Şeirlər - Fazil ƏSƏD

 

Vətən...

 

Havandan, suyundan bir damcı dadam...

Havandı, suyundu ən dadlı qidam.

Qəlbimdə sevgilim, dilimdə nidam -

Vətən! Vətən! Vətən!

 

Ağappaq, bəmbəyaz qar arzularım,

Hər bir düyünə açar arzularım.

Yenə dənələnir nar arzularım -

Vətən! Vətən! Vətən!

 

Tarixən çəkibdi çox dərdi vətən,

Görübdü nadanı, namərdi vətən...

Yaşadı müqəddəs "Qırx dörd"ü vətən -

Vətən! Vətən! Vətən!

 

İlahi, yamanca çəkilib tarım,

Ağac ayaqlarım, budaq qollarım.

Səninlə bağlıdır pak arzularım -

Vətən! Vətən! Vətən!

 

O xain düşmənə uymaram daha,

Xətrinə dəyməyə qoymaram daha.

...Havandan, suyundan doymaram daha,

Vətən! Vətən! Vətən!

 

 

Şəhid Mirtalib Ağazadəyə

 

Heyrətim böyükdü vətən sevginə,

Şəninə nə desəm, azdı, Mirtalib!

Vətəndə əbədi bitən sevginə

Mən baxıram; güllü yazdı, Mirtalib!

 

Qarla örtülmüşdü hər tərəf onda,

Düşməndən qorunan torpaq vətəndi!

"Hər şey vətən üçün..." demişdin sonda,

Şəhid olmağın da bədahətəndi.

 

Xatirə qalıbdı bizlərə indi,

Üzündə təbəssüm, gülüşün səsin.

...Səni düşünəndə ürəyim dindi:

- Qəlbində yaşarsan indi hər kəsin.

 

Heyrətim böyükdü vətən sevginə,

Şəninə nə desəm, azdı, Mirtalib!

Vətəndə əbədi bitən sevginə,

Mən baxıram; güllü yazdı, Mirtalib!

 

 

***

Bəxt salıb axına məni,

Eşqin çoxuna məni.

Gəl qoyma yaxına məni,

Qoy uzaqdan baxım sənə.

 

Sən ağac ol, budaq olum,

Dərd-qəmdən göz-qulaq olum.

Sən çay ol, mən bulaq olum,

Qoy durulub axım sənə.

 

Daşa dəymiş eşq oxumun...

Bir kitab olum - oxunum...

Sən yat - saçına toxunum,

Qurban olsun yuxum sənə.

 

Kəbədə, ya pirdə olsam,

Uzunsov, ya girdə olsam.

Ya göydə, ya yerdə olsam,

Gəlib çatar qoxum sənə.

 

 

Gəlim

 

Giley etmə, yetər, bəsdir,

Sən çağır, mən durum gəlim.

Xəyalımda olsa belə,

Saçına əl vurum gəlim.

 

Səni axtarıram deyə,

Uçubdu ruhummu göyə?!.

And içərəm desən, nəyə -

Ulduzlardan sorum, gəlim.

 

Uçurma qurduğum damı,

Salma əlindən bu camı.

Kimsəsiz bir adadamı

Sənə bir ev qurum, gəlim?!.

 

Baxışınla məni az döy,

Qoy ağlamasın qəlbdə ney.

...Bir dillən, gözləri gömgöy,

Saçı burum-burum, gəlim?

 

Çoxları apardı həsəd,

Qarşıma çıxdı min bir sədd.

Elə yandı Fazil Əsəd,

Yerdə qaldı qorum, gəlim?!.

 

 

Dünyadı...

 

Xuraman Hüseynin

"Dünyadı" şeirini oxuduqdan sonra

 

Dişlərini yaman qıcıb,

Dizlərini qəmli qucub.

Gözlərini təzə açıb,

Qoca yox, körpə dünyadı.

 

Bulaq başında əjdaha,

Baxmaz ki, fəryada, aha.

Gecədən nurlu sabaha

Yol açan körpü dünyadı.

 

Ağlama, kimsə ovutmaz,

Ya da gülümsə, əl tutmaz.

Atılan oxu qayıtmaz,

Oxatan kirpi dünyadı.

