Əzizim Azər Turan! Sənin Hadi haqqındakı dəyərli yazını elə indicə oxuyub, çox təsirləndim. Hadi mənim üçün sirli-müəmmalı qalmış bəxtsiz, nakam bir şairdir. Onu yaxşı bilmədiyim, tanımadığım üçün ürəyimdə həmişə bir Hadi göynərtisi duymuşam; lap erkən yaşlarımdan. Bilgisizliyim ucbatından həmişə özümü onun ruhu qarşısında günahkar və borclu bilmişəm. Bu hissdən hələ də qurtula bilmirəm. Sənin dəyərli yazındakı çoxu mənə yalnız indi məlum olan gerçək fərziyyələr, eyni zamanda sənin haqlı olaraq inanmaq istəmədiyin "sovetlərdənqalma şübhəli faktlar" məni xeyli düşündürdü... Vaxtilə (birincini 24 yaşımda, ikincini, deyəsən, 46 yaşımda) yazdığım iki şeiri sənə göndərirəm. Çap üçün yox (bu şeirlər bir neçə dəfə çap olunub), belə deyim: sənin yaddaş arxivin üçün. Təbii ki, mən bu şeirləri yazanda sənin yazındakı qiymətli əsaslandırmalardan bixəbər idim. Amma yazını oxuyanda həmin şeirlər yadıma düşdü, düşündüm ki, onları sənin kimi dəyərli söz adamına - Hadi sevdalısına göndərməklə Hadinin ruhu qarşısındakı mənəvi borcumu nisbətən yüngülləşdirmiş olaram... Sayğılarımla, Mahir N.Qarayev... 16 fevral 2026
Məhəmməd Hadiyə
Yerdəsənsə əgər - yerin hardadır?
Göydəsənsə əgər - gorun hardadır?
Ordasan,
burdasan,
hardasan, ustad? -
nataraz dünyanın sən harasında?
Yerin altındasan, ya göyün üstdə,
yoxsa yerlə göyün tən arasında?
Şamında,
Reyində,
Xorasanında -
ya yoxsa bir ayrı xarabasında?
Öləndə gözünü yuman oldumu?
Daddımı qəmindən kimsə bir qədər?
Göylərdən mərhəmət uman oldumu? -
Üzü göylərəmi dəfn elədilər?
Yerə taran olub girə bilmədim,
Ha çıxmaq istədim göyə... bilmədim!
Ha çapdım,
ha yortdum -
bu gündən sabaha keçə bilmədim;
köhnə əsrlərin daş-qayasında
ayağı çarıqlı, əli çıraqlı
ha gəzdim, ha baxdım, seçə bilmədim...
Hardasan,
hardasan,
hardasan, ustad?!
Neçə təpə keçdin,
neçə dağ aşdın,
hansı yolla getdin - çatılmaz oldun?
İlim-ilim itən iynələr kimi
hara batırdılar,
necə itirdilər - tapılmaz oldun?
Kim çapdı, kim qopardı?
Kim qapdı, kim apardı?
Allahı
bu qədər gəzən, axtaran -
Vallah, çoxdan tapardı,
Billah, yoxdan tapardı!..
Ha qaçsaq,
ha yortsaq,
nə desək, nə sorsaq -
bilən yox Tanrının sınağı nədir,
görən yox dünyanın sabahı nədir...
Bir dəstə çiçəyə nisgil qalmağa
Bir qarış torpağın günahı nədir?..
Şeir bazarı
Azğın soyuq
göy üzündə səfil-səfil dolaşan
ruhları da qısnayanda məzara -
şair Məhəmməd Hadi
şeirlərini çəkmişdi bazara.
Bir cüt tərəzi gözü kimi
Tanrının əlləri enmişdi yerə:
Tanrının sol əlində
oturmuşdu Məhəmməd Hadi -
Ürəyinin başından qoparıb
Tanrının sağ əlinə atırdı şeirlərini.
Şeirlərin odu
isidirdi Tanrının sağ əlini,
Tanrının sol əlində
soyuqdan donurdu Məhəmməd Hadi...
Eləcə oturmuşdu, baxırdı -
qəhərini güclə boğur, boğulurdu;
tərəziyə atılırdı,
tərəziyə qatılırdı şeirləri,
isti təndirdən çıxan buğda çörəyi kimi
buğlana-buğlana satılırdı şeirləri...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
