“Səni düşünəndə” və “İki qardaş vardı...” şeirləri - Əli TUDƏ

 

Səni düşünəndə

 

"Ayrılmam, ölkə, səndən,

Doğmam yox, özgə səndən.

Sən günəşsən, bəs niyə

Heç getmir kölgə səndən".

 

Səni düşünəndə mənim yadıma

Təbrizin aylı bir gecəsi düşür.

Yanıram... yerdəki köz-köz oduma

Göydəki ulduzun neçəsi düşür.

 

Səni şair gözlü ulduz da anır,

Dönür bu müqəddəs ocaq başına.

Ulduz da mənimlə birlikdə yanır

Acı taleyinə, cavan yaşına...

 

Firudin! O gecə bədirlənmiş ay

Ağ güllər səpirdi hər pəncərəyə.

Həm yaz nəfəsiylə ətirlənmiş ay,

Həm ulduz şahiddi bu mənzərəyə.

 

Biz şeiriyyət dolu şəhərimizə

Şeir məclisindən təzə çıxmışdıq.

Alqışlı əllərdən üzərimizə

Məhəbbətlə yağan güllər yığmışdıq.

 

Biz səni alıb hörmətlə

Gəzirdik Səttarxan xiyabanında.

Sanki bir günəş də isti şəfqətlə

Yanırdı xəyalın asimanında...

 

Sanki nağıllardan eşitdiyimiz

Göydən yerə düşən üç alma idik.

Sanki ahıllardan eşitdiyimiz

Qədim hikmətlərdən biz qalma idik.

 

Yox! Hücuma keçən düşmən başına

Topunu tuşlayan üç gəmi idik.

Döyüş ümmanında yürüş marşına

Atəşlə səs verən üç mərmi idik...

 

Sən bizə dedin ki, şeirin bu gecə

Hünəri tək sizin hünərinizdir!

Məclisdə səslənən şeiriniz məncə

İndidən elə şah əsərinizdir.

 

Bilmədin şeirim də öz duyğum kimi

Bütöv mərmi deyil, qəlpədir hələ.

Torpağa atılan ilk toxum kimi

Sənət gülşənində körpədir hələ.

 

Şair deyildinsə doğma məskəndə

Sən şair ürəkli alimdin, qardaş!

Haqqı tapdalanmış ana Vətəndə

İlkin ədalətli hakimdin, qardaş!

 

Sənin jurnalistlik xidmətlərində

Ədalətli hakim vicdanı vardı!

Səttarxan şəkilli sənədlərində

Azad millətinin ünvanı vardı!

 

Parisdə sən elə qızışmışdın ki,

Neçə diplomatla sözə gəlmişdin.

Firənglə sən elə danışmışdın ki,

Deyəsən bir az da gözə gəlmişdin.

 

Paris doğmaydımı öz məskənin tək?

Yox! Məclis dünyaydı, sən Azərbaycan!

Məgrur dayanmışdın öz Vətənintək

Bir çiynin Səhənddi, biri Savalan.

 

Axı bir ecazkar qüvvəyə dönüb

Vətəni nə qədər ucaltsa insan,

Vətən bir möhtəşəm zirvəyə dönüb

İnsanı daha çox qaldırar, inan!

 

Salon hərarətli alqışlarında

Təbrizə uğurlu gün diləyirdi.

Sənin cəsarətli baxışlarında

Mənim sabahımı seyr eləyirdi...

 

...Xatalar salmışdı Sərhəng, xatalar,

Bir də xalq tufanı əsməz demişdi.

Sən onu kəsmədin, axı, atalar

İgid basdığını kəsməz demişdi.

 

Osa susduranda azad dilləri

Nə anana baxdı, nə də bacına.

Odlu qələmini soyuq əlləri

Döndərmək istədi dar ağacına.

 

Boynunda bataqlıq koramalı tək

Haçan sabunlu ip qıvrıldı qardaş,

Nə özün sürüşdün dağ qartalı tək,

Nə dəki, düz yolun buruldu, qardaş!

 

Yox! Dar ağacını cəsarətlə sən

Məslək şuarına nida elədin!

Öz nakam ömrünü sədaqətlə sən

Ana torpağına fəda elədin!

