Möhtərəm Prezident İlham Əliyevin heykəllə bağlı qərarından sonra Dədə Ələsgərin əziz ruhuna ehtiramla
İllər ötür-keçir, tükənmir odun,
Əbədi məşəlsən, Ələsgər baba!
Zirvəyə əbədi yazılıb adın,
Ey ozan-övliya, salam, mərhaba!
Əbədi məşəlsən, Ələsgər baba!
Minlərlə hikmətin atası oldun,
Alagöz dilbərin "buta"sı oldun,
Şeirin, sənətin ustası oldun...
Hüsnünü bəzədi geydiyin əba,
Əbədi məşəlsən, Ələsgər baba!
Hələ də solmayıb vurduğun naxış,
Ruhuna "Fatihə", şəninə alqış!
Bilməzdim "kösöv"dən alov doğarmış...
Müqəddəs sayılmaz hər yanan soba!
Əbədi məşəlsən, Ələsgər baba!
Atəşin nadanı elə qovurdu,
Küləklər külünü göyə sovurdu!
Nahaqqa güvənib, haqqı qovurdu,
Çəkirdi əlindən bir el, bir oba...
Əbədi məşəlsən, Ələsgər baba!
Düyünlər açıldı "ikinci yüz"də,
Çoxları süründü saldığın izdə...
Çoxları qərq oldu coşan dənizdə,
Çoxunu apardı "yatalaq", "vəba"...
Əbədi məşəlsən, Ələsgər baba!
Hər zaman sayıldın zirvələr şahı!
Gərək unutmasın bəndə Allahı.
Odur hər aləmin adil padşahı!
Tanrıya baş əydin, yemədin riba...
Əbədi məşəlsən, Ələsgər baba!
Sirr qaldı dərsini pünhan verənlər...
Haqqa arxalandı haqqı görənlər.
Sənintək bir əsr ömür sürənlər
Hikmətdən geydilər mübarək qəba.
Əbədi məşəlsən, Ələsgər baba!
Nur saçdı cahana neçə pir-ulu:
Seyid Miskin Abdal, Ağ Aşıq, Alı,
Ustadlar ustadı Alı - Şıx Alı...
Allahın ən əziz qulu - "müctəba".
Əbədi məşəlsən, Ələsgər baba!
Oğuz Türk yurdunun Günəşi sənsən,
"Şahdağ"ı, "Göygöl"ü, "Viləş"i sənsən!
Qəlbimin sönməyən atəşi sənsən,
Qığılcım od alır əsdikcə səba,
Əbədi məşəlsən, Ələsgər baba!
Əlçatmaz olsan da, ruhun azaddır...
Möhtəşəm xəbərdən könüllər şaddır;
Sərəncam hər kəsə sevinc yaşatdı!
Uğrunda cəm oldu qohum-əqrəba,
Əbədi məşəlsən, Ələsgər baba!
Simayam, adınla qürur duyuram!
Keçdiyin yollara qədəm qoyuram...
Yanında özümü zərrə sayıram,
Nuruna qərq olub qərib-qürəba,
Əbədi məşəlsən, Ələsgər baba!
08.12.2021

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
