Şeirlər - Azad YAŞAR

 

Hamı və Heç kim

 

Bütün günü

nə qədər adam sordu kefimi

ağızucu cavab verdim, "yaxşıyam", deyə.

...Heç kim görmədi başımdan qalxan tüstünü,

Heç kim bilmədi ki, necəyəm.

 

 

Həndəsi edam

 

Şair dostum İsmayıl Bayramoğluna

 

Şaquli bir müstəvi -

yəni polad gilyotina bıçağı -

ona perpendikulyar yerləşən müstəvini,

yəni bədənimi,

boğaz nahiyəsində kəsdiyi zaman

bir alma misalı diyirlənəcək kürə -

başım olacaq.

 

 

Mənim sonum

 

Övladı olmayanlara "sonsuz" deyirlər

 

Mənim sonumdur sənin əvvəlin

sən mənim sonumsan -

mən sənin əvvəlindim.

Mənim sonum,

səni düşünürəm;

məndən başlayan sonu düşünürəm.

 

Tək səndə deyil

süzdüyüm göylərdə, yaşadığım mövsümlərdədir,

oxşadığım çiçəklərdə,

yazdığım şeirlərdə, çəkdiyim rəsmlərdədir

mənim davamım, mənim sonum.

 

Hər kəs sonunu tapınca axtarır,

axtarır,

özünü axtarır hər şeydə -

hər kəs tapmasa da.

 

Mənim balam, mənim sonum,

uzat sonumu,

sonunu,

sonumuzu,

uzat, gözümün işığı,

dünyanın son duracağına qədər,

yaşat könlümüzün odunu, gözümüzün işığını.

 

Sən mənim təskinliyimsən, mənim sonum.

Yaxşı ki, sən varsan,

yaxşı ki, sonsuz deyiləm,

yaxşı ki, sonum var -

bəlkə də belə yaxşıdır.

 

 

Varlığın üç şərti

 

Statistika nəyi, necə və nə üçün hesabladığını

daha yaxşı bilir,

amma

xəstəliklər, qəzalar və bəlalardan daha çox

adamlar

həddini və yerini bilməməzlikdən

itirir canını, yəni ölür.

Yazıya pozunun olmaması da

bunun üçüncü şərtidir.

 

 

Qarşıdakı ümidsizlik

 

Verəcəyim sədəqəylə

yolun qırağında, oturduğu yerdəcə mürgüləyən

və hər şeydən əlini üzən dilənçini

ona boy verməyən bu yoxsulluqdan

qurtarmayacağımı bildiyimdən

əlimdəki qəpik-quruşu

onu oyatmağa dəymədiyi üçün

səssizcə

əski mis qaba qoyuram.

 

 

Təbəssüm missiyası

 

Təbəssümümü öldürmək istəyənləri

elə təbəssümümlə də

"öldürmək" istərdim

mən.

 

 

Payızda ağaclar

 

Yarpaq-yarpaq soyunur ağaclar,

yarpaq-yarpaq ağlayır ağaclar...

Yarpaq göz yaşına bənzər,

süzülən damlaya bənzər üzülən yarpaq.

Sapsarı göz yaşlarıyla ağlayır ağaclar,

sakitcə ağlayırlar,

günahsız yerə döyülən uşaqlar kimi,

için-için.

 

Torpağa, ürəklərinə axıdırlar göz yaşlarını,

bilirlər - olacağa çarə yox,

dərdli-dərdli ağlayırlar.

İnsana bənzəyirlər ağaclar

ağlayanda da,

            güləndə də...

 

 

Kədər dağları

 

Dağlara qar yağıb.

Dağlar uyuyur qar altında,

İstidə.

Onlardan qat-qat ucadır

sinə dağlarım -

nə qədər qar yağa, örtməz.

 

Sinəmə çəkilənlər

adi dağ deyil -

qar altda yatmaz.

 

Soyuqdan donacaqlar zavallılar!

 

 

Qrafik şeir

 

Təmiz qar.

Bəyaz qar.

Gözünün qarasını ağardacaq qədər bəyaz qar.

 

Sağır zülmət.

Kor zülmət.

Gözünün ağını qaraldacaq qədər qara zülmət.

 

Gözlərin - qarlı bir gecə.

Mən - ...zülmətdə günlərlə yol arayan

zavallı yolçu. 

 

 

Sui-qəsd

 

Orada

otağın küncündə

köhnə kresloda oturan və

bərəlmiş gözlərini tavana zilləyən adam,

gözlərini tavandan ayıra bilməyən adam

baxışlarından asıb özünü,

tavandan asıb özünü,

asıb özünü

asıb.

 

 

Zülmətdən işığa keçid

 

Qaranlıqda yazdığım şeir,

əl havasına yazdığım şeir,

ağ qoçla qara qoçun davasına

yazdığım şeir,

fikrimin işığında yazıram səni,

İşıqda yazıram səni.

 

 

Birinci ağlıma gələn

 

İndi də

harada və neçə yaşımda oluramsa-olum,

"qaranquşun qarğışı yerdə qalmaz"

            deyimini eşidəndə

uşaq ikən

binamızın girişindəki

qaranquş yuvasını bilərəkdən dağıtdığım zaman

quşların qopardığı haray-həşir

və bundan düz üç gün sonra

sevimli nənəmin dünyadan köçdüyü olur

birinci ağlıma gələn.

 

 

Məhşər intizarında

 

Beynim itkin misralar,

ağ kağızın işığına çıxara bilmədiyim

qərib fikirlər məzarlığıdır.

 

İntizarla

bir Məhşər gününü gözləyirəm.       

 

 

Tənhalığın sonu

 

Dəniz də tək idi,

            sahil də,

                        dənizin sahilindəki insan da.

 

"Yığışaq", dedilər, "ulduz-ulduz göyün altına".

Görüşdülər.

İsinişdilər.

Sevişdilər.

 

İndi dənizin sahili,

sahilin insanı vardı,

insanınsa həm dənizi,

            həm də sahili.

 

Elə bəxtiyardılar ki...

Onların sevdasına

ulduzlar göydə öpüşürdü dodaq-dodağa,

            yarpaqlar... yerdə

və dilim-dilim işıqda yuyunurdu sular.

 

 

Daşın öz dilində

 

Hər gün salam verirəm,

dinməzcə keçir.

 

Bu gün vermədim,

qayıtdı ki:

- Adam-zad saymırsan, nədir?!

- Səni adam sayıb da yanıldığım yetər.

Daşa daş dilində salam verərlər -

Sükutla! - dedim.

 

 

Əllərim

 

Əllərim

ağlı, qaralı, sarılı bütün əllərə bənzər

insanlığın dünənini,

bu gününü yaşadığına.

 

Əllərim

özümünkülərə bənzər

ən çox -

ömrümün dünənini, bu gününü

mənimlə ortaq daşıdığına.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!