Bahar yalnız təbiətin oyanışı deyil, həm də ruhun dirçəlişi, sözün yenidən doğuluşudur. Elə insanlar var ki, onların ömrü də bahar kimidir - hər gəlişi ilə yenilik, hər nəfəsi ilə təravət gətirir. Azərbaycan ədəbi mühitinin görkəmli ziyalısı, şair, tənqidçi, ədəbiyyatşünas alim və publisist Ayaz Vəfalı kimi. O, həm də uzun illər doğma "Ədəbiyyat qəzeti"nin baş redaktoru kimi fəaliyyət göstərib. Aprelin 1-i Ayaz Vəfalının 89 yaşı tamam oldu. "Ədəbiyyat qəzeti"nin kollektivi və oxucuları adından Ayaz müəllimi təbrik edir, cansağlığı arzulayırıq.
Bir bahar gətirdi şeirə Füzuli
Mən dilimdən vaz keçməm, -
Olursam dilim-dilim.
Kərkük xoyratlarından
Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.
...Məndə tovfiq olsa bu düşvarı asan eylərəm,
Novbahar olğac tikəndən bərgi-gül izhar olur.
Füzuli
Bir səhər məni də çağırdı dostlar,
Böyük Füzulinin söz bayramına:
Düşündüm: burda bir təsadüfmi var, -
Düşüb təbiətin yaz bayramına?!
Bəlkə bu fəsildə doğulub şair? -
Təəssüf... yox hələ şəhadət verən...
Bəlkə çox yazıbdır bahara dair? -
Burda da onu tək görməyirəm mən.
Qürbətdə göy kimi boşalıb-dolub,
Qəlbində əks edib elin naləsi;
Dərdini deməyə bəhanə olub, -
Bülbülün naləsi, gülün naləsi.
Ona başqa dillər olsa da gərək -
Biri sənət üçün, biri elm üçün.
Öz ana dilində hönkürüb ürək -
Dərd ilə baş-başa qalanda hər gün.
Heyif! Zaman-zaman hökm verdilər, -
Birisi "ərəbi", birisi "farsi";
Bəzən elə oldu, çərx çevirdilər, -
Çoxaldı günbəgün tarixin dərsi.
Şair hədəf oldu tənə oxuna,
İlhamın cövhəri şeir oldu xar;
Həqarət zülmüylə, yazıq, çoxuna
Öz ana dilini unutdurdular.
Lal balasını da anlayır ana,
Danışır onunla ana dilində;
Bəs şair özünə layla çalana
Necə şeir yazmaz layla dilində?!
İstedad ürəyə süd ilə dolar,
Körpə anasını əmdiyi anda;
Bilmirəm arada kim dilmanc olar -
Anası şairi anlamayanda?!
Füzuli nə bezdi, nə ar eylədi, -
Dinclikdən əbədi olsa da məyus;
Öz ana dilini şüar eylədi, -
Şüarı da namus, yolu da namus.
"Nahəmvar" sözlər də qələmə gəldi, -
Bir zərif, bir incə dil zahir oldu;
Elə bil ilk bahar aləmə gəldi, -
Bir topa tikandan gül zahir oldu.
Bir nübar gətirdi şeirə Füzuli, -
Övladın anaya nübarı oldu;
Bir bahar gətirdi şeirə Füzuli, -
Doğma dilimizin baharı oldu!..
Tökülən yarpaqlar
Yazın nəfəsiylə buğlananda yer
Ağaclar içində bir ağac əkdim;
Günəşin oduyla dağlananda yer
Neçə yol suladım, nazını çəkdim.
Kökləri torpağın bağrına çatdı -
Özünü yerlərə bağlamaq üçün.
Göyərdi... göylərə qol-budaq atdı;
Onu böyütmədim doğramaq üçün...
Bəzən kölgəsində süfrə salanda
Ona dəyən külək darağım oldu.
Bəzən də əlimə qələm alanda
Yaşıl yarpaqları varağım oldu.
