Arzular
Hər kəsin qəlbində arzuları var,
Xeyirxah, ya bədxah, başqa bilən yox.
Kimisi gizləyir, kimi çəkir car,
Yetişə murada, hey can atır çox.
Uzun illər çəkir yetmək birinə,
Bəzən bir ömür də eyləməyir bəs.
Başın qarışanda çox dərd-sərinə,
Sönür qəlbindəki o istək, həvəs.
Bax, onda sal daşa dönür o adam,
İtir yaşamının dadı, mənası.
Sanır ki, mümkünsüz ona mən çatam,
Qurur ürəyində, saxlayır yası.
Çıxanlar sıradan hərəsi bir cür
Ürəkdən bir parça qoparır, gedir.
Sarır düşüncəni, duman bürüyür,
İnsanı boşluğa aparır, gedir.
Fərqi yox ki, ola böyük, ya kiçik,
Hər dilək özündə işıq daşıyır.
Vermir ki, ruhuna rahatlıq, dinclik,
Yaşadır səni, həm özü yaşayır.
Tale üzə gülsə, elə olur ki,
Biri əvəz olur çox neçəsinə.
Köksünə o qədər fərəh dolur ki,
Sanırsan, yox, buna tab etməz sinə.
Hər nə istəyirsən, dilə Tanrıdan,
Verəcək, şübhəsiz, geci, tezi var.
Bir şərtlə, sev onu və ona inan,
Bilirsən, nə qədər böyük lütfü var?!
Ürəklərin ülfəti
Neçə-neçə xatirəni oyatdı
Qəfil bir səs, çox umduğum Tanrıdan.
İstəyimdi, piyadaydım, o atlı,
Ruhumdakı zülmətimə oldu dan.
Qurumuşdu dil-dodağım, bu səsi
Dinlədikcə xəyallara dalırdım.
Şipşirindi hər bir sözü, kəlməsi,
Bu söz-sovdan bir ayrı zövq alırdım.
Darıxıbmış o da elə mənimtək,
Eyni ruhun adamıyıq axı biz.
Taledəndi, qismətdəndi ayrı, tək
Qalmağımız, ola ortaq dərdimiz.
Bəxş etmişdi mənə sanki dünyanı,
Sevincimdən yer tapmırdım özümə.
Bax, bu üç-beş dəqiqənin hər anı
Yığdı xeyli "olmuş"ları düzümə.
Yada saldıq olan, ötən-keçəni,
Xatırladıq sevinc, qəmli günləri.
Bambaşqaydı, unudular heç yəni?!
Andıq birgə ah, nələri, nələri...
Uşaqtəki sevinirdik elə bil,
Əvəzsizdi bu bir zəngin qiyməti.
Sehrdəydik, danışmırdı təkcə dil,
Baş tutmuşdu ürəklərin ülfəti.
Nə yaxşı
Fərqi yoxdur; qohum, qardaş ola yad,
Haqq deyirsə, danışırsa, nə yaxşı.
Ətrafını əməliylə edir şad,
Xeyir verə, yarışırsa, nə yaxşı.
"Mən-mən" deyib çox özünü çəkməyə,
Ürəklərə qəm toxumu əkməyə,
Heçcə nədən gen durmaya, "hürkməyə",
Hey qaynayıb qarışırsa, nə yaxşı.
Ətrafıyla münasibət qura saf,
Öyrətməyə çənəsinə boşdan laf.
Səhvlərini etməyiylə etiraf,
Düz, doğruyla barışırsa, nə yaxşı.
Məqamında dürüst deyə sözünü,
Əyrilərə heç yummaya gözünü.
Artırmaqla qəlbdə odu, közünü,
Nahaqlarda alışırsa, nə yaxşı,
Yetişəndə dərdlilərin dadına,
Başqa nəsə heç düşmürsə yadına,
Xeyirxahlıq yazdırmağa adına
Cəhd-səy edir, çalışırsa, nə yaxşı.
Baxışlar
Deyə bilməyəndə dillə sözünü
Ürəyin elçisi olur baxışlar.
Olur qoparan da yara közünü,
Kədərdən yas tutur, dolur, baxışlar.
Sevincdən nurlanır, yanır, vurur bərq,
Edir sevənini ümmanına qərq.
Qüssədən süst, bomboz, bax, bu onda fərq,
İtir təravəti, solur baxışlar.
Tutmaq istəyəndə bir işdən xəbər,
Nigaran, onlarda əks olur nələr?!
Dözüm göstərməklə, səssiz, birtəhər,
Yalvarıb-yaxarıb, sorur baxışlar.
Düşsə dərd, əzaba, çətinliyəsə,
Bələnir həmin an dumana, sisə.
Köklənir ağrılı, yanğılı hissə,
Baxır lal, belədə donur baxışlar.
Yox ki heç nəfəsi, yox ki heç səsi,
Bacarır sehrinə sala çox kəsi.
Bəzən məhəbbətin ilk müjdəçisi,
Bəzən son akkordun vurur baxışlar.
Nə desə, söyləsə həqiqətdir tək,
Onlardan söz-sova olmaz şübhə, şəkk.
Sərrafsan, onları oxu, eylə dərk,
Deməzsən, yox, məni yorur baxışlar.
Soraqda san
Nədən gəlmir səs-sorağın,
Söylə, de görüm, hardasan?
Bu səbəbi darıxmağın,
Düşüncəm: - Bəlkə dardasan.
Zənnim gedir min bir yerə,
Ruhum köklənir kədərə,
Fikirlərim vermir bəhrə,
Uzaqdasan, kənardasan?
Çaş qalmağı rəva bilmə,
Xəbər göndər bircə kəlmə.
Təkcə unutmuşam, demə,
Demə başqa maraqdasan.
Düşün, nələr çəkməyimi,
Köksümə qəm əkməyimi.
Qoyduğun bu təkliyimi,
Bəlkə başqa soraqdasan?!
Yetərli canın ola sağ,
Düşünək bu səndən sınaq.
Bax, etdinsə beləcə ağ,
Məni onda soraqda san.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
