Şeirlər - Əli NƏCƏFXANLI

 

Ağlayaq

 

Sən də qara, mən də qara,

Bulud, bir yerdə ağlayaq.

Şimşək vuran ürəyini

Ovut, bir yerdə ağlayaq.

 

Nə ki var, yağaq çilləmə.

Sən - selləmə, mən - zilləmə,

Düş gəl, göyü mənzilləmə,

Yer tut, bir yerdə ağlayaq.

 

Doluxsunub qalma elə,

Darıxma, daralma elə.

Nə olubsa, elə-belə,

Unut, bir yerdə ağlayaq.

 

 

Keç

 

Unamazdım bir gün məni atarsan,

Beçə bala zəhər-zəqqum qatarsan...

Göz yaşımın dalğasında batarsan,

Kirpiklərim körpün olsun - adla, keç.

 

Yoxluğunda itirdim var-yoxumu,

Qırıq telli könül tarım oxumur.

Soyuqluğun dondurubdu ruhumu,

Bir baxışla ürəyimi odla, keç.

 

Əzbər billəm sən verdiyin dərsləri,

Sinirmərəm tövürləri, tərzləri,

Küçənizə gözətçidi gözlərim,

Qana düşmək istəyirsən, yadla keç.

 

 

Qayıt

 

"Qayıt, sahmana sal bu kainatı..."

Əli Kərim 

 

Sənin yoxluğunla doludu şəhər,

Dönmüşəm bir eşqin qəm heykəlinə.

Sirrimiz sirr idi dünənə qədər,

İndi hamı bilir sənin dəlinəm. 

 

Atəşdə donanam, şaxtada yanan,

O küçə-bu küçə gəzirəm sənsiz.

Bir Allah bəndəsi varmı dərd qanan?-

Sailəm, yetiməm, yesirəm sənsiz. 

 

Doğmalar içində qəribəm, yadam,

Bu boyda şəhərdə həyanım yoxdu.

Dünyası viranə, yurdu bərbadam,

Ta bunun o yanı-bu yanı yoxdu. 

 

Qoşa izlərimiz qalmayıb deyə,

Tanış yollarda da azıram indi.

Evimin içində qəm yeyə-yeyə

Qürbət nəğmələri yazıram indi. 

 

Zildəmi oxuyum, pəsdənmi deyim?

Buludlar bu dərdi ağlayaydı kaş!

Vitrinlər, aynalar gözünü döyür -

Bir-iki əksini saxlayaydı kaş!.. 

 

Üzümə yad baxır dalanlar, tinlər,

Bu duman aradan çətin çəkilə.

Yoxluğa xəbərsiz səyahətinlə

Evimi yıxmısan, evi tikilən. 

 

Altı-alt, üstü-üst qoyub getmisən,

Qayıt, öz taxtına, tacına qayıt!

Bəlkə də sən məndən doyub getmisən,

Mən sənin əbədi acınam, qayıt!

 

 

Qovmuram

 

Çıxıb gedirsənsə, di, yubanma, get,

Nə davan uzansın, nə səsin qalsın.

Çıxıb gedirsənsə, qapını tez ört,

Barı otağımda nəfəsin qalsın. 

 

Gedib tonqalların içinə girmə,

Yanarsan, külünə kim sahib çıxar?

Bir də... qəmli-qəmli şəkil çəkdirmə,

Özünə oxşamaz, əcaib çıxar. 

 

Araya girənlər istəməz qəti

Təzədən yanıma qaçıb gələsən.

Hər halda açarın birini götür,

Qapını ürəklə açıb gələsən. 

 

Hava qaralmamış get, olmasın gec,

Sanma bunu demək asandır, asan...

Mən səni qovmuram, qovarammı heç? -

Deyirəm, tez gedib, tez qayıdasan.

 

 

Gətirsin

 

Təcili yardıma telefon açın,

Yaralı könlümə təpər gətirsin.

Ömrümü qəm kəsir əlində qayçı,

Dərmanın bilirsə əgər, gətirsin.

 

Huşum başdan çıxıb səyahət eylər,

Canım cəhənnəmi ziyarət eylər.

Yardan bir soraq da kifayət eylər,

Xəbəri olanlar xəbər gətirsin.

 

Dua eyləməkdir ilboyu işim,

Xırda bir müjdəyə atlanar döşüm.

Əsən küləklərə minnətçi düşüm,

Bir udum ətri də yetər, gətirsin.

 

Sinə manqalımda ürəyim kabab -

Yeyib qurtarmışam, tükənibdi tab.

Yar özü istəsə eyləsin savab,

Gəlsin, zülmünü də betər gətirsin.

 

 

Yar yanında vayqanlıyam 

 

Yar yanında vayqanlıyam, suçluyam,  

Neçə gündü cini tutub, nə tutub!

Onu gözü götürməyən qızların

Qan-qarğışı məni tutub, nə tutub!

 

Hökm verib məhkəməsiz, filansız,

Qulağına qadağadı adım da. 

Bu tonqalın mənəm Yanıq Kərəmi,  

Çıtır-çıtır alışıram odumda.

 

Yük eyləyib ürəyinə daşları,

Qaşlarını çatıb gəzir, deyirlər.

Barışığa gedənləri eşitsə,

Anam-bacım pirə nəzir deyirlər.

 

Nə zülümdü, nə zillətdi, ay aman,  

Mən hədəfəm, o - hiddətli, hədəli.

Gözlərinin səkisindən qovubdu,

Can verməkmiş günahımın bədəli.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!