Ədəbi suprematizm - Əli Şirin ŞÜKÜRLÜ

 

Şopenhauerin yuxusu

 

Həyat - dərin yuxu içində keçən gecə,

tez-tez  qorxulu yuxularla müşaiyət olunan:

 

Kimin, hansı yuxunun təsviridi, görəsən,

oyanışda hansı təsvirə dönüb,

kimin yuxusuna çevriləcək bu dəfə?!

 

 

Kainatın informasiya modeli

 

Bir vaxtlar bu yerdə, yaşadığım evlə üzbəüz

həbsxana vardı - Bayıl türməsi. Bayırda səssizlik.

İçəridə təlaş, gözlənti, ümid və kədər, sevinc həm də - arabir.

Hər baxanda

sükunətin doğurduğu hüzn sıçrayırdı adamın üstünə. 

 

İndi bu yerdə nə yaşadığım ev var, nə də Bayıl türməsi.

İndi bu yerdə asvalt yol - üstündə sürət və surət,

aramsız, kəsilməz dəyişmələr - ölçüsü zaman

(hardasan, "bu an"?).

 

Nəyinsə izini axtarmaq istəsən, görərsən hər şey

yalnız üst-üstə informasiya - "qum topası";

ayır "dənələri" bir-birindən ayıra bilsən,

tap görüm, nə tapırsan.

 

Bir az kənarda bulvar, dənizin müşahidə obyekti.

Zaman sanki geri qovur burda, geri itələyir dənizi -

illərin topladığı bir yığın baxışın yaddaş selini

otərəf-butərəfə gəzdirən dalğaların

ayrılmaz ardıcıllığı.

 

Sonra üz al həmişə olduğu kimi,

dənizdən ayrı düşən yaxınlıqdakı balaca parka,

nə vaxtsa Bayıl türməsinə qonşu - azadlıq təşnəsinə

və tez-tez yarpaq acısı yaşayan dəyişən ağacların

dəyişməz budaq yaddaşına.

 

Hara və nəyə baxsan bir yığın mətn,

tap görüm nə tapırsan:

dünya - sonsuz böyük kitabxana,

rəngarəng, sadə, qəliz, aşkar, sirli

qalaq-qalaq məlumat bazası, 

yalnız informasiya toplusu

tərsinə piramida şəklində;

nə varsa bir-birindən ayrılmaz

və hər şey bir-birinin içində.  

 

 

Monizm

 

Kənd evimizdə yenə də payız,

payızda ağaclar, quşlarda payız.

 

Ağaclarda (quşlarda) zaman - nəsə dəyişib; axı

ağaclar daha çox tanıdar dəyişmələri.

(Bir də çiçəklər - onların öz zamanı

hamıdan fərqli; gündüz  açıb, axşam solanlar).

 

Nəsə dəyişib deyəsən: yox olub (r) yaşıllıq,

dayanıb bir mövcudolma, yerində başqası.

Yaşıl sarıya çevrilib(r) tədricən - eyni ağaclar deyilmi,

indi rəngini dəyişən,

bəs yaşıl hanı? - sarıda gizlənib sadəcə. 

 

Eyni cür dəyişmələr bildirir;

bütün ağaclar eyni ağacdır əslində,

Ümumi olandan qopub

tək-tək düşüblər torpağa

bir qədər fərqli formalarda.

 

İnsanlar da ağac kimidi elə, 

heç kim inanmasa da,

mən dəqiq bilirəm; Bir olub

və ayrı düşüblər nə vaxtsa -

indi o Bir olan

Hamının içində.

 

 

Limit: yığılma nöqtəsi

 

Qış görkəmində ağac: altında əvvəlcə diri bildiyim,

üzü torpağa "ayaqüstə" ölən quş - hərəkətsiz,

heçliyə çevrilsə də,

sanki təzəcə qonub yoxluğu boyda torpağa.

 

Dayanıb bir mövcudolma 

hələ ki formasını itirməsə də.

Dayanıb bir mövcudolma; ölən quş şəklində.

 

Hər yoxolmanın

öz forması olurmuş, demə.

 

Bütün ölümlər yerə doğru, quşcığaz,

bütün ölümlər yerə çəkir hər şeyi

və hər şeyin yığıldığı nöqtə var.

