Xatirədir, ya nağıl?!
Ayıra bilmirəm xatirələri
sehrkar nağıllardan,
bəlkə kasıb komamıza
leylək dimdiyindən,
ya da uçan xalçalardan düşmüşəm...
bəlkə heç məni ata əkməyib,
ana doğmayıb?!
Hardadır atam,
hardadır anam?..
gəlib çıxsınlar,
mən də çıxım nağıllardan,
onların yolunu gözləyə-gözləyə
bu yaşda uşaq qalmışam,
istəmirəm məni görcək desinlər ki,
oğul, yaman qocalmısan...
Diksinən başdaşıları
Dayım nəvəsi Gülnarənin
vaxtsız ölümünə
Əcəl qapısını pusdu o gecə,
bir qadın ürəyi susdu o gecə,
gözlərim buludu yamsıladı,
doğmalardan daha bir kimsə qalmadı,
sübh çağı analarımızın qoşa başdaşıları
məni görüncə diksindi,
tək onlar gördü göz yaşlarımı...
ömür tikə-tikə bölündü ölümlərə,
sizə deyəcəyim sözlər də öldü,
məni buraxdınız biganələrə,
biz belə danışmamışdıq axı, Gülnarə...
Yuxu körpüsü
Yuxu körpüsündə
səni gördüm,
bu taya keçə bilmirdin...
Günəş tuneli
Sükutdan özümə ümid düzəltdim,
üzlərdəki təbəssümlərdən işıq,
günəşi, hara getsəm, apardım özümlə,
yalanlara inandım bilərəkdən,
xoşbəxt edir adamı
yalanlara inanmaq,
evsiz günlərimdə
xəyal başım üstə çadırım oldu,
yuxularla isindi
soyuq yatağım,
Ayı qucaqlayıb yatdım,
yorğanım oldu ulduzlu göylər,
günəş yenə səhəri gətirdi mənə,
günahlarımdan arındım,
cəza evi idi
sahildəki o tənha daxma,
yenə sahildəyəm,
hündürmərtəbəli binada,
yadıma düşür o daxma, o adam,
indi nə o daxma var, nə də o adam,
günəş yenə də mənimlədir...
Sabun
Əllərimdən sürüşür,
özündən qaça bilmir,
formasını itirdikcə
təmizlənir əllərim,
köpük - yox olmağın ağ dəlili,
ömrü əllərə xərclənir -
təmizliyə...
su şırnağı altında
bitib tükənir,
o əridikcə əllər çiçək açır,
yoxa çıxana qədər
əllərimdən elə hey qaçır,
qaçır yoxluğa...
Yaşıl təsəlli
Tut ağacında uşaq səsləri,
yayın sərin mehi,
tutun şirinliyi,
yarpaqlar ağacdan qısa ömürlərilə
şəndirlər,
budaqlarda uşaq səsləri bal dadır...
kölgəsi ömrün xəritəsində
quş dimdiyi boydadır,
hər zaman mənimlədir
o qədim kölgə...
nə vaxt yorulsam,
istirahət yerim bəlli;
o kölgədə dincəlirəm,
bu da yorğun bir ömrə
yamyaşıl bir təsəlli...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