 

Yadıma müqəddəs sənət düşəndə

Sənin qələminə yanıram ancaq.

Hər təzə şeirdən söhbət düşəndə

O aylı gecəni anıram ancaq.

 

Qalsaydın görərdin indi nə qədər

Nəğmələrlə dolu kitabımız var!

Dahi olmasaq da sənətdə əgər

Ürəklər fəth edən rübabımız var!

 

Firdovsi bir şəxsin tapşırığıyla

"Şahnamə" yaratdı söz dünyasında.

Bir axşam könlünün hıçqırığıyla

Günəşi oyatdı öz dünyasında...

 

Dostların bir xalqın istəklərilə

Sənə hekyəl qoydu öz əsərində.

Alovlu qələmin şimşəklərilə

Dünyanı titrətdi öz məhvərində.

 

Səni düşünəndə mənim yadıma

Təbrizin aylı bir gecəsi düşür.

Yanıram... Yerdəki köz-köz oduma

Göydəki ulduzun neçəsi düşür.

 

1979

 

 

İki qardaş vardı...

 

İran İslam Cümhuriyyətinin hakim dairələri şahın hökmüylə Təbrizdə dar ağacından asılan milli hökumətin baş prokuroru Firudin İbrahiminin qardaşı Ənuşirəvan İbrahimini Tehran zindanında edam etmişlər.

 

Bir döyüş qartalı keçdi sınaqdan,

Qoşa qanadıydı cəsur qardaşlar.

Axır nəfəsdə də ana torpaqdan

Ayrıla bilmədi məğrur qardaşlar.

 

Mübariz Vətənin uğrunda ölmək

Dünyada ən ülvi fədakarlıqdır.

Mehriban Vətənin bağrında ölmək,

Bəlkə də ən böyük bəxtiyarlıqdır!

 

İnsan mərdlikdə də, igidlikdə də

Öz yolunu yuyur alın təriylə.

Mətinlik bir yana, şəhidlikdə də

Qardaşlar yarışdı biri-biriylə.

 

Bir ana canından yoğrulsalar da,

Minlərlə ürəkdə yerləşdi onlar.

Ayrı-ayrı gündə doğulsalar da,

Bir tale yolunda birləşdi onlar.

 

Arabir cəzaya dönsə də qismət,

Özüylə şöhrət də gətirir, şan da.

Sən demə yalanmış arxalı cürət,

Qanda yaşayırmış igidlik, qanda!

 

Bəli! Qəhrəmanlıq süst duyğu deyil,

Dinclik də yaradır, nigaranlıq da.

Bir nemət, bir yardım, bir qayğı deyil,

Bütöv ömür istər qəhrəmanlıq da.

 

İki unudulmaz qardaşdan bizə

Yadigar nə qaldı? İki təbəssüm!

Qardaşlar zamanla durub üz-üzə,

Gileyi təbəssüm, ərki təbəssüm...

 

Yox, qardaşlar dinir məhrəm rübabtək,

Özləri yaradır birlik şeirini.

Rəşadətlə dolu iki kitab tək

Sanki tamamlayır biri-birini

 

İki qardaş vardı... Yaxşı ki mən də

Döyüşdə yoldaşım ikisilə də.

Azadlıq yolları itəndə çəndə,

Mənəvi qardaşım ikisilə də.

 

Deyirəm dost dostla, sirdaş sirdaşla

Öyünə bilməsə, ülfəti heçdir.

Bu boyda dünyada yoldaş yoldaşla

Uğur qazanmasa, zəhməti heçdir.

 

Biz yazıq deyilik! Odlar içində

Uğur da qazandıq, zəfər də çaldıq.

Əfsuslar olsun ki, yadlar içində

Döyüşə-döyüşə yalqız da qaldıq.

 

Taclı şah hardadır? Yad torpağında!

Çalmalı lider də devriləcəkdir.

Qardaşlar Vətənin gül qucağında

Qranit heykələ çevriləcəkdir.

 

Günəş təksə, nə qəm, igid qardaşlar

Qoşa günəşdir Azərbaycanın!

Günəş soyusa da, şəhid qardaşlar

Yanan atəşidir Azərbaycanın!

 

O qoşa günəşin hərarətilə

Neçə-neçə səhər isinəcəkdir.

