Şeirlər - Mustafa ŞEYXPUR

 

Mustafa Şeyxpur 1982-ci ildə Miyana şəhərində anadan olmuşdur. Miyanada yaşadığı illərdə orta məktəbi bitirdikdən sonra şəhərdə baş verən bütün mədəni tədbirlərdə iştirak etmiş, ədəbi dərnəklərə qatılmış, jurnalların nəşrində və şeir gecələrinin təşkilində fəal rol oynamışdır. Həmin dövrdə Mustafanın şeirləri bir neçə şeir antologiyasında çap olunmuşdur. 2007-ci ildə Təbriz Azad Universitetinin Elektronika mühəndisliyi fakültəsini bitirmişdir. Təbrizdə universitet illərində fəaliyyət göstərən Savalan dərnəyinin üzvü olmuş, həmin illərdə baş verən sosial və siyasi hərəkatlarda aktiv iştirak etmişdir. Təhsilini başa vurduqdan sonra Təbrizdə bir il davam edən uğursuz iş təcrübəsindən sonra Əsəluyə şəhərində yerləşən bir neft-kimya şirkətində çalışmağa göndərilmişdir. Həmin ilk uçuşdan etibarən Mustafa Şeyxpur dünyanın bir çox ölkələrini gəzmiş, Təbriz və Miyanadan uzaq bir həyat sürməyə başlamışdır. O, Afrikadan Cənubi Amerikaya, Avropadan Yaxın Şərqə qədər, 300-dən artıq fərqli şəhəri dolaşmış və qazandığı yeni təcrübələri poeziyasında qloballaşdırmaq imkanı əldə etmişdir. Onun şeirləri İran, Türkiyə və Azərbaycanda müxtəlif jurnallarda və bir çox şeir antologiyalarında çap olunmuşdur. Şairin "Dünya durduğum yerdə qurtarır" (2014, Tehran) və "Birdən hər şey quş oldu" (2021, Tehran) adlı şeir kitabları nəşr edilmişdir.

2021-ci ildən etibarən İstanbul şəhərində yaşayır.

 

 

Tabloların ardından

 

Üçüncü şeirimi divara asdılar,

Sən yox idin o zaman.

Bir savaş sonrası idi, bəlkə

Pəncərələrdən köçürdü məna,

Qapılarda susurdu salam,

Birinci dönə orda öldüm.

 

Barışmaq istəmirdim özümlə,

Səni yalnız buraxmışdım.

Dodaqlarında bir öpüş susmuşdu,

Gözlərində bir şeir göyərmişdi.

Mən yazmırdım onları,

Üçüncü şeirim idi, oysa

Tablolarda dururdu.

 

Birinci şeirim doğulmadı,

Küretaj etdi anası.

Mənim dodaqlarım zəncirə vuruldu,

Sənin gülüşlərindən muzeylər doğuldu,

Tablolarda gülümsədin,

Hər kəs sevdi.

İkinci ölümüm gülüşlərindən başladı.

 

İkinci şeirimi qurban etdim

Bir payız axşamına.

Bütün şeirlər bitincə yazılmışdı,

Tüm haraylar susunca doğulmuşdu,

Sən gedincə gəlmişdi,

Gecikmişdi.

 

Üçüncü dönə öldüm,

Bir şairin son ölümü olar intihar,

Hər şeirin doğuluşu qədər acı.

 

Səndən sonra

Üçüncü şeirimi divara asdılar,

Mən susdum.

Barış ödüllərinə dönsə də edam çənbərəsi,

Nəm neçə ulduzlu otellərə də çevrilsə zindanlar,

Acı gülüşlərini sevsələr də turistlər,

Səndən sonra

Yetim qalmış şeirlərin dünyasını kim sevəcək?

Zindan divarlarında

            silinməyən adları kim oxuyacaq?

Kim güləcək güllələrə?

 

Hər dönə ölsə də şairlər, nə fayda?!

Hər ölümdən şeir doğulursa,

Sevgilərdən şeir qoxusu gəlməyəcək.