 

Hər addımda düz var, səhv var,

Ad var, vicdan var, şərəf var.

..."Qıl körpü"dən o tərəf var,

Sanma ki, bir bu dünyadı...

 

 

Günəşin kölgəsi olmur, İlahi...

 

Günəşin başına çevirin məni,

Çiçəyim çırtlayıb - solmur, İlahi!

Şah elan eləyin - devirin məni,

Günəşin kölgəsi olmur, İlahi!

 

Döyüş meydanında basılmış filəm,

Anam yox, bacım yox - ağlaya məni...

Təzəcə açılmış çiçəyəm, güləm,

Namərdlər istəyir, oxlaya məni.

 

Baş götürüb qaçım Yer kürəsindən,

Naləyə, fəryada, aha çevrilim?

Qulaqlar tutulsun ər nərəsindən,

Çiynimdə göyərçin şaha çevrilim?

 

Eləcə yaşayım həyatımı mən,

Beləcə vurummu başa ömrümü?

Ömürdən keçirmiş yaşadığın gün,

Ağla yazdım qara daşa ömrümü.

 

...Günlər gəlib keçir, eh... asta-asta,

Ümid də boşalır, dolmur, İlahi!

Günəş kölgəsinə güvənmirəm ta,

Günəşin kölgəsi olmur, İlahi...

 

 

Göylərdən vətənə endirin məni

 

Qayaya dırmanar, zirvəyə qalxar,

Hər döyüşdə igid əsgərim mənim.

Mən də döyüşərəm bir əsgər kimi,

Xınalı qayalar səngərim mənim.

 

Keçilməz yollarda ləpirim, izim,

Büdrəməz ayağım, əyilməz dizim.

Pəmbə buludlarım, mavi dənizim,

Düşmənlə döyüşə göndərin məni...

 

Təbiət yaradan torpağam, suyam,

Düşmənə dərs verən igid ruhuyam.

Səmada süzürəm - şəhid ruhuyam,

Göylərdən vətənə endirin məni...

 

 

Yol

 

Yollar çoxdu dünyada -

Çeşid-çeşid, növ-növ yollar,

Yolçusunu mənzil başına apara bilməyən

Yarıda qırılan yarımçıq yollar,

Yolçusunu məqsədinə çatdıran bütöv yollar.

İllər uzunu bağlı qalan

Yollar var dünyada,

Ömrü-günü kədərli,

Taleyi üzünə gülməyən,

Gözləri sözünə gülməyən,

Qaşqabağı yer süpürən bikef yollar...

Yollar çoxdu dünyada -

Yolçusunu gecəyə aparan,

Sabaha daşıyan yollar!

Yolçusunu çöldə qoyan,

Küçəyə aparan,

Yolçusu ölsə, ölən,

Yolçusu qalsa, qalan,

Yolçusuyla nəfəs alıb, nəfəs verən,

Yolçusuyla yaşayan yollar...

Yollar çoxdu dünyada -

İthürənə aparan yollar,

İşığa çatdıran yollar.

Yuxarı qaldıran yollar,

Aşağı çatdıran yollar...

...Şuşa-Laçın yolu -

Arzuya, məqsədə çatmağın simvolu!..

 

 

Tabutun içi boyda sükutam

 

Ağ səmada qara bulud kimiyəm,

Qəm qaraldıb məni,

Dolmuşam eləcə.

Ruhum içimdə ölüb,

Çiyinlərdə gedən tabut kimiyəm.

Mənə yuxarıdan baxanlara

Nə söyləyim, nə deyim?!.

Barmağını gözümə soxanlara

Bilmirəm, xoş gəlmir nəyim?..

Mənə aşağıdan boylananlar

Əllərini gözlərinin üstünə qoyub

Günəşə baxırmış kimi baxırlar.

Yuxarıdan baxanları yandırar atəşim,

Aşağıdan boylananlara qucaq açaram.

Kiminin yanında atəş kimiyəm,

Kiminin yanında günəş kimiyəm.

...Qəm qaraldıb məni,

Yamanca dolmuşam,

Ağ səmada qara buludam.

Elə bil... elə bil milyon ildi anadan olmuşam,

Ruhum içimdə ölüb,

Tabutun içi boyda sükutam...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!