Uşaqlıqdan indiyə kimi böyük həvəslə qeyd etdiyim, hər adətinə hörmətlə
yanaşdığım, əcdadlarımızın misilsiz
yadigarı olan milli və qədim bayramımız olan Novruz bayramına həsr olunur.
Ovqatı min aləm yazın, Novruzun,
Pillə-pillə vararıq yeni günə.
Sonudur öyünən şaxtanın, buzun,
Rəvanlıq gətirər şair təbinə.
Boz ay gələr, çillələri əvəzlər,
Hava düşər dondan-dona günbəgün.
Sıralanar ard-arda çərşənbələr,
Ellərdən əskilməz şənlik, toy-düyün.
Qışdan bəri "yatan" lal su oyanır,
Sərinlənər təzə su ilə ürəklər.
Od bahar eşqilə alışıb yanır,
Dilimlənib yayır necə zərrələr.
Günboyu yel əsir, sanki car çəkir,
Yayır hər tərəfə Novruz ətrini.
Torpaq oyananda dənlər səpilir,
Evlərdə cücərir yaşıl səməni.
Bayrama qədərki maraqlı günlər,
Bir ayrı ovqatda, ayrı sədada.
O gözəl ahəngi dil necə deyər?!
Ürəkdən yaşanıb qalar yaddaşda.
...Uşaqlıq dövründən bizə yadigar,
Babalar tonqalı yığıb qurardı...
Cəmlənib budanan quru budaqlar,
Qaş qaralan vaxtı yandırılardı...
Davam edək, ənənəni yaşadaq,
Adətlər qalmasın nəzərdən kənar.
İsti qəlblə Novruzu qarşılayaq,
Həyat eşqimizi bəzəsin bahar.
Noğul, nabat düzülər xonçalara,
Günəştəki qızarar şor qoğallar.
Qonaq gələr paxlava, şəkərbura,
Həm də buğlanan zəfəranlı plovlar.
Şamlar yanır bayramın axşamında,
Arzularıq ki, sönməsin şamlar da.
Rəngli yumurtalar şamın yanında,
Əlvanlıq yaradır zəngin xonçada.
Ağsaqqal duası açar süfrəni,
Bərəkətli gələr bu il yaz, bahar.
Tanrı bəladan hifz etsin Vətəni,
Dərgaha ucalsın arzu, muradlar.
Sevmişəm Novruzu uşaq yaşımdan,
Zəngin bayramıdır elin, obanın.
Yan keçmərəm bir adətdən, inancdan,
Bitib-tükənməz mənası bayramın.
Niyyət edib bir qapını pusaram,
Kaş eşidim yaxşı kəlmə bu evdən.
Qapıya pay üçün torba qoyaram,
Gəzib-gəzib heç düşmərəm həvəsdən.
...Otuz il Novruz da çəkdi intizar,
Gəlmək istəyib də, gələ bilmədi...
Onun da önünə çəkildi hasar,
Novruzsuz bu torpaq heç dirilmədi.
Haqqın zəfərində bitdi dərd-məlal,
Qocaman Novruz da sevindi o an.
Qalandı Şuşada ən böyük tonqal,
İsindi Qarabağ onun nurundan.
Baharı mübarək, qalib Vətənin!
Ətirlənsin baharla hər qarışın.
Könlü şaddır bu gün hər bir əsgərin,
Qorunur mərdanə torpağın, daşın!
29.02.2024
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
