Şeirlər - Sərvaz HÜSEYNOĞLU

 

Mənə gəlsin

 

İlahi, bir qara daşına çevir,

Varsa bir bəlası, qoy mənə gəlsin.

Məni dünyamızın  başına çevir,

Hər qılınc yarası qoy mənə gəlsin.

 

Ən qərib əhvalın, halın yaşayım,

Ölüncə qeydinə qalım, yaşayım,

Nə ki, ağrısı var, alım, yaşayım,

Başına gələsi qoy mənə gəlsin.

 

Lap elə bircə yol, bir anlıq eylə,

Çıxart bir tərəfə, biryanlıq eylə,

Məni İsmayıltək qurbanlıq eylə,

Mübarək sədası qoy mənə gəlsin.

 

Sən məni bir qara daşına çevir,

Lap elə bir körpə quşuna çevir,

Lap elə bir şəhid başına çevir,

Ölümün əlası qoy mənə gəlsin.

 

 

Hər gün

 

Hər gün adam olmaq keçir könlümdən,

Hər gün özgə səmtə çəkirlər məni.

Gah Adəm, gah iblis toxumu kimi

Yenidən bətnimə əkirlər məni.

 

Özünün yazdığın yazıdı, Tanrım,

Mələk də, iblis də məndə yaşayır.

Özün də bilmirsən bu iki xislət

Kimdə unudulub, kimdə yaşayır...

 

Hər gün ömr edirəm bir ayrı adla,

Səmtini itirmiş gəmi kimiyəm.

Sən orda çaşqınsan, mən burda çaşqın,

Özün de, qınayım axı, kimi mən?..

 

 

Nəriman Həsənzadəyə

 

Ağarmış saçıma kövrəldin, ustad,

Mən yalqız halına kövrələn kimi.

Heç nə əvəz etmir, heç nə həyatda

Yanından çəkilib gedən itkini.

 

Ömür diləmişdik, qarşılığında

Ömür diləyənin ömrü yoxuymuş.

Biz nələr qazandıq, nələr itirdik?! -

Bütün yaşananlar demə, yuxuymuş.

 

O gün aramızda sükut yaşadı,

Ağarmış saçıma kövrəldin, ustad.

Dönüb güzgüdəki şəklimə baxdım,

Bir deyən olmadı "ay dadi-bidad"...

 

 

Tələbə yoldaşım Nübara

 

Bu yuxugörmələr canımı alır,

Yuxu görürsənmi sən də, ay Nübar?

Şəhərə gedirəm, səbrim daralır,

Sığışa bilmirəm kəndə, ay Nübar.

 

Gecəm gündüz kimi, gün gecə keçir,

Yaz görüm, səninçün gün necə keçir?

Canımdan min cürə vicvicə keçir,

Belə yaşayarmı bəndə, ay Nübar?

 

Dönərmi qayğısız o günlər geri?

Sinif otağımız... hər kəsin yeri...

Mən yuxu görürəm illərdən bəri,

Gözdə yaş, yanaqlar nəmdə, ay Nübar...

 

 

Nəsə çatmayır

 

Getmək istəyim yox işə, bazara,

Çətin məsələdi bazar da, iş də.

Abrını soyunub qoyasan gərək

Nimdaş çəkmə kimi sən o girişdə.

 

Neynəsən, başında çatlayan çanaq

Sıxılmış paltara çevirir səni.

Ha şax dayansan da, bir qəfil qınaq

Min yerdən sındırıb devirir səni.

 

Sonuncu manattək xırdalanırsan,

Özünə sıxırsan son hikkəni sən.

Sükut heykəlinə dönüb qalırsan,

Bilinmir ölüsən, yoxsa dirisən...

 

Şoru üzə çıxır bazar balının,

Heç kim bircə çimdik şəkər qatmayır.

Deyirsən, necə də gözəldi həyat,

Amma bilirsən ki, nəsə çatmayır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!