Şeirlər - Narıngül NADİR

 

O adam da yox imiş

 

Qaranquşlar uçub gedir,

Çöp yuvası boş qalır.

Dünya dolur adam ilə,

Ürəyimiz boşalır.

 

Baxırsan ki, yarımcansan,

Qüssə səni yeyirmiş.

Baxırsan ki, evin yoxdur,

 Şəhər sənin deyilmiş.

 

O adam da çıxıb gedib,

Bu da sonuncu finiş.

Bəlkə, o qatar da yoxdur,

O adam da yox imiş...

 

Durub deyirsən, ay Allah,

Adam belə tək qalar?

Sonra gözlərin yumular,

Sonra yuxu aparar...

 

 

Ayrılığı ağlayır

 

Ömrümdə səhnə qurulub,

Kimsə məni oynayır.

Kimsə mənim gözlərimlə

Ayrılığı ağlayır.

 

O adama daş atıram,

Mənim pəncərəm sınır.

O adam məni geyinir,

Məni soyunub çıxır.

 

Məndə başqa bir adam var,

Eyni yük daşıyırıq.

Bir darısqal ömrümüz var,

İkimiz yaşayırıq.

 

Tanrım, yeni hesab yaz,

İki nəfər olmayaq.

Birimizi sağ saxla,

Birimiz sıfırlanaq.

 

 

Bu sevgi sülh işidir

 

Bu sevgi tək nəfərlikdir,

Bölürəm, kəsir alınır.

Ürəyimdə döyüş gedir,

Ürəyim əsir alınır.

 

Qəlbimi nişan aldın,

Ən gözəl atıcısan.

Sevinc alıb qəm satırsan,

Ən gözəl satıcısan.

 

Bir ağ göyərçin gətir,

Göyərçin sülh quşudur.

Gedək saziş bağlayaq,

Bu sevgi sülh işidir.

 

 

Bu şəhər

 

Torpağa səcdə edir,

Başını yerə vurur.

Külək tufan qoparır,

Ağaclar namaz qılır.

 

Bu şəhərdə elə bil,

Fəsillər də roldadır.

Yay alov səhnəsidir,

Qış soyuğu oynayır.

 

Burda yaz da dayanmır,

Bir nəfəs alıb keçir.

Quşlar yuva qurammır,

Tez qanad çalıb keçir.

 

Bu şəhər libas kimi,

Biçilib əynimizə.

Tıxacı, basabası

Gəlməyir eynimizə.

 

Axşam yola çıxmazlar,

Səhəri geyin, gedək.

Məni qürbət çağırır,

Şəhəri geyin, gedək.

 

 

Ömür də hesabatdır

 

Biz bir az ağıllıyıq,

Bir az da dəli kimi.

Ömür də hesabatdır,

Vurma cədvəli kimi.

 

Hər şey tərsinə dönür,

Qaranın ağı kimi.

Bir qız saçını yolur,

Söyüd budağı kimi.

 

Bir quş təyyarə kimi,

Uçur göyün üzündə.

Bir gəmi batıb qalıb

Ayrılıq dənizində.

 

Sıxır səni adamlar,

Metronun basabası.

Sonuncu dayanacaq -

Ümid stansiyası.

 

 

Qartopu oynayırıq

 

Bu eşqin yiyəsi yox,

Kimsə gəlməz yasına.

Qol götürüb oynayaq

Ayrılıq havasına.

 

Fələk bizlə oynayır,

Nə olur, mənə olur.

Qartopu oynayırıq,

Mənim pəncərəm sınır.

 

Gedib başa çıxmarıq,

Arzu çox, ömür gödək.

Ağappaq qardı dünya,

Ağ eyləmə, dur, gedək.

 

Ağaclarla rəqs edir,

Külək havanı cızır.

Ürəyim çat veribdir,

Qan sızır e, qan sızır.

 

 

Bu sevgi

 

Ömrü pul kimi xərclədim,

Çoxu gedib, azı qaldı.

Ən gözəl yardır ayrılıq,

Qolunu boynuma saldı.

 

İndi mənim ürəyimdə,

Bir sönmüş ocaq yeri var.

İstəsən gəl, gizlənməyə

Yaxşı künc-bucaq yeri var.

 

Bu sevgi necə qurtardı,

Heç bilmədim necə işdi?

Sən vətəndə, mən vətəndə,

O gedib qürbətə düşdü.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!