Şeirlər - Siracəddin SƏYYİD

 

Gecə biçinindən sonra

 

Yeddi qız dayanıb sahildə çılpaq,

Çimməyə gəliblər gecə həvəslə.

Yeddi ayparatək parıldayaraq

Yeddi oraq düşdü samanın üstə.

 

Bu gecə yetişib azadlıq anı,

Yeddi dəst paltarı qoruyur qaya.

Səmadan süzülür Ayın işığı,

Yeddi Yer hilalı atılır çaya.

 

Ətrafa incitək damlalar düşür,

Sərin suda üçür yeddi ağ bədən.

Kişilər lay üstə yuxu bişirir, -

Onlar məst olublar çəmən ətrindən.

 

Kişilər yuxuya gedib əlbəəl,

Səmada parlayır Saman yolu, bax.

Mən də saman üstə yatardım, di gəl...

O ayı, o çayı olmur unutmaq.

 

 

Atlılar

 

Xatırladım o günü - bir payız gecəsini.

Uşaqdım. Yaşıdlarım çoxdan yatmışdı ancaq.

Evimizdə qonaqlar həmin gecə sübhəcən

Yalnız atlar barədə danışdılar coşaraq.

 

Onlar ehtiras ilə, həvəslə, coşqu ilə

Atların ünvanına min tərif deyirdilər.

Danışdıqca gözləri alışırdı sevinclə,

Onlarçün hər şey olan atları öyürdülər.

 

Mən uşaq marağıyla onları dinlədikcə

Çöllərin küləkləri elə bil atlanırdı.

Gözlərimin önündən keçirdi həmin gecə

Ram olmayan ilxının şahə qalxan atları.

 

Bütün qışı beləcə söhbət edən qonaqlar

Bir səhər köçlərini yığıb çıxdılar yola.

Həyətə qərib sükut çökmüşdü həmin anlar,

Daha eşidilmirdi atların kişnərtisi.

 

Damların arasından sökülürdü üfüqlər,

Oyanırdı təbiət yatmış bir uşaqtəki.

Uzaq təpələr üstə nərə çəkən traktor

Baharın gəlişindən xəbər verirdi sanki.

 

 

Nəvainin ad günü

 

Açılacaq taybatay bu gün göyün qübbəsi,

Ürəklərdə sevgidən bir saray ucalacaq.

Dünyanı nurladacaq onun adı, nəfəsi,

Xalq da çevrilib bu gün böyük millət olacaq.

 

 

Sovqat

 

Dünyanın yarısı nur və ziyadır,

Yarısı düşüncə, yarısı qovğa.

Qələm gətirmisiz yapon elindən,

Dediniz: bu, sizə məndən bir sovqat.

 

Gələn müsafirlər, gedən qonaqlar

Sizi özlərinə sayırlar doğma.

Dünyada ən gözəl varlıq dostlardır,

Dostluğun qut olsun, Abdulla ağa.

 

Yapon oğulları, yapon qızları

Qonaq gələcəklər bizim ellərə.

Siz qucaq açarsız onlara bu vaxt

Yapon yağışları yağar güllərə.

 

Cibimizə qoyub biz o qələmi,

Sanki zirvələrə yüksəldik o dəm.

Qərib ellər haqda söhbətlər edib

Sonra çıxıb getdik. Qələmsə həmdəm.

 

Bəs şairlik nədir? Qüssədi-qəmdi,

Qələm bizlə qalır daim təkbətək.

Biz gecə yatanda hamıdan pünhan

O qələm yaponca ağlasın gərək.

 

 

Uşaqlıq

 

Dostlar, bir şəhərim var idi mənim

Vardı o şəhərin ayı, ulduzu.

Duru səmasında qaldı gözlərim,

Gözlərimdə qaldı nə qədər arzu.

 

Dostlar, bir şəhərim var idi mənim,

Tozlu küçələri sorğu-sualdı.

O uzaq şəhərin küçələrində

Qayıtmaz bir fəslin qoxusu qaldı.

 

Dostlar, bir şəhərim var idi mənim,

Onun kiçik, yaşıl çölü-çəməni...

O yaşıl çəməndə ömrün illəri,

Cavanlıq illərim qalıbdır mənim.

 

Bir vaxt boğulurdum onun çayında,

Kim dartıb çıxardı məni o çaydan?

İndi mənim çayım görən hardadır,

Nişanə qalıbmı yəni o çaydan?

 

Mənim bir ağacım var idi, dostlar,

Payız yarpaqları ona əl edir.

Bəlkə göz yaşıyla yetişmiş sözlər

Həmin o ağacın meyvələridir?

 

 

Uşaqlıq qayıtmadı

 

Geri axdı, çaylar bir də qayıtdı,

Dağda itən o səs-səda qayıtdı,

Məni gəzən qəfil nida qayıtdı,

Uşaqlışım qayıtmadı. Qayıtmadı.

 

Hələ biçilməmiş zəmilər söndü,

Yamaclar saralıb samana döndü.

Gedən sürülər də geriyə döndü,

Uşaqlışım qayıtmadı. Qayıtmadı.

 

Bu küçə, bu həyət, bu ev, bu ocaq

Bir gün titrəyəcək və ağlayacaq:

On il əvvəl itmiş itimiz gəldi,

Uşaqlığım qayıtmadı. Qayıtmadı.

 

Onu səhradamı qoyub getmişəm?

Yoxsa küləklərə təslim etmişəm?

Hıçqırıb məktubla çağırdımsa da,

Uşaqlığım qayıtmadı. Qayıtmadı.

 

Qaranquşlar qayıtdı. Dayça at oldu.

Vətənimin dağı-daşı yad oldu,

"Ah" çəkdim, qayıtdı xatirələrim,

Uşaqlığım qayıtmadı. Qayıtmadı...

 

 

Tərcümə etdi: Firuz Mustafa

Təqdim etdi: Dayandur Sevgin

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!