Gəldi payız yeli, aman vermədi,
Əsdi səhər-axşam... saraltdı onu...
Yarpaqlar töküldü... bir gün görmədi,
Torpaq özü kimi qaraltdı onu...
Düşündüm: ondakı yaşıllıq hanı?
Yoxsa verdiyini aldı təbiət?!
Yay günü başlara kölgə salanı
Ayaqlar altına saldı təbiət.
Gah oldu üstüylə süründürdü çən,
Gah da küləklərə sürütdü onu.
Bir zaman rənginə yaşıllıq verən
Günəş də, torpaq da çürütdü onu...
Baxdım xəzəllərə... duruxdum bir an,
Sanki qulağımda titrədi bir səs:
Kökdən ayrı düşən, budaqdan qopan
Yerin də qoynunda yaşaya bilməz...
Yağış yağdı
Yağış yağdı narın-narın,
Bağda ətir duyuldu;
Yağış yağdı... yarpaqların
Toz-torpağı yuyuldu.
Yağış yağdı gündüz-gecə;
Çaya sellər yeridi.
Yağış yağdı... neçə-neçə
Köksüz ağac çürüdü.
Bağçamızda çəpər boyu
Dəmir məftil pas atdı.
Baxın... baxın...
yağış suyu
Nələr üzə çıxartdı...
Novruzgülü
Qar içində, aləm bilir
Yaşıl örtdü novruzgülü;
Mənə dedi bahar gəlir -
Dedi, ötdü novruzgülü.
Quşlar ona salam verdi,
Ağır imiş bahar dərdi;
Çöllər yaşıl xalı sərdi -
Gözdən itdi novruzgülü.
Yaz eşqi var diləyində,
Solar namərd küləyində;
Gəl, gəl - dedim ürəyimdə
Gəldi bitdi novruzgülü.
Bilmirəm ki, bu nə işdi -
Özü yazdan ayrı düşdü;
Niyə belə tez gəlmişdi,
Tez də getdi novruzgülü.
Tərk edəndə dağı, daşı -
Ağ buludlar tökdü yaşı;
Az yaşadı... amma qışı
Bahar etdi novruzgülü.
Hamıdan sonraya qalan dünyadır
Haqq sevər, halalı harama qatmaz,
Mərdin qazancını namərdə satmaz;
Nəğdi boşa getməz, nisyəsi batmaz -
Verdiyi borcları alan dünyadır.
Əzəli-əbədi bir adəti var -
"Mənəm" deyənlərin qəsdinə durar;
Kimisi dağıdar, kimisi qurar -
Abadan dünyadır, talan dünyadır.
Vəfadan özünü kəm bilə-bilə
Hansı Vəfalını salmayır dilə;
Gələni göndərib axır mənzilə -
Hamıdan sonraya qalan dünyadır.
Ürəyim boş olmasın
Danışıram, gülürəm
Əhvalım xoş olanda;
Gülməyi ar bilirəm
Ürəyim boş olanda.
Olmasa da onda qəm -
Gözü yaşardır gülüş;
Gülməyi çox sevmirəm,
Ürək boşaldır gülüş.
Sanki tufan qoparır
Hay-harayla gələndə;
Sonra yuyub aparır,
Heç nə qoymayır məndə.
Yenə yol çəkir gözüm,
Danışmaqdan doyuram;
Düşünməyə, əzizim,
Bir ehtiyac duyuram.
Olmasa da onda qəm -
Gözü yaşardır gülüş;
Gülməyi çox sevmirəm,
Ürək boşaldır gülüş.
Gülməyi öyrət
Evi tutur körpə səsi,
O da bəzən olur bir iş;
Eh, uşağın ovunması,
Gülməsi nə çətin imiş.
Gözlərini yaşla yuyur,
O həyata gələn kimi;
Elə bil ki, ağrı duyur
Bir hənirti bilən kimi...
Qoyma tez-tez dola gözü -
Gəlin-ana, gəlin-ana;
Ağlamağı bilir özü,
Sən gülməyi öyrət ona...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
