De
Məndən küs, məndən inci,
Küsə bilərsənmi? - de.
Ay könlümün sevinci,
Küsə bilərsənmi? - de.
Küssən, güllər saralar,
Küssən, dünya qaralar,
Hər yanı zülmət alar,
Küsə bilərsənmi? - de.
Sən dözməzsən həsrətə,
Ayrılığa, möhnətə.
Bu böyük məhəbbətə,
Küsə bilərsənmi? - de.
Nə küs məndən, nə inci,
Gəl bölüşək sevinci.
Sən mirvarim, sən incim,
Küsə bilərsənmi? - de.
Aşiq ümidi kəsməz,
Aşiq həsrətə dözməz,
Aşiq küsülü gəzməz,
Küsə bilərsənmi? - de.
Alın yazım
Ömrüm başdan-başa kədərdir mənim,
Hansından danışım, hansından yazım?
Alnıma yazılan qədərdir mənim,
Niyə kəm yazıldı bu alın yazım?
Nəyim var idi ki, düzü bilmirəm,
Çoxuna çox gəldi yarımım, azım.
Dərdimi danışıb, deyə bilmirəm,
Niyə kəm yazıldı bu alın yazım?
Taledir, qismətdir, anladım bunu,
Telimi bəzədi dərdin bəyazı.
Beləmi gələcək ömrümün sonu,
Niyə kəm yazıldı bu alın yazım?
Şikayət etmirəm, bu, həqiqətdir,
Zalımla qış oldu ömrümün yazı.
Həyatım əzabdır, bir məşəqqətdir,
Sonumu gətirdi bu alın yazım.
Qarşıma çıxma
Eybi yox, qoy sənsiz çox darıxım mən,
Eybi yox, həsrətlə qoy barışım mən,
Eybi yox, röyada qoy danışım mən.
Səni and verirəm, qarşıma çıxma,
Yenə əzab verib, qəlbimi sıxma.
Qoy hisran ağartsın qara telimi,
Qoy kədər, qəm, qüssə büksün belimi,
Qoy xəyalda tutum sənin əlini,
Səni and verirəm, qarşıma çıxma,
Yenə əzab verib, qəlbimi sıxma.
Qoy dünyam dağılsın viranələrtək,
Qoy gəzib dolanım divanələrtək,
Qoy alışıb-yanım pərvanələrtək.
Səni and verirəm, qarşıma çıxma,
Yenə əzab verib, qəlbimi sıxma.
Xəyalda sevinim, xəyalda gülüm,
Xəyalda səninlə dərdimi bölüm,
İstəyirsən, səndən mən qabaq ölüm.
Amma yalvarıram, qarşıma çıxma,
Yenə əzab verib, qəlbimi sıxma.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
