İztirab duaları - Səxavət SAHİL

Narselina üçün

 

Birinci dua

 

I

Ağrılarım çevrilir

minnətdarlıq hissinə,

vəfa borcumdur sənə -

hey səslənir dilimdə

iztirab duaları.

 

II

Qara payız yelindən

titrədikcə budaqlar,

edam rəqsi başlayır,

yellənir nar ağacı -

yallı gedir son dəfə.

 

III

Təşəkkür qiyafəli

ah çıxır bu canımdan,

öz xaçını daşıyan

İsa olmuşam indi -

şükranlıq içindəyəm.

 

IV

Son bahar addım-addım

sürünür bağa sarı -

yaşıl yarpağın üstü

infarktlı ürək kimi

qaralır birdən-birə.

 

V

Nə yaxşı bu dünyada

günahımın bədəlin

bəxş edib Tanrı mənə,

mümkündürmü ödəmək

ömrümün sonunadək?!

 

VI

Dolaşır sarı rüzgar

ağacların içində,

gətirdiyi ayrılıq,

bir də ölüm duası -

təsəlli şərabıdır.

 

VII

Bədənimin hər yeri

sızlayır ehtiramla,

dualar əvəzidir

çəkdiyim iniltilər -

sevincidir qüssənin.

 

VIII

Sarı-sarı yarpaqlar

qara torpağın üstə

xalı kimi döşənir -

təzim edir nar bağı

ölümün sərdarına.

 

IX

Günahkar meydanında

açmışam əllərimi -

düşdüyüm bu günaha

duaçıyam min kərə;

şükür, hər bir əzaba.

 

X

Diksinir qaranlıqda

ağzı sarı budaqlar,

qoparıb, yıxır külək,

neyləsin, çarəsizdir

qurbanlıq quzu kimi.

 

XI

Axirət evinədək

düşməyəcək dilimdən,

sonuncu nəfəsim də

iztirab duasıtək

çıxacaqdır ağzımdan.

 

XII

...Vəfa borcumdur sənə,

kədərli xoşbəxtlikdir

iztirab duaları;

bu əzab duaları -

bu savab duaları.

 

 

İkinci dua

 

I

İztirab uzandıqca

acısı şirin olur,

dekabr şaxtasının

altında qalan narın

dadı da şirin olur.

 

II

İztirab uzandıqca

yol ölçür damarımda,

aramla, damla-damla

yayılır bədənimdə

dövr elədikcə qanım.

 

III

İztirab uzandıqca

qaralmış bir nar olur -

qarsıyır ürəyimi,

yanğı çıxır içindən,

çevrilib dua olur.

 

IV

İztirab uzandıqca

ahla dolur nəfəsim,

dualar vərəm kimi

xal salır ciyərimə -

ən yaxın həmdəm kimi.

 

V

İztirab uzandıqca

kəfənlənib, sarınmış

buludlardan keçirəm,

ağ duaya düşürəm -

duman tutur nar bağın.

 

VI

İztirab uzandıqca

zaman çıxır məhvərdən,

dəyişir ölçüləri,

bitir Milad erası -

gəlir dua təqvimi.

 

VII

İztirab uzandıqca

Ay da hər axşam baxır,

nəğmə deyir "Zəbur"dan,

uyuyur ahəng üstə

yaşıl nar ağacları.

 

VIII

İztirab uzandıqca

Sokratın zəhərindən

mən də içmək istərəm,

onsuz, ömür deyilən

şirin deyilmiş heç də...

 

IX

İztirab uzandıqca

hər şey mənasız gəlir.

Taleyinə inanıb

külüylə oynadığın

tüstülənir bu ocaq.

 

X

İztirab uzandıqca

şirə çıxır canından,

bəxtin də qışa dönür -

çürüyürsən qaralmış

nar qabığı içində.

 

XI

İztirab uzandıqca

Susmağa çatır gücüm,

əzaba sevinirsən,

taleyinə baş əyib,

ölümə "can" deyirsən.

 

 

Üçüncü dua

 

I

Nədir məni incidən,

İçin-için göynədən?!

Üzüntüdür, ağrıdır -

sevdalı iztirabdır.

 

II

Çat verib qabığından

qan sızır yanağından;

soyuqdur, noyabrdır -

sevdalı iztirabdır.

 

III

Yoxdu sevincdən əsər;

ölüm çıraqla gəzər,

ulduzlar yuxudadır -

sevdalı iztirabdır.

 

IV

Gecənin bir aləmi

gəlir şərabın dəmi;

nar şərabı duadır -

sevdalı iztirabdır.

 

V

Nisgil deşir bağrımı;

canım daha ağrımır,

ayrılıq bir yaradır -

sevdalı iztirabdır.

 

VI

Yarısarı budaqlar,

yarıyaşıl yarpaqlar,

nar ömrü də yarıdır -

sevdalı iztirabdır.

 

VII

Meh tutanda nar bağın

tez aldadır yarpağı;

uçuşu bir yalandır -

sevdalı iztirabdır.

 

VIII

Əllərimi bu axşam

qaranlığa açmışam,

dua son yalvarışdır -

sevdalı iztirabdır.

 

IX

Qorxduğum bağa gəlir,

ürək durur, təntiyir;

qanım yaman qaradır -

sevdalı iztirabdır.

 

X

Ömürdən nə qalırsa,

sevdalı iztirabdır;

bitir, sona çatırsa,

sevdalı iztirabdır.

 

 

Dördüncü dua

 

I

Çəkdiyim bu iztirab

hədər deyil, biləsən.

Bu da bir xoşbəxtlikdir,

kədər deyil, biləsən.

 

II

Naşükürlük etmirəm,

üstəlik, minnətdaram,

ahu-zarlar içində

yaxşı ki, mən də varam.

 

III

Tökülmüş yarpaqları

nar ağacın göynədir,

onunku da duadır -

budaqları göydədir.

 

IV

Verdiyin bu iztirab

azar deyil, biləsən.

yatdığım qara torpaq

məzar deyil, biləsən.

 

V

Axşamdan düşən şehin

damlası var, iki cüt -

narın yanaqlarında

göz yaşı əvəzinə.

 

VI

Bəlkə qəza-qədərdir

səndən gələn hər nə var?!

yəqin əlindən keçib

alnımda yazılanlar.

 

VII

Alovu, közərtisi

heç dayanmır, sozalmır;

qəfil güllə yeridir,

giziltisi azalmır.

 

VIII

Sərçənin dimdiyi var

qismətində ağ narın,

rəngi qaçıb qorxudan;

içindən ağ qan sızır.

 

IX

Ürək yazır bunları,

əlim deyil, biləsən.

iztirabın betərdir,

ölüm deyil, biləsən.

 

 

Beşinci dua

 

I

Gözə gəldi bu sevda;

fəqət, kimsə bilmirdi.

(Qara rüzgar gətirdi

həsrətin qarasını.)

 

II

Nə üzüntü varıydı,

nə intizar bilirdim,

(Qara rüzgar gətirdi

həsrətin qarasını.)

 

III

Toxunub məst olurdum;

dodaqların narıydı.

(Qara rüzgar gətirdi

həsrətin qarasını.)

 

IV

Ömür sərxoş keçirdi;

qırmızı şərabıydı.

(Qara rüzgar gətirdi

həsrətin qarasını.)

 

V

Ürək döyüntülərim

əllərinə köçmüşdü.

(Qara rüzgar gətirdi

həsrətin qarasını.)

 

VI

Göyərçin barmaqların

qanadlanıb uçmuşdu.

(Qara rüzgar gətirdi

həsrətin qarasını.)

 

VII

Allanan yanaqların

ləçəkləriydi narın.

(Qara rüzgar gətirdi

həsrətin qarasını.)

 

VIII

Gözləri açılmamış

tez apardı baharı.

(Qara rüzgar gətirdi

həsrətin qarasını.)

 

 

Altıncı dua

 

I

Bu yaz çox ağır gəldi,

qızarmadı yanağı -

çiçəkləri qaradır,

bar gətirir qapqara.

 

Mən də nar ağacıyam,

bəxtimiz də eynidir.

 

II

İşartı yox bir damcı,

günahdır ümidlənmək;

çiçəkləri qaradır,

bar gətirir qapqara.

Mən də nar ağacıyam,

bu adamlar içində.

 

III

Qaranlığı gecənin

kəsib yenə yolumu;

çiçəkləri qaradır,

bar gətirir qapqara.

 

Mən də nar ağacıyam,

zülmətin ortasında.

 

IV

İndi nə işıq yanır,

nə də ki, bir it hürür;

çiçəkləri qaradır,

bar gətirir qapqara.

 

Mən də nar ağacıyam,

yolumda div dayanıb.

 

V

Sis çoxalıb, ay batıb,

dan yeri heç görünmür;

çiçəkləri qaradır,

bar gətirir qapqara.

 

Mən də nar ağacıyam

açılmayan səhərdə.

 

VI

Yay çıxıb gedən gündən

vərəqlənmir, oxunmur;

çiçəkləri qaradır,

bar gətirir qapqara.

 

Mən də nar ağacıyam,

duadır yarpaqlarım.

 

VII

Romalı canişinsən

biganəlik hökmündə;

çiçəkləri qaradır,

bar gətirir qapqara.

 

Mən də nar ağacıyam

iztirab çarmıxında.

 

 

Yeddinci dua

 

I

İztirab olan yerdə

həyat axarsız olur.

(Nizamsız düşür axşam,

gecəyə qüssə dolur.)

 

II

İztirab olan yerdə

tez saralır yarpaqlar.

(Budaqda nar titrəyir,

tökülür ayrılıqlar.)

 

III

İztirab olan yerdə

gen gəzirsən hamıdan.

(Şirin olur yalqızlıq,

hamı çıxır yadından).

 

IV

İztirab olan yerdə

qürub erkən görünür.

(Ömür üzüaşağı

ilan kimi sürünür.)

 

V

İztirab olan yerdə

nar kolu bəhrə vermir.

(Qısır qalır arzular,

quruyur, pöhrə vermir.)

 

VI

İztirab olan yerdə

intizar, hey uzanır...

(İntihara zər düşür,

yenə ölüm qazanır.)

 

 

Səkkizinci dua

 

I

Aran şoranlığında

torpaqları andıran,

cadar-cadardır sinəm

iztirabın əlindən.

 

II

Nar bağında gecələr

budaqlar da dillənər,

şeh ələnər üstündən

iztirabın əlindən.

 

III

Əzablar həddin keçib,

ölüm sərhəddin keçib;

kar eləmir ölüm də

iztirabın əlindən.

 

IV

Tez tökülür yarpaqlar,

peşman olur ağaclar,

səslənir Sur indidən -

iztirabın əlindən.

 

V

Zillət girir araya,

duz səpilir yaraya;

qaysaqlamır irindən,

iztirabın əlindən.

 

 

Doqquzuncu dua

 

I

Toranlıq uzun çəkir,

ağrı qoymur yatmağa,

qəfildən bir yel əsir,

tərpənir nar ağacı;

özünü ovutmağa.

 

II

Odissey hiyləsiylə

əzab qopmur yaxamdan,

xəzəllərin səsiylə

sovrulur nar ağacı,

yel başlayır axşamdan.

 

III

Qaralan gözlərimdə

qapqara ay doğulur;

qaranlığın dibində

təntiyir nar ağacı -

qaranəfəs boğulur.

 

IV

İçində ömür sürmək

lənətlənən taleyin;

yarpaq-yarpaq çürümək,

budaq-budaq qurumaq

oyunuymuş fələyin.

 

 

Onuncu dua

 

I

Lütfüdür bu tanrının

nəsib olur, çəkirəm,

verdiyin hər ağrını

su yerinə içirəm.

(Əzablar dua olur...)

 

II

Bu iztirab bal dadır;

səndən gələn bəxşişdir,

içimdə od qalanır -

canımdakı vərdişdir.

(Əzablar dua olur...)

 

III

Dolu vurub qəsd ilə

qara nar tumurcuğun,

baxır elə həsədlə,

kimdənsə kömək umur.

(Əzablar dua olur...)

 

 

On birinci dua

 

I

Ölüm havasındayam...

 

Dadmışam nar şərabın

İsanın badəsindən.

(Əcəlin iztirabın

bəxtimin kəm yerindən.)

 

II

Ölüm havasındayam...

 

Lal axır qara sular;

gümüş tabutlar gedir.

(Göydə qara ulduzlar

məzara yol göstərir.)

 

 

On ikinci dua

 

I

Çox şükür, səndən gələn

iztirab bir qismətdir;

Ölümdən əvvəl gələn

əzab da səadətdir.

 

Avqust-dekabr, 2025

Bakı-Şabran

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!