Şeirlər - Kənan HACI

 

Xəyal yorğunu

 

Gəlin, unudaq üzümüzə gülüb

arxamızca danışanları,

zibil yeşiklərində çörək axtaran yaxşı adamları

xatırlayaq,

dünyanın bütün pisliklərindən uzaq

sərsəriləri...

onların taleyində uçurumtək açılan

tənhalıqdan danışaq,

nəvaziş göstərək

sahildə dolaşan ac köpəklərə,

parklarda yatan avarələrə,

qoxlayaq duzlu Günəşi

sübhün alatoranında,

böyründə şöngüyən köpəyin canında

dənizin vahiməsi,

aclığın zümzüməsi...

hürməyi unudub...

hürməyi unudan köpək kimi

mən də danışmağı yadırğamışam.

Günəş ümid versin bizə,

Günəşə sığınaq

öz işığımızı tapınca...

yorğunluğumuzdan danışaq dənizə,

dalğalar məlhəm çiləsin yaralarımıza,

sonra sahildə iz salsın ləpirlərim,

sonra o taqətsiz köpək

yorğun ayaqlarıyla

naxış vursun ləpirlərimə...

 

 

İppolit

 

Havadan Bakı-Buzovna elektrik qatarının

qoxusu gəlir,

vağzalda heç kəsi gözləməyən,

gedəsi yeri olmayan bir tüfeylinin

yuxusu gəlir,

vaqonda "İdiot"u oxuyan mən

qəfildən Knyaz Mışkinlə rastlaşıram,

çaşıb qalıram...

O zavallı xəbərsizdir

həyatın Roqojin döngəsindən,

nimdaş çantasını sinəsinə sıxıb,

fikrə gedib,

əlimi ona uzadıb deyirəm:

tanış olaq, mən İppolitəm!..

 

 

Qızılbarmaq Fatmanın məğlubiyyəti

 

Biz öz eqomuzun

şüursuz dustaqlarıyıq,

küçə qanunlarıyla yaşayan

məhlə uşaqlarıyıq,

zamanın ögey övladlarıyıq,

rəhmətlik Qızılbarmaq Fatma

nərdtaxtada dalbadal üç dəfə uduzanda

"Kənkan" ləqəbli qəbirqazana,

onda anladım ki, biz həm də

zamana uduzmuşuq, zamana...

Qarının yorğun gözlərində

oxudum bu məşum həqiqəti,

fələyin zərləri gözlərinin solğun işığında

elə hey "dü bir" düşürdü,

Qızılbarmaq Fatma

ona dönük çıxan əllərinə baxıb

söyürdü bəxtini, taleyini,

zərləri,

bir də, əlbəttə, kənkanı...

 

 

Əmək kitabçası

 

Mülayim fevral səhəri,

sübh tezdən oyanmışam,

işə hazırlaşıram

mən bəxtəvər,

toz basmış Əmək kitabçamı

çıxarıram sandıqçadan,

sevincdən uçunur əlimdə,

bəxtimə gün doğarmış mənim də,

"səhər işə, axşam evə tələsən xoşbəxtlər"dən

olacağam,

bu orucluq ayında

kiminsə duası müstəcəb olub,

Qordi düyünü açılıb

taleyimin yaxasında...

Müvəqqəti sığınacaq yerinə bənzəyir

iş otağım,

görəsən, tale mənimlə

zarafat etmir ki?!

 

 

Siqaret tüstüsünün mühasirəsində

 

Qəbir daşları -

kədər ağacları,

torpaq burda daş bitirir,

torpaq burda adamları itirir,

canlı başdaşına dönmüşəm

doğmalarımın məzarı başında;

ağlayan başdaşına...

Söhbətimiz uzun çəkir,

deyirəm, darıxmayın,

bu dünya siz görən deyil,

biz göydələnlər dünyasının

liliputlarıyıq,

smartfonların Novruzəlisiyik,

ötən əsrdən gələn qatarın

biletsiz sərnişinləriyikş

Atamın başdaşından siqaret tüstüsü qalxır,

tüstünün halqası

salır məni kəməndə,

cod səsini eşidirəm:

özünə gəl sən də,

nə görmüsən axı şəhərdə?

qayıt, oğul, qayıt, kəndə...

 

 

Piyadanın vəzirə çevrilməyi

 

Tale nədir?

İnsanın içindəki gizli xəzinə,

çoxları xəbərsiz içində daşıyır

o xəzinəni,

eləcə yaşayır, nəfəs alır yəni,

insan oğlu getmir dərinə,

ömrü qurban verir tənbəlliyinə...

 

Şahmat taxtasıdır həyat,

tale piyadadırsa, sən atlı ol,

vəzirə çevrilsin piyadan,

ömrün sonunda olmayasan mat,

ay evi bərbad!..

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!