Məktəb (şeir) - Qoşqar QARAÇAYLI

 

Nə vaxtdır baş çəkə bilmirəm sənə,

Gəl səni bağrıma basım, a məktəb...

O gecə yuxumda görmüşəm səni,

De, necə yuxumu yozum, a məktəb...

 

Qartopu oynayıb söylə qırdığım,

Pəncərə şüşəsi yozarmı desəm?

Ya heç ürəyimi əsir götürmüş,

İlk sevgi guşəsi yozarmı desəm?..

 

Nimdaş paltarıma o ağız büzən,

Qəlbimə toxunan qıza deyimmi?

Yoxsa ki payıza, ya şux günəşi,

Canımı isidən yaza deyimmi?

 

Hansı sinifdəki yazı lövhəsi,

Yazsam, bu yuxuma çaş qalar görən?

Eh, hansı müəllim bir çalışmatək,

Oxuyub yuxuma beş verər görən?

 

O şirin günlərin, şirin ayların,

Hansında ilişib qalmışam görən?

Bir yuxu üzündən səni bu qədər,

İncidib, çətinə salmışam görən?..

 

Səndə öyrənmişdim, səndə bilmişdim,

Qayğı bu həyatda nə deməkdisə...

Dostluğa sədaqət, sevgiyə hörmət, -

Sayqı bu həyatda nə deməkdisə...

 

A məktəb, sən mənim dərd ortağımdın,

Sənə söyləyərdim ürək sözümü...

İndi də yanından keçəndə hərdən,

Səndən çəkəmmirəm inan gözümü...

 

Köhnə divarların uçulub gedir,

Ancaq ürəyimdə təzələnirsən...

Yayda səhraları xoşbəxt eyləyən,

Yağıştək ruhuma səpələnirsən...

 

Sənə məhəbbətim tükənməz mənim,

Sənə sədaqətim ömürlükdü bil...

Səni sevmək üçün milyon səbəb var,

Səni sevməməkçün yoxdur bir dəlil...

 

Zənginin səsini eşidən kimi,

Bir həzin nəğməyə dönərdi könlüm...

Pilləkən yuxarı qaçıb çıxardım,

Pozmazdı heç zaman bu şərti könlüm...

 

İlk sevgi məktubum, ilk sevgi şeirim,

İlk xoşbəxt anıma şahid olmusan...

Bəlkə də mən sənin o pəncərəndə,

Sən mənim qəlbimdə şəhid olmusan...

 

Özümə verdiyim ən asan sual,

Hələ tapmadığım cavabımsan sən...

Çiynimdə mələklər sevərək çəkən,

Ən böyük, ən ümdə savabımsan sən...

 

İlk dəfə özümü səndə tapmışdım,

Səndə itirmişdim elə ilk dəfə...

O qədər çox idi arzularım da,

Ömrüm çevrilmişdi qızıl bir rəfə...

 

İndi o günləri xatirələrdə,

Yaşada-yaşada yaşa doluram...

Hər dəfə yuxumda görəndə səni,

Çevrilib yenidən uşaq oluram...

 

...Nə vaxtdır baş çəkə bilmirəm sənə,

Gəl səni bağrıma basım, a məktəb...

O gecə yuxumda görmüşəm səni,

De, necə yuxumu yozum, a məktəb.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!