güvənir sizə millət!

Vətənin ümid yeri,

Yolunuz yoxdur geri!

Yurda verin yaraşıq,

Hər evə salın işıq!

Sevin vətəndaşları,

Rədd edin kalbaşları,

Müftəxor işbazları,

Azərbaycan gəncləri!

 

Tanrı sizə yar olsun!

Qəlbiniz nurla dolsun!

Zülmkar saralıb solsun!

Harama zəhər qatın,

Halaldan maya atın!

Vətənə sadiq ərlər,

Heyran sizə Abuzər!

Ölkəyə gərəksiniz,

Dövlətə dirəksiniz,

Döyünən ürəksiniz,

Azərbaycan gəncləri!

 

20.01.2026

 

 

Görmədim

 

Bir loxma çörəyə əyilən kəsi

Qəddini düzəldib gəzən görmədim.

Ədalət boğulub, batanda səsi,

Bais xirtdəyini üzən görmədim.

 

Dərd üstünə qalaq-qalaq dərd gələr,

Bəxt yatanda mələk göydən daş ələr,

Bədniyyətin hiylə sözü qəlb dələr,

Alov püskürəni əzən görmədim.

 

Halallıq yolunda can qoyanları,

Tamaha tət deyib, tez doyanları,

Haramın gözünü hey oyanları

Yağ-bal ümmanında üzən görmədim.

 

Abuzər, qəm yükü belini əyib,

Zalım fələk yaman xətrinə dəyib,

Kürəyini dərdi-sərə söykəyib,

Heç səni şıdırğı süzən görmədim.

 

31.01.2026

 

 

Dünya

 

Nar bar gətirəndə budağın əyər,

Qısır küknar qozasını hey öyər,

Tozanaqda zərbə fağıra dəyər,

Analıq əvvəlcə ögeyi döyər,

Əzəldən qurulub bu sayaq dünya.

 

Haram məclislərdə süfrə bol olar,

Tərif göydən yağar, gödənlər dolar,

Haqqın səsi batar, bənizi solar,

Ədalət qıy çəkib, saçını yolar,

Qahmar çıxıb, durmaz heç dayaq dünya.

 

Var-dövlət aşiqi ləlöyün bəndə

Yalmanlayıb minər çılpaq səməndə,

Səyirdər dördnala, çapar çəməndə,

Dağda çaşbaş qalar, düşər kəməndə,

Şingiyər dal üstə, ha bayaq dünya.

 

Mahir səyyad ovu vurar başından,

Canı qoruyarlar cavan yaşından,

Kimsə keçməz yağlı, şirin aşından,

Türfə gözəllərin qələm qaşından

Feyz almaq fürsətdi, ay oyaq dünya.

 

Bəxti yeyinlərin səsi gur çıxar,

Paralı cahillər çox evlər yıxar,

Tülüngülər tapdığını tək tıxar,

Əli tutan yayı dibəcən sıxar,

Abuzər, çevrilib baş-ayaq dünya.

 

08.04.2026

 

 

Göz yaşları

 

Göz yaşları qəlbin acı suyudur,

Axıtsan, azalar kədərin, qəmin.

Könül mülkü dərd-sər dolu quyudur,

Gün ağla, batmasın dəryada gəmin.

 

Göz yaşları çeşmə kimi çağlasa,

Yuyular, durular ruhu hər kəsin.

Pak insanın içi yara bağlasa,

Yapışın yaxamdan, dilimi kəsin.

 

Göz yaşları min davaya dərmandı,

Təskinlik gətirər, toxtaqlıq verər.

Tez kövrəlib omaxşımaq yamandı,

Adama əl altdan sərdabə hörər.

 

Göz yaşları bıldır-bıldır axanda,

Hönkürtü dil deyər, ağı söyləyər.

Möhnət yükü ürəkləri yaxanda,

Təsəlli əl atıb, imdad eyləyər.

 

Göz yaşları leysan olsun arabir,

Arınıb, yurdumuz cənnətə dönsün.

Abuzərə Vətən müqəddəs pirdir,

Xəyanət edənin çırağı sönsün.

 

11.04.2026

 

 

Övlada məhəbbət

 

Övlada məhəbbət sirli möcüzə,

Əlçatmaz, ünyetməz Tanrı payıdır.

Tükənməz sərvətdir, verilib bizə,

Adəmə Xaliqin haqqı-sayıdır.

 

Övlada məhəbbət ləldən də baha,

Miqdarı bilinməz bir xəzinədir.

Dəyəri hey artan belə mataha

Səcdə qılaq, çünki bu, dəfinədir.

 

Övlada məhəbbət millət isməti,

Vətən mülkümüzün bel sütunudur.

Sevgiylə boy atar insan xisləti,

Mərd balalar xalqın səsi, ünüdür.

 

Övlada məhəbbət borcdu boyunda,

Atadan görənlər, qaytaracaqlar.

Qəhətə çıxanın sevgi soyunda

Biryolluq şeytana qul olacaqlar.

 

Övlada məhəbbət olmayan ürək,

Abuzər, boş atan ət tikəsidir.

Ata arxa durub, olmasa gərək,

Şaqq-şaqq şaqqıldayan qoz kisəsidir.

 

14.04.2026

 

 

Niyə tamahına tət demir insan?!

 

Dünya malı qalasıdı dünyada -

Var yığan bu sözü salmaz heç yada,

Hərislik qol açıb oynar ortada,

Vərdişi unutmaq gəlməsin asan,

Niyə tamahına tət demir insan?!

 

Hamı əzbər bilir bir həqiqəti:

Nə qədər toplasan malı, dövləti,

Sıfırdır hər şeyin axır qiyməti,

Sən torpaq altına girdiyin zaman!

Niyə tamahına tət demir insan?!

 

Əlləşər, vuruşar ömür boyunca,

Bəzən yemək yeməz qarnı doyunca,

Ləzzət alar bir kimsəni soyunca,

Acgözlüyün həddi yoxmuş, ay aman!

Niyə tamahına tət demir insan?!

 

İmarət ucaldar, saraylar qurar,

Xəzinəni cəvahirlə doldurar,

Nadan cahil min arzunu soldurar,

Quduzlaşar, qapar məzlumu yaman!

Niyə tamahına tət demir insan?!

 

16.04.2026

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!