 

Səma olduğu kimi, quşcığaz,

qapqara, bambalaca yaranış,

ehtimal edirəm xəbərin yox, səma olduğu kimi

cızdığın və cızmadığın trayektoriyalarla birgə.

 

Nə yoxluq tam heçlikdi, nə heçlik tam yoxluq,

quşcığaz - balaca yaranış, 

nəsə böyük bir sirr, bir məna var bilmədiyimiz,

anlaşılması çətin. Bircə, gümanım:

hər yoxluq heçliyə keçid,

hər heçlik yeni imkanlar çoxluğu

ya xaos, ya nizam şəklində ...

 

...bilirəm,

artıq təsəlliyə nə ehtiyac var,

elə-belə danışıram, lirika xatirinə...

 

Mən də

keçid edirəm heçliyə yavaş-yavaş

yarımçıq qalmasın lirika:

Yer də olduğu kimi, quşcığaz,

yer də olduğu kimi, balaca yaranış,

üstündə son eniş  və çoxlu keçid nöqtəsi;

bütün böyük, orta, kiçik uçuşların - cızılan və cızılmayan

düz, əyri, çarpaz  xətlərin yığıldığı son məkan.

 

 

Substansiya             

 

Şair dostum Kəramətin xatirəsinə ithaf edirəm

   

Dalğalar  və dalğanın  səsi. Oyanır yaddaşım:

Hər şeyin bir əsası var. Kainatın təsadüfən yaranma ehtimalı

sıfıra yaxın.

 

Hər şeyin yaddaşı var həm də, oyada bilsən əgər.

Yaddaş - üst-üstə yığılmış keçmiş və

hər keşmiş sonrakının indisi;

bir-birinin içində, ayrılması müşkül.

 

Onunçun deyirəm: dünyanın da yaddaşı var,

həm də altyaddaşı, üstyaddaşı həm də.

Dəniz yaddaşı dünyanın, daha doğrusu, yaddaşının bir parçası,

səma və torpaq kimi. Amma dəniz, məncə, daha şəffaf qoruyar

hadisələri - unudulan və unudulmayan,

nə vaxtsa xatırlanması mümkün, bəlkə də mümkünsüz. 

 

Dalğanın səsi. Təsəvvür edin və ya xatırlayın bu,

cürbəcür səslərin harmoniyası.

Onunçun deyirəm dəniz yaddaşıdı dünyanın,

yaddaşın altqatıdı amma, oyansa... Məsələn:

14-cü əsrdə qasırğa nəticəsində dənizə hopan Bayıl qəsri -

bilinən və bilinməyən nələr gizlənib yaddaşın altqatında.

 

Dalğa və səs. Cürbəcür səs harmoniyası ilə

            dönə-dönə çırpılar sahilə.

İndi yaddaşa çevrilən torpaq.

            Üstündə yüzillərin Qız qalası - nə vaxtsa

gün kimi aydın həqiqətin indi

            bizə çatan cürbəcür tarixi versiyası.

 

Dalğa(lar) - səslərin harmoniyası.

            Yaddaşın üst qatında səma.

İşığı indi bizə çatan dənizdə ikiölçülü təsviri üzən ulduzlar

həmin ulduzlar deyil bəlkə,

            bəlkə də özüdür seyr edirik uzaqdan,

hər biri bir dünya.

 

Onunçun deyirəm: var olan nə varsa "toplanmış keçmiş".

Yaddaşa köçən yalnız yaşanan hadisələr, bəlkə ona görə 

zamanın gerçək üzü keçmişdir elə.

 

Dalğalar çırpılır sahilə və qayıdır geri.

Bəlkə bu kainat özü yaddaşdı elə;

            neçə-neçə qatı, hər biri bir dünya -

səma, torpaq, dəniz... 

            şəklində, bəlkə də başqa ölçü və formalarda -

xatırlanması mümkün və mümkünsüz hadisələrlə dolu. 

 

Dalğalar. Səslərin harmoniyası. Çırpılır sahilə. Geri dönür.

Və elə hey gəlir-gedir. Yaşanan hər an süzülür keçmişə.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!