Şeirlər - Sahib CAMAL

 

Bənövşən kolunda ölüb qalacaq

 

Üzünə gəlməsə, səni sevənlər,

Sağında, solunda ölüb qalacaq!

Öləcək üzüyün barmağındaca,

Qolbağın qolunda ölüb qalacaq!

 

Görüb açacaqsan sənin özün də,

Açacaq nə desən, çiçək üzündə.

Nərgizin çölündə, lalən düzündə,

Bənövşən kolunda ölüb qalacaq!

 

Sevgim ağlamasa, sevgim gülməsə,

Hər gün sizə gedib, sizdən gəlməsə,

Ürəyim dərdindən ölə bilməsə,

Ayağım yolunda ölüb qalacaq!

 

 

Mənim də sevdiyim qız bənövşədir

 

Baxın yağışına gülən bu yazın,

Birinci çaldığı saz bənövşədir!

Dəlisinə dönən gələn bu yazın,

Çoxu mən özüməm, az bənövşədir!

 

Neçə dərdimizdən keçək, bənövşə,

İkimizə bir dərd seçək, bənövşə,

Duruşu, baxışı çiçək, bənövşə,

Mənim də sevdiyim qız bənövşədir!

 

Bax, o qızın gözü məni tutalı,

Bir azca olmuşam sevgi butalı.

Güneyli-quzeyli, doğu-batılı,

Təpədən-dırnağa yaz bənövşədir!

 

 

Məndə məndən xəbər yoxdur

 

Gedərdim, axı getdiyim

O yerlərdən xəbər yoxdur!

Gedən gün getdi, qayıtmaz,

Gələn gündən xəbər yoxdur!

 

Neyləyirsən məndən gendə,

Nəyi tapmırsan ki məndə?!

Yaşamırsan səndə sən də,

Səndə səndən xəbər yoxdur!

 

Buludlar ki sağdır burda,

Gəl bir yağış yağdır burda,

Bu dağ necə dağdır burda,

Duman-çəndən xəbər yoxdur?!

 

Durmuşdum, niyə çəkdiyim,

Çəkmişdim, nəyə çəkdiyim,

Yerdən o göyə çəkdiyim

Ahdan, ündən xəbər yoxdur!

 

Hər vardan-yoxdan uzağam,

Sanma ki, haqdan uzağam,

Mən məndən çoxdan uzağam,

Məndə məndən xəbər yoxdur!

 

 

Gözümün ən gözəlisən

 

Ara soyuğumun, ara istimin,

Hər iki üzümün ən gözəlisən!

Sönəndə külümün, qara tüstümün,

Yananda közümün ən gözəlisən!

 

Sevgisi tapşırıb o dağı çənə,

Yuvası sevgidir o quşa yenə.

Ürəyimdə sevgim yaşayır sənə,

Dilimdə sözümün ən gözəlisən!

 

Dışda ağ alnımın, içdə bağrımın,

Bir yalanım yoxdur, nə var doğrumun.

Sinəmdə dərdimin, başda ağrımın,

Canımda dözümün ən gözəlisən!

 

Dərdimi üstümə yıxan gözəlim,

Dərdindən açılıb yaxan, gözəlim,

Yolumun üstünə çıxan gözəlim,

Yolumun, izimin ən gözəlisən!

 

Çıx doğ işığına, yax işığına,

Duru suya dönüb ax işığına,

Gözümün gözəli, bax işığına,

Sən mənim gözümün ən gözəlisən!

 

 

Olmuşuq hər şeyi iki bölən, dost

 

Alim dostum İlham Həsənova

 

Dost gəlir, dost olur, dost gedir, olmur,

Axı hamı olmur xoşagələn dost.

Qoy səni həmişə bu cürə görüm,

Ürəyi atlanan, gözü gülən dost.

 

Ayaqla qazmağa yeri hazırsan,

O uca başınla göyü qazırsan,

Tarix oxudursan, tarix yazırsan

Tarixi tarixtək yaxşı bilən, dost.

 

O qarın üstündə o ağa bir bax,

O suyun üstündə o bağa bir bax,

Başını qaldır da, o dağa bir bax,

Var hələ aşmağa neçə bələn, dost.

 

İşıq ver, işığa saç o tarixi,

Qaçır özün ilə, qaç o tarixi,

Sən öz olduğuntək aç o tarixi,

Sənin açdıqların deyil ölən, dost.

 

Sən demə, bulud yox, Sahib buludmuş,

Yağıb da yağıştək, qarı unutmuş,

Sən birləşdir, biz ki torpaqdan tutmuş,

Olmuşuq hər şeyi iki bölən, dost.

 

 

Sinəmin dağını düzünə atdım

 

Gözümü çəkmədim, baxdıqca baxdım,

Gözümü o qızın üzünə atdım.

Sevgimlə bir yerdə, görən gördümü?

Baxışımı baxan gözünə atdım.

 

Yox, dedim, qanımı içəninə yox...

Dərdinə canımı seçəninə yox...

Kül olanına yox, keçəninə yox,

Ürəyimi yanan közünə atdım.

 

Canından oymuşdu Allah sinəmə,

Dərdini soymuşdu Allah sinəmə,

Bir ürək qoymuşdu Allah sinəmə,

Qaytardım, onu da özünə atdım.

 

Baxdı, mənə baxan gözünü seçdim,

Yandı, mənə yanan közünü seçdim.

Dilimin ən yaxşı sözünü seçdim,

Sözümü ona yox, sözünə atdım.

 

Gəlirsən, yanıma gəl, qəmə görə,

Boyuma boy oldum kölgəmə görə,

Dağına çıxmışdım sevgimə görə,

Onu da o dağın düzünə atdım.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!