Şeirlər - Aysel FİKRƏT

 

***

Ömür yolu qısadı,

Bizə oyun oynadı.

Uzun göründü bizə,

Kimsə onu qısnadı.

 

Günlər illərə döndü,

anlar dönüb gün oldu.

Çör-çöp saman çöpləri,

Nəzərlərdə gül oldu.

 

Guya yaşatdı bizi,

Yalnız daş atdı bizə.

Neçə dəfə sındırıb,

Belə gətirdi dizə.

 

Ömür yolu dediyin,

Alıb verdiyin nəfəs.

O nəfəsdə bitəcək,

Dünya bildiyin həvəs.

 

Bir ah qədər qısadı,

Ümman qədər uzundu.

İnsan ömür payına,

Kəsiləcək quzudu.

 

***

Yuxularda pəhləvandır ümidim,

Həyatda isə səsi çıxmır, mütidir.

Dərd həmişə sevincdən zirək olub,

Ta əzəldən əl-ayağı itidir.

 

Yaş gəldikcə hər il ömrüm üstünə,

Elə sandım hər sabahım yenidir.

Od qaladım, qızınmadan istimə,

Arzularım ayaq tutub yeridi.

 

Sevgi bildim yaz gəlişin yaz imiş,

Çox, çalışdım, çox çırpındım, az imiş.

Mən fəqirin bir günahı yox idi,

Hər nə varsa, hər nə gördün yazıymış.

 

 

Eynək

 

Həkim, gəlim, mənə yeni eynək yaz,

Daha dumanlıqda çəni görmürəm.

Ömür sarsaqlayır, yaş ötüb gedir,

Saçımda ağaran dəni görmürəm.

 

Həkim, gəlim, mənə yeni eynək yaz,

Bəlkə göy üzündə dumanı görüm.

Bu vecsiz dünyadan əlimi üzdüm,

Gedim - o dünyada ümmanı görüm.

 

Görüm gəlişimdə ağlayan günü,

Sel olub, su olub, çağlayan günü.

Dünyaya gözümü bağlayan günü,

O sehir, o xülya, yalanı görüm.

 

Yenidən yaradım, yeridim onu,

Dünyaya gəlişim əbəs deməsin.

Aldadım, aldanım, dəlirdim onu,

daha eşidilmir bir səs deməsin.

 

Həkim, gəlim, mənə yeni eynək yaz,

daha gec olmadan özümü görüm.

kor olmuş dünyanın div yuxusunda,

illərdi oyanmaz sözümü görüm.

 

Həkim gəlim mənə yeni eynək yaz.

 

***

Gəlib çatdım bəlli yaşa

Dünənin uşağı idim.

Nə doyunca büdrədim,

nə doyunca yıxıldım.

Ömrümün hər anına,

bircə ömür gecikdim.

O da öz ömrüm qədər.

Nə az, nə çox, bircə ömür,

ara verdim ömrümə,

Dedim, hələ olacaq,

Bu nədi, nə yaşım var.

Sevgi umdum hamı kimi,

Canavar sürüsündən,

O da öz sevgim qədər.

 

Anam danışdığı nağıllarda

qəhrəman oldum,

Başladım nağıl uydurmağa.

Mərhəmətimi çox xərclədim,

özümə də qalmadı.

Nağıl bitəndə mən də bitdim,

Göydən heç nə düşmədi.

Anladım, yalan danışıblar mənə,

O da öz nağılım qədər.

 

İlk ayaqlarım tutuldu,

Sonra yazan əllərim,

Şeirlərimi susdum,

Sevgiləri bəllədim.

Mənə çox soyuq oldu,

İsidəndə dünyanı,

Mükafat özüm idim,

işarəni duymadım

Mənə ağrı verdilər,

adı yaşamaq oldu.

O da öz ağrım qədər.

 

***

Yer-göy guruldadı,

ayrılıq saldı.

Yuxular qarışdı biri-birinə

Anamın gözləri, həsrət yarpağı.

Örtdüm ürəyimi qapı yerinə.

 

Mən daha gülmürəm, əvvəlki kimi

Əvvəl dilim susdu,

sonra ürəyim.

Durmadan oxunan

nəğmə səsini,

Daha eşitmirəm

Bir gör neylədim.

 

Bulaqtək çağlayan sevgi də

Getdi.

Gözünə baxmağa qorxduğum o da.

Kimi uydurmuşdum, bir anda itdi,

Daha bulud oldum

İnsan donunda.

 

Gözümü açandan qorxdum dünyadan,

Ürəyimə daman başıma gəldi.

Mən, deyəsən, daha,

geriyə baxıb.

Allaha şükür edən

yaşıma gəldim.

 

 

Gərəksiz

 

Uça bilsən həyəcandan,

bunun adı ucalmaqsa,

bu dünyada yaşamaqçün

sevinc varsa -

qəm də gərək.

 

Qollarını qanad kimi yana sərsən,

ayrılığa gücün ilə sinə gərsən,

ruhun zilə çıxan vaxtı fərəhlənsən -

bu nəğmədə

bəm də gərək.

 

Ömrün başdan-başa yolsa,

bu yollarda çox yorulsan,

deməyib içinə sussan -

kəlmələrin

dəmdə gərək.

 

Bu dünyada nə işin var?

Bu günün var, keçmişin var.

Gərək deyilsən cahana -

bu nə sirrdir? gərəksizsən,

Həm də gərək.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!