Şeirlər - Əli NƏCƏFXANLI

 

Sözüm

 

Sözü qüsullaram, çirkə çıxmasın,

İçindən iddia, hikkə çıxmasın,

Elə ona görə, yekə çıxmasın,

Sözlərin içində sədəfdi sözüm.

 

Çoxları arada toz eyləyirlər,

Tikansız sözümü söz eyləyirlər.

Elə bilirlər ki, düz eyləyirlər,

Köntöy həmlələrə hədəfdi sözüm.

 

Yazdığım hər sözün öz cilası var,

Bəlkə beş mənası, beş cinası var.

Anlayan kəslərə etinası var,

Duyan könüllərə tərəfdi sözüm.

 

Canı bir qadına qurban demişəm,

Ömrü söz adına qurban demişəm,

Sözün azadına qurban demişəm,

Gözəllik adına məsrəfdi sözüm.

 

Daş da çiçək açıb söyləyir şeir,

İnsanı ürəkli eyləyir şeir.

Çıxsa da əlimdən ildə bir şeir,

Dünyanın şəninə şərəfdi sözüm.

 

 

Ölməyə dəyər

 

Ürəkdən su içib gəlsə cana söz,

Dolar bircə anda ətə-qana söz.

Yetər ki sən onun mənasını sez,

Söz ətir qoxuyar gülənbər kimi.

 

Mən də butasını almışam sözün,

Gündə qadasını almışam sözün.

Hisini, pasını almışam sözün,

Lampa şüşəsini silənlər kimi.

 

Yazdığım bir kəlmə çiy olsa əgər,

Misralar başına, gözünə döyər.

Sözün də uğrunda ölməyə dəyər

Vətən savaşında ölənlər kimi.

 

 

Laçına gedən qız

 

Bir qız arzuların qanadlarında

Bakını tərk edib, Laçına gedib.

Şəhərli qızların diliylə desək,

Dünyanın o biri ucuna gedib.

 

Bir Laçını seçib quş adlarından,

Quş kimi səkib də, o, şadlanıb da.

İslanıb sevincin gürşadlarında,

Az qala uçuna-uçuna gedib.

 

Günə gülümsəyir, Aydan yaşmanır,

Baxtı yamanlamır, vaxtı daşlamır.

Gül-çiçək içində gəzib xoşlanır,

Çələng hörüb qoyub saçına, gedib.

 

Yaşayır ilboyu baharı orda,

Həyatın dadını çıxarır orda,

Dünyada yermi var yuxarı ordan?

Qovuşub taxtına-tacına, gedib.

 

 

Uşaqlığım

 

Sanki uşaqlığım qızıl balıqdı,

Əlimdən sürüşüb sulara düşdü.  

Sahildə vurnuxa-vurnuxa qaldım,

Könlüm min sorğuya, suala düşdü.

 

Dolaşdım xatirə küçələrində,

Geri dönən deyil, getdi, dedilər.

Ana südü kimi kəsildi o da, 

"Cırtdan" nağılıtək bitdi, dedilər.

 

Onda ad günlərim şad günlərimdi,

Sevincim, fərəhim aşıb-daşırdı.

Demə, hay-haraylı bayramlarımla  

Məndən uşaqlığım uzaqlaşırdı.

 

Gündə "dava-dava" oynamaq mənə

Ən yaxşı məşq idi, ən sevimli iş.        

Bilməzdim, illərcə bitmək bilməyən

Davalı günlərim qabaqda imiş.

 

İndi ad günümdə qəhərlənirəm,

Təbrik edənlərə tutur acığım.

Qayğısız çağlarım hava şarıtək

Çıxıb, birdəfəlik əlimdən çıxıb.

 

Onda həyatımın min rəngi vardı,

Həsrət sarısını geyirəm indi.

Baxıb o illərin şəkillərinə

Eynəkli gözümü döyürəm indi.

 

Hərdən uşaqlığım tutsa da yenə,

Dəli dəcəlliyim çəkir bircə an...

Məni qınayanlar nə bilsin axı,

Doya bilməmişəm uşaqlığımdan?!

 

Vardı sayagəlməz oyuncaqlarım,

Canlı oyuncağam indi mən özüm.

Hardasa ağlayan uşaq görəndə

Ağrıyır ürəyim, yaşarır gözüm.

 

O qatar geriyə qayıdan deyil,

Nəvələr könlümü alır yaxşı ki!

Uşaqlıq xoşbəxtlik adası kimi

Yaddaş xəritəmdə qalır yaxşı ki!

 

 

Məzarlıq

 

Baxır başdaşları göz döyə-döyə,

Ay aman, nə böyük daş meşəsidi.

Yasin sədaları ucalır göyə,

Torpağa təzə bir baş düşəsidi.

 

Adamlar yubanır burda bir qədər,

Sonra da gedirlər ömür sürməyə.

Günaha batmağa çıxıb gedirlər,

Gedirlər, vurhavur vaxt öldürməyə.

 

Kim ki vaxtlı-vaxtsız bura köç edib,

Taleyi tükənib, baxtı dayanıb.

Burda soruşmurlar saat neçədi?

Çünki mərhumların vaxtı dayanıb.

 

Şəkillər duruxub mərmərlər üstə,

Çoxunun çox işi yarımçıq qalıb.

Külək arfa kimi çalır ahəstə -

Darvaza yenə də, bax, açıq qalıb.

 

Hər məzar - bir kövrək, həzin xatirə,

Heykəllər yapılıb bürüncdən, tuncdan.

Deyirlər ki, yağış qamış bitirər,

Burda başdaşları bitir bir ucdan.

 

Sinə daşlarında qərənfil rəsmi -

Saplağı qırıqdı, ləçəyi məhzun.

Qəbristana yağan yağışlar kəsmir,

Yağır, bəlkə yerin gözləri doysun.

 

Gordaşlar baş-başa verib uyumuş,

Burda qəm süslənər, qüssə bəslənər.

Allah, nə ola, bir diliqurumuş

Durun, dağılışın, deyib səslənə.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!