2025-ci ildə "Novruz" türk dünyasının ortaq bayramı oldu
Bayaqdan bəri tonqala
Xəyalınla baxıram.
Qəlbimə düşür işığın,
Səyahətə çıxıram.
Gedib, gedib dayanıram
Küçənizin tinində.
Görürəm ki, bir şənlik var
Qapınızın önündə.
Bacına bayramlıq gəlib,
Düzülübdü xonçalar.
Şəkərbura, şirin qoğal,
Nərgizgülü, qönçələr...
İncəbelli səməni var
Bir gözəlin əlində.
Dilində şirin bayatı:
"Gəlinə bax, gəlinə..."
İstəyirəm, yaxınlaşam,
Çəkinirəm o anda.
Dəyişirəm libasımı,
Nələr varmış bayramda...
Əynimdə arxalıq olur,
Başımda keçə papaq.
Balaca bir dost tapıram:
"Gəl gedək, papaq ataq!"
Uşaq əlində bir torba,
Od çıxır gözlərindən.
Tez qaçıb yanıma gəlir,
Sevinir sözlərimdən...
...Bilirəm ki, papağımı
Qoxusundan tanırsan.
Sən də Novruz tonqalıtək
Ürəyindən yanırsan.
Papaq atdım qapınıza;
içinə bir çiçək qoy.
Çiçək yoxdu, bağışlaram,
Papağıma ürək qoy.
Papağıma bir nağıl qoy;
sonunda gerçək olsun.
Sıx köksünə papağımı,
Taleyim göyçək olsun.
Düz bir ildi danışmırıq,
Gəl danışaq, Novruzda.
Bu bayram da bir fürsətdi,
Gəl barışaq, Novruzda...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
