Azərbaycan mühacirətinin bir çox simaları poeziya sahəsində qələmini sınamış, bəziləri, hətta bənzərsiz sənət nümunələri yaratmışlar. Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Gültəkin, Məhəmməd Sadıq Aran, Almas İldırım, Müseyib Zəyəm, Aras Almas, Abay Dağlı, Məzahir Daşqın, Alazan Baycan, Teymur Atəşli, Kərim Yaycılı, Əli Volkan və başqa müəlliflərin ərsəyə gətirdikləri poetik nümunələr ideya, məzmun nöqteyi-nəzərindən aktual və dəyərli, sənətkarlıq baxımından diqqətəlayiqdir.
"Alptəkin" gizli imzası ilə yazılmış bu şeir hansı şairindir? Bu sualı cavablandırmaq üçün araşdırmalarımız davam edir və yaxınlarda mətbuata "Mühacir ədiblərin imzaları" adlı silsilə məqalələrimin davamı kimi təqdim edəcəyim məqalədə bu məsələyə də ilk dəfə aydınlıq gətirməyə çalışacağam.
Nisan
Nisan parçalanan kəmiklərimin
İçində titrəyən qorxunc bir kölgə...
Nisan həsrət çəkən coşqun qəlbimin
Ruhumu gəmirən siyah bir ləkə...
Nisan, o solmayan əməllərimin
Üstündə dolaşan pək xain bir əl.
Nisan, o sönməyən ümidlərimin
Könlünü sızladan kirli bir heykəl.
- Söyləyin, əcəba, söyləyin, nədən?
Bəllidir cavabı sən gələn gündən?
Baxışlar kölgəli, dağlar dumanlı,
Könüllər vərəmli, üfüqlər qanlı.
Hər yanda göz yaşı, hıçqırıq, fəqan,
"Çeka"lar axıdır sellər kimi qan.
Gecələr bir siyah yel kimi əsir,
Xalqın öksüz qalan ruhunu kəsir.
Ağlayır uzaqda sönük ulduzlar,
Saçını yoluyor gəlinlər, qızlar.
Hər gün can veriyor minlərcə aclar,
Dərdindən saralmış yaşıl yamaclar.
Bunlar gətirdiyin qanlı hədiyyə,
İndi əsir olan hürr Azəriyə.
Ey vətən üstündə dolaşan kabus,
Dinləmək istəməm, artıq, sus!
Köksünə taxdığın vəhşətdən bir gül,
Kimsə edəmiyor zülmə təhəmmül!
Açılan hər dodaq "qurtuluş" diyor,
Qurtuluş, qurtuluş, qurtuluş, diyor!
Qurtuluş yox sənə, tökülməsə qan,
Sən ey gözəl ölkəm, ey Azərbaycan!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
