Şeirlər - Əminə HƏBİB

 

***

Barmaqlar fərqlidir, əllər fərqlidir,

Hər əlin başqadır yazısı, izi.

Amma bir yazdıran var naxışları,

Çiçəktək naxışda bitər gözləri.

 

İstəməz seçilsin qönçə, çiçəkdən,

Onun üçün Lalə elə Nərgizdir.

Yazılar yollara yerişləri də,

Allahın verdiyi xətti gözəldir.

 

Birgə yola çıxan aşiqi çoxdur,

Ömrünə yoldaşdır tazə fidanlar.

Bəlkə ilk baxışda anlamaz çoxu,

Ay ötər, il keçər, sonradan anlar.

 

Bu necə möcüzə, bu necə istək? -

Əkdiyi çiçəklər heç zaman solmur.

Əlində qələmi nur verir gözə,

Onu dinləməklə doymaq da olmur.

 

 

***

Elə bil dəryadır,

Elə bil dəniz.

Sən içində üzən,

Qayıqlı gəmi.

İstəməzsən vursun

Sahilə dalğa

Bir qız elə sevər,

Çıxar yadında

Adın ömürlük,

Amma onun adın,

Sayıqlayarsan,

Bir qız elə baxar,

Elə susar ki,

Lal dərin quyuda,

Sən boğularsan.

Yəhərsiz, yüyənsiz,

Çapardır o qız,

Ağlını başından

Elə alar ki,

Sən ixtiyarsız,

Tilovlanarsan.

Bir qızın gedişi

Elə yandırar,

Yaş odun da olsan,

Alovlanarsan.

 

 

***

Demişdim axı,

Mən bağlananda

Çətin çözülürəm,

Yazıq görünürəm,

Oluram aciz.

Dalaşacam amma

Duyğularımla,

Axır ki, bir gün,

Bu eşq önündə,

Qalib olacam,

Əgər unutmaq,

Qabiliyyətsə.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!