Hər dönə tanınmayan

            adreslər veriləcək taksilərə,

Avtobuslar heç xiyabanı tərsinə getməyəcək.

 

Bir mən duracağam bu duraqda,

Bir mən susacağam,

Bir mən öləcəyəm

Bilinməyən adreslərdə...

 

 

Qapıları boş ver

 

Mənim yerimdə olsaydın,

Ən azından etiraz edərdin buludlara,

Durmadan məktub göndərərdin zindana

Bağçalarına qızıl gül əksinlər.

 

Mənim yerimə olsaydın,

Üsyanlarımı sevərdin,

Sevgilərimi də.

Saqın şeir yazmazdın azadlığa,

Bir az əllərini uzadardın,

Bir az səsini,

Bir az boyunu...

Mənim yerimə olsaydın...

 

Oysa sən yoxsan,

Yerin boşdur mənə.

Sənə söyləmək istədiyim

            hər şey dilimin ucunda qaldı,

Dodaqlarımı yumuram,

Yumruğumu yumuram,

Gözlərimi...

Zindanda darıxır Səid.

 

 

Mən, şeir və xiyaban

 

Mənim şeirlərim reyhan qoxumaz,

Misralarımda ceyran bəsləməmişəm.

Günəşlərim dağ həsrətində,

Röyalarım dəniz,

Buludlar yağsın, çiçəklər açsın,

Qırmızı yanaqlı qızlar

Aya bənzəsin...

Bu yalanlarla şeir yazmamışam.

 

Mənim şeirlərimi çən bürümədi heç,

Dağlarına qar yağmadı,

Dərələrində batmadı ay.

Şəhərli şairin üzü tüstü, gözü tüstü,

Şeiri tüstü.

Qırmızı çiçəklər deyil

Dilənçi uşaqların sevdiyi.

Trafik çıraqlarının ən çox sevilən rəngidir,

Yasaq deyil onlara qırmızı.

 

Mən polislərə ulduz payı verirəm,

Bütün yasaqları qaldırıram şeirlərimdən.

Çiçək becərdirəm asfaltda,

Sən də dodaqlarının rəngini dəyiş,

Gözlərindəki ümidi uşaqlara bağışla.

 

Göz-gözə gəlirik birdən,

Şüşələrimi silir,

Gözlərimi təmizləyir,

Tehran şeirlərimdə bitir,

Yasaq deyil bizə qırmızı.

 

 

Hegemonluq

 

Pasportuma baxırlar hər gün,

Məmləkətimi etiraf edirəm,

Nə adımı soruşurlar,

Nə səni.

 

Yalanlara inanan polisləri sevirəm,

Əllərində tüfəng,

Gözlərində qorxu,

Röyalarında əmniyyət.

 

Pasportuma baxırlar,

Gözlərinə gülürəm,

Məmləkətimi etiraf edirəm.

 

 

Bir sən varsan məndə asi

 

İçimdə bir diktator var

Sevgilərimi senzura edir,

Dostlarımı dustaq.

Gülüşlərimi dodaqlarımdan asır,

Şeirlərim zindan dadındadır,

Hər kəlmədə inqilab ehtimalı var.

 

İçimdə bir inqilabi var,

Şeirlərimdə etiraz nişanələri,

Gözlərimdə azadlıq ümidi.

Yorğunluğumun qan-təri axır

Hər mahnıda, meydanlarda,

Hər qəfəsdə, sinəmdə,

Qəlbimdir çırpınır,

Qəfəsdir, qırılır.

 

İçimdə sən varsan,

Hər mahnının dadı var dodaqlarında.

İçimdə sən varsan,

Hər şeirin başlanışı,

Hər şəhərin fədaisi,

İlk cümhuriyyət ayələri baxışlarında.

 

Ən demokrat yollarla sev məni,

Ən kəskin inamlarla,

Partizan kimi sev məni.

 

Azadlıq meydanlarında sev,

Azadlıq meydanlarında tərk et,

Azadlıq meydanlarında öldür,

Bir məmləkət doğulsun məndə.

 

 

 

Təqdim etdi: Əli Çağla

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!