O qoşa atəşin hərarətilə

Neçə-neçə əsər isinəcəkdir.

 

Kim ki, vurmamışsa başa yolu da,

Xətri qalacaqdır elə xətirtək.

Ölməz qardaşların qoşa yolu da

Himnə düşəcəkdir iki sətirtək!

 

1989

 

 

Əli Tudənin xatirələrindən kiçik bir hissə

 

Babalarımız hər şeyin təzəsi, dostun köhnəsi demişlər. Lakin qədim poeziyamız unudulmaz əcdadlarımızın köhnə dostu olsa da, müqəddəs ulularımız hər yaranan şeirdən təzə fikir, duyğu, məna ummuşlar. Bizim yeni ruhlu demokratik poeziyamız müasirlərimizin qapısını köhnə dost məhəbbətilə açır, təzə sovqatlar gətirirdi. Bu təzə sovqatlar təzələnmiş insanların təzə düşüncələri, arzuları, əməlləri ilə naxışlanmış təzə misralar idi! Bu misralar dillərdə nə qədər ucalsa da kökləri vərəqləri əprimiş kitablarda deyil, qönçələr yarpaqlanmağa başlayan həyatın özündə idi! Gözəlliyi isə zəhmətkeş insanlar arasında hərarətlə sevilməsində idi!

Milli hökumətin Baş prokuroru Firudin İbrahimi istedadlı jurnalist idi. İctimai-siyasi, ədəbi məqalələrlə mətbuatda tez-tez çıxış edirdi. O, Tehran universitetinin hüquq fakültəsini bitirmişdi. Fransız dilində təmiz danışırdı. Parisdə keçirilən sülh konfransından təzəcə qayıtmışdı. Orda fransız dilində çıxış edib dinləyicilərini heyran qoymuşdu. Firudin İbrahimi "Şairlər və yazıçılar cəmiyyəti"nin iclaslarında fəal iştirak edirdi. Bir dəfə mübahisələr ucbatından iclas gecə yarısı qurtardı. Mən Balaş Azəroğlu ilə iclasdan çıxıb evə gedirdim. Biz bir həyətdə olurduq. Yorulsaq da evdə dincəlməyə tələsmirdik. Geniş xiyabanda Təbrizin ətir dolu təmiz havasını uda-uda aram-aram addımlayırdıq. Axı tüstü-dumanla dolu böyük iclas otağından çıxmışdıq. Birdən kimsə arxadan bizi çağırdı. Dönüb baxdıq. Firudin İbrahimi idi. O da iclasdan çıxmışdı. Dayandıq. Gəlib bizə çatdı. Sonra aramıza girib sol əlilə mənim, sağ əlilə Balaşın qoluna girdi. Xiyaban boyu yanaşı addımlamağa başladıq. Firudin İbrahimi iftixarla bizə: - Sizin bu gün çıxan "Azərbaycan" ruznaməsindəki şeirlərinizi məmnuniyyətlə oxudum. Çox xoşuma gəldi. Mən sizin həm pərəstişkarınızam, həm də təbliğatçınız. Təbrizdə də, Tehranda da, Parisdə də şeirdən söz düşəndə sizdən ağızdolusu danışmışam. Sizin gələcəyiniz parlaqdır - dedi. Sonra başını yuxarıya qaldırıb göydə par-par parlayan on dörd gecəlik bədrlənmiş Aya baxdı. İnamla bizə: - O par-par parlayan Aydan da parlaqdır - dedi. O qürurla dolu dəqiqələrdə nə mənim, nə də Balaş Azəroğlunun xəyalına gəlməzdi ki, İran qoşunu Təbriz üstə yeriyəndə nəyinsə ucbatından mən şəhəri tərk etməli olacağam. Balaş Azəroğlu gizlənəcək. Firudin İbrahimi ələ keçəcək. Azərbaycan xalqının qatilinə çevrilən Məhəmmədrza şah Firudin İbrahimini Təbrizdə dar ağacından asdıracaq. Mən də içimdən yana-yana şəhid dostuma yanğıyla dolu misralar həsr edəcəyəm...

 

Əsərləri XX cilddə.

II cild - səh. 149-150

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!