ANAR
Bir vaxtlar doğmam idi
ad günüm.
İndi ögey olubdu
yad günüm.
Zaman qürbətinə düşməyəydim
kaş, barı.
Qəribistandan betərdir qəbiristan
diyarı.
Ancaq yuxudan gəlir
İydənin yaz qoxusu.
Solubdu, saralıbdı
Yuxuların çoxusu.
İlişməyən qarmaqtək,
Qoparılmış yarpaqtək,
İtirilmiş torpaqtək,
Yada düşürlər bəzən
Gəncliyin ümidləri.
Keçmişin xoş günləri.
Yada düşürlər nələr,
Yandıran xatirələr.
Uzaqlardan səslənir
Həzin, yorğun musiqi.
Son akkorda hələ var.
Axı qarşıdan gəlir,
Novruz bayramı - bahar.
9 mart 2